Yanvarın 4-ü saat 18-də mənim də iştirak etdiyim baş əməliyyat müşavirəsində hər şey rəsmi şəkildə qeyd olunsa da, artıq planı bilirdim. Horadizə böyük desant dəstəsi çıxarmaq ərazini almaqla yanaşı, həm də strateji yolları kəsərək bizim hücum edən qüvvələrin irəliləməsini təmin etmək idi. Mən bu təklifi ilk dəfə eşidəndə keçirdiyim hissləri indi heç cür ifadə edə bilmirəm. Doğulub boya-başa çatdığım bu qəsəbənin düşmən tərəfindən yandırılıb dağıdılaraq nə günə düşdüyünü artıq yanvarın 2-də görmüşdüm. Təklif əmr formasında müşavirədə deyilsə də, hamımız bunun nə dərəcədə rikli olduğunu başa düşürdük. Bu səbəbdən mən bizim müharibənin öyrətdiyi acı təcrübəni nəzərə alıb briqada komandirinə bircə sual vermişdim: “Ərazini neçə saat saxlasaq, sizin ora çatmağınıza bəs edər?” “Dörd saat. Səhər 7-də əməliyyat başlayır, saat11-də qoşunlar sizin yanınızdadır”. Cavab mənim üçün qaneedici idi. Doğrudur, sonradan bu müddət iki dəfə uzanmışdı. Qoşunlar Horadizə çatanda saat 15-i ötmüşdü. Amma yenə də 8 saata belə bir böyük ərazini işğaldan azad eləmək həmin dövr üçün “ildırım surətli” plan hesab olunurdu. Plana görə Böyük Bəhmənli, Araz Yağlıvənd kəndlərini və Ocaq daşı deyilən möhkəmləndirilmiş dayaq məntəqəsi kimi düşmənin faktiki arxa zolağına Adil Balaşovun və Vahid Balakişiyevin dəstələri çıxarılmalıydı. Bu məqsədlə hələ Seyfəlidə əsasən yerli döyüşçülərdən təşkil olunmuş bu bölüklərin “yaşıl cığırdan” keçirilməsi ən sonda baş verməliydi. Amma belə geniş bir əməliyyat üçün bu iki nöqtənin işğalı bəs eləmirdi. Şükürbəyli döngəsi deyilən Bakı-Laçın yolunun bu nöqtəsinə yolları kəsmək məqsədiylə dəstə çıxarmaq zərurəti yaranmışdı. Belə geniş əməmliyyata xüsusi hazırlanmış şəxsi heyət tələb olunurdu və mənim 50 nəfərlik bölüyüm təbii ki, kifayət etməzdi. Bunu nəzərə alaraq komandanlıq belə qərara aldı: Zəngilan alayının buraxılmış bir bölüyünü Səhyəddin adlı gənc bir leytenantın başçılığıyla Horadiz əməliyyatı üçün mənə verirlər. Plana görə əvvəlcə mən özümün seçdiyim 20 nəfərlik dəstə ilə cəbhə xəttini keçməliydim. Bizdən sonra bizim bölüyə seçilib verilmiş 60 nəfər və mənim hazırladığım 30 nəfərlik kəşfiyyatçı qrupu da bizə qoşulmalıydı.
Qərargah rəisi mərhum Akif Məmmədov divara bərkitdiyi xəritə üzərində hamının vəzifələrini qısa və aydın şəkildə göstərəndə oturanların hamısında bir bayram əhval-ruhiyyəsi var idi. Buna baxmayaraq, hər şeyin belə xəritədə olduğu kimi hamar olmayacağını düşünürdüm. Mənim keçəcəyim yolları nəzərə alıb dərhal müşavirə bitməmiş yola çıxmağı qərara aldıq. Saat 20-də mən cəbhə xəttində Zəngilan bölüyü döyüşçülərinin bir-bir keçməsinə nəzarət edirdim. Əlbəttə, sülh vaxtı bu yolu Horadizə 3-4 saata qət etmək olardı. Amma indi təhlükəli yerlərdən sürünərək keçmək, hər yerə nəzər salmaq, bir çox yerlərdə vəziyyəti öyrənənədək gözləmək lazım gəlirdi. Oxşəkilli hərəkət nə qədər çətin olsa da, 10 saatdan sonra artıq Horadizə yaxınlaşmışdıq. Əməliyyatın başlamasını və havanın işıqlanacağını nəzərə alıb səhər saat 7-də Horadizin üstündəki yüksəkliklərdə Sovet dönəmindən qalma təlim səngərlərində yerlərimizi tutmaq üçün suvarma kanalının üzərində qurulmuş ensiz metal körpüdən keçib, avtomobil yolundan adlayıb bir-bir yüksəkliyə dırmaşırdıq. Mənim 20 nəfərlik kəşfiyyat qrupum kanalda və avtomobil yolunda keçidin təhlükəsizliyini təmin etmək məqsədiylə ətrafı tutmuşdular.
Bu zaman bizim arxamızda, köhnə ferma tərəfdən şübhəli səslər eşidildi. Ardınca fermadan bir-birinin ardınca çıxan düşmən əsgərlərinin möhkəm səs-küylə ətrafa səpələndiyini görüb qolumdakı saata baxdım. Saatın əqrəbləri 06:52-ni göstərirdi. Əməliyyatın başlamasına 8 dəqiqə qalırdı. Zəngilan bölüyünün yüksəklikdə öz yerini tutduğunu nəzərə alıb döyüşü qəbul etdim və ilk olaraq atəş açdım. Bir azdan reaktiv artilleriyanın atəş səsləri və səmadakı parıltısı artıq saatın 7:00 olduğunu və hücumun başlandığını xəbər verirdi.
Mövqelərimiz əlverişli olduğundan düşmənə əsaslı itki verə bilmişdik. Bu zaman Arayatılı tərəfdən tankın asfalt yolla irəliləyib magistrala çıxdığını eşitdik. Biz əvvəlcədən bu texnikanın burada ehtiyatda olduğunu bilirdik və məlumatlarımızda bu fakt öz əksini tapmışdı. Amma magistrala çıxan tank əvvəlcədən fikirləşdiyimizin əksinə olaraq cəbhə xəttinə deyil, bizə doğru hücum etdi. Nərimanın atdığı qumbara hədəfə dəyməsə də, tankçı təcrübəli olduğundan qaranlıqda bizə qarşı zəif olduğunu bildiyindən hücumu dayandırıb geriyə – cəbhə xəttinə doğru sürət götürdü. Düşmən əsgərləri yaralıları götürüb Suxadol dərəsi boyu üzüyuxarı çəkildilər. Hava işıqlananda asfalt yolun üstündə döyüş vəziyyətində qurulmuş dörd ədəd qaubitsa tipli topun və onların hər biri üçün nəzərdə tutulan MTLB tipli dartqının dayandığını görəndə bizimlə döyüşən əsgərlərin bu batareyanın şəxsi heyətindən olduqlarını anladıq. Cəbhə xəttindən buradək olan məsafəni nəzərə alsaq, bunların ikinci ehtiyat eşalonu olduqları bilinirdi. Mən öz qrupumu götürüb ərazidə panika yaratmaq və hücumun effektini artırmaq məqsədilə böyük bir ərazidə manevr etməyi qərara aldım. Risqli olsa da, məni bu qərara həm hücuma keçən qüvvələrin gec gələ bilməsi ehtimalı, həm də Zəngilan böyülüyünün zərər çəkməsi qorxusu vadar edirdi. Əməliyyatın gedişi mənim bu qərarımın doğru olduğunu göstərdi. Belə ki, dörd saata planlaşdırdığımız desant əməliyyatı səkkiz saat davam etsə də, bizim manevrimiz sayəsində düşmən Zəngilan bölüyünü mühasirəyə almağa imkan tapmadı. Onlar Bakı-Laçın avtomobil yolunun Horadiz sahəsini səkkiz saat saxlayaraq, vəzifələrini şərəflə yerinə yetirdilər.
Saat 8:30 idi. Əməliyyatın başlanmasından saatyarım keçirdi. Dəstəni yenidən qruplaşdırıb Horadizdəki məşhur pambıq zavoduna doğru irəliləmək əmri verdim. Buradakı uşaq bağçasının zirzəmisində bütün əlavə əşyalarımızı və isti gödəkçələrimizi gizlədib operativ manevr amacıyla MİS deyilən yerdən qəsəbəyə daxil olduq...