Son dəfə onunla görüşə gedəndə durumu heç də ürəkaçan deyildi. Buna baxmayaraq yenə də özünü sındırmırdı. Ona ürək-dirək vermək istədim. Fikrimi anladı, məni sakitləşdirməyə çalışdı: "Allah mənə sizin kimi yoldaşlarla birgə döyüşmək şərəfini qismət edib. İnsan üçün bundan şərəfli nə ola bilər ki?"
Heç təsəvvür etməzsiniz ki, bütün bunları görmək və eşitmək nə dərəcədə dözülməz idi. Ağır günlərdə bir-birimiz üçün sinəmizi güllə qabağına verən bizlər, indi gözümüzün qabağında ürək xəstəliyindən əziyyət çəkən, igidliyiylə ad çıxarmış bu qəhrəman oğula heç bir köməklik edə bilmirdik. Acizlik və imkansızlıq reallığını qəbul etməklə, utanıb özümüzü və "dövran" adlandırdığımız səbəbkarı söyməkdən başqa əlimizdən heç nə gəlmirdi.
Onu müalicə elətdirmək üçün üz tutduğumuz Bakı xəstəxanaları bəlkə də heç vaxt belə qələbəlik görməmişdi. Yatdığı palatalarda döyüş yoldaşlarının əlindən digər xəstələrin rahatsız olması adi hala çevrilmişdi. Təəssüf. Müharibənin ürəyinə vurduğu fiziki-mənəvi yaraların müalicəsi mümkün olmadı. Amma olmalıydı, sadəcə, maddi imkansızlıq sonda öz sözünü dedi. Keçmiş icra başçısının qapı-qapı düşüb pul yığmaq təklifi onu bərk sarsıtmışdı. Xasiyyəti heç də adından geri qalmırdı. Dağlar kimi qürurluydu Qafqaz. Sağalıb yaşasaydı, kiminsə ona minnət qoymasını heç vaxt qəbul etməzdi Qafqaz.
Yaxşı deyiblər, ömür mənalı yaşanıbsa, ölüm də mənalı olur. Döyüş yaralarına görə atəşkəsin 20-ci ilində şəhid olmuş bu igidin ölümü cəmiyyətdəki sosial, mədəni və mənəvi qüsurların üzə çıxması baxımından çox mənalı və həm də düşündürücü idi. Hətta onu son mənzilə yola salanda da insident yaşandı. Axşamdan səngər dostlarının ölüm eşidib yaxından və uzaqdan gələn döyüşçü yoldaşları Füzulinin Bala Bəhmənli kəndinə toplaşmışdılar. Şəxsən mən ömrümdə bu qədər müharibə iştirakçılarının bir yerdə kiminsə dəfnində iştirakına şahidlik etməmişəm. Hamı göz baxa-baxa itirdiyi yoldaşının qarşısında duyduğu vicdan yükünü heç olmazsa onu son mənzilə öz çiyinlərində yola salmaqla bir az yüngülləşdirmək istəyirdi. Amma sən demə, mərhumu maşına qoymadan çiyində aparmaq burada kənd mollası tərəfindən qoyulmuş qaydanı "kobud şəkildə pozulması" deməkmiş. Bir onu bilirəm ki, molla "Məni öldürün, amma bu kəndin qaydasını pozmayın" sözlərini 1992-ci ildə deyə bilməzdi. O vaxt belə absurd və zərərli "qayda"lara yer yox idi.
Hamımızın Qara Qafqaz kimi tanıdığımız Gülmalıyev Qafqaz Hilal oğlu ilk könüllü döyüşçülərdən olub doğulduğu kənddən cəbhə xəttinə yola düşəndə çoxları müharibəni bir "gizlənpaç" oyunu sanırdı. Mən onunla ilk dəfə Məlikcan döyüşündə görüşdüm. Elə həmin vaxtdan bu arıq, ucaboy, qarayanız gəncin ( o zaman hamımız gənc sayılırdıq) səmimiliyi və qorxmazlığı məni valeh eləmişdi.
Bütün tarixi sənədlərdə Məlikcan kəndi alınmaz qala kimi təsvir edilir və qeyd olunur ki, hətta 1918-ci il döyüşlərində türk-islam ordusu da buranı ala bilməmişdi. Yaxınlıqdakı "türk səngəri" kimi tanınan istehkam qalıqları da həmin döyüşlərin nişanəsi olaraq göstərilirdi. Amma Qafqaz kimi igidlərin sayəsində bu "alınmaz qala"nı almağa bizə bir neçə dəqiqə kifayət etmişdi.
Sonralar biz Qafqazla bir yerdə Qırmızıbazar, Gülmətəpə, Qızılqaya ,Məngələnata kimi əməliyyatlarda iştirak etdik. O, Muğanlı döyüşündə ikinci dəfə ağır yaralandıqdan sonra Ələt hospitalında müalicə olunurdu. Hospitaldan çıxandan sonra Bakıda təsadüfən görüşdük. Onun tam sağalmadığını biləndə "indi nə etmək fikrindəsən?" deyə soruşdum. Bir qədər təəccüblə "Birbaşa rotaya gedirəm" deyib yenidən döyüşlərə atıldı. 1992-ci ilin hücum əməliyyatlarından sonra 1993-ün ondan da ağır müdafiə döyüşlərində Ərgünəşdən Araza qədər hər kənd, hər yüksəklik uğrunda gedən ölüm-dirim savaşları bu adamı nə fiziki, nə də mənəvi cəhətdən sındıra bilmişdi. Amma qəlbi də, qüruru da adı kimi olan Qafqaz sınmasa da, itirilmiş mövqelər və şəhidlik zirvəsinə yüksəlmiş dostların yoxluğu onu da sarsıtmışdı. Möhtərəmin, Zakirin ,Cəmilin ölümü ona daha çox təsir edirdi. İllah da Cəmilin həlak olması onun qəlbində sağalmaz bir yara vurmuşdu. 1993-cü ilin 15 avqustunda Şayax yüksəkliklərindən Qızılqayaya kimi geniş bir ərazidə kütləvi hücuma keçən düşmən qüvvələri iki gündən çox davam edən ağır döyüşlər nəticəsində bizim bəzi mövqeləri götürə bilmişdilər. O günlər hər qarış torpaq uğrunda döyüşlər gedirdi. Rabitəçı "Günəş"in məni çağırdığını bildirdi. Bu, Qara Qafqazın çağırış kodu idi. O, Cəmilin həlak olduğunu və onun mövqeyinin düşmən tərəfindən alındığını bildirib meyidi oradan çıxartmaq üçün əks-hücum məqsədiylə ona kömək göstərməyimi istəyirdi. İndi danışmağa nə var ki? İndi hamı qəhrəmandır. Amma həmin anda mən ürək ağrısıyla Qafqaza "Heç kim yoxdur, özün bir şey fikirləş" deyəndə o hər şeyi başa düşdü. Sürücü Sahib kişidən tutmuş rabitəçilərə kimi, aşpazlar və həkimlər də daxil olmaqla hamı bir nəfər kimi əldə silah döyüşürdü. Səməd həkim elə səngərdəcə yaralıları qəbul edib tibbi yardım göstərirdi. İki aydan artıq davam edən fasiləsiz döyüşlərin nəticəsində biz ehtiyat qüvvəsi olmadan döyüşmək məcburiyyətində qalmışdıq.
Bütün bunları görmək, anlamaq və mövcud durumla barışmaq Qafqaz kimi məğrur igidlərin qəlbini necə sarsıtmaya bilərdi ki?
Öldürüb gətirdiyi düşmən zabitinin meyidiylə dostunun meyidini dəyişmək planı heç cür alınmadı. Bu məsələ onu daha da qaradinməz etmişdi.
Amma ondan danışarkən Cəmili xatırlamamaq olmur. O Cəmili ki, bölük starşinası ola-ola həm döyüşdə qabaqdaydı, həm kəşfiyyatda.
İki gün sonra, avqustun 17-də Ələsgəri də itirdik. Qafqaz üçün dərd dərdin üstünə gəlirdi. Ələsgər doğma kəndi Yuxarı Əbdürrəhmanlını düşməndən qorumaq üçün özünü fəda etdi. Onun meyidinin tapılması və düşməndən alınması bütöv bir kitabın hekayəsi ola bilər.
Heç bir qanunun işləmədiyi, intizamsızlığın hökm sürdüyü, əvəzində düşmənin bütün cəbhə boyu nizami qüvvə ilə hücuma keçdiyi bir dövrdə düşməni durdurmaq, onun daha çox ərazi işğal etməsinin qarşısını almaq Qafqaz kimi oğulların hesabına mümkün oldu. Bu ağır döyüşlərdə düşmənin yandırılmış texnikası və məhv edilmiş canlı qüvvəsi sonrakı irəliləmələrin qarşısını aldı.
Amma bütün bunlar olmasaydı da, tək elə bir Horadiz əməliyyatının iştirakçısı olduğuna görə Qafqazın ürəklə "Mən Vətən üçün nəsə etmişəm" deməyə haqqı çatırdı. Təkcə ona görə yox ki bu əməliyyat nəticəsində böyük bir ərazi düşməndən azad edilmişdi, həm də ona görə ki, igid Azərbaycan əsgəri qısa zaman ərzində uğurlu hücum aparmağa qadir olduğunu bir daha sübuta yetirmişdi.
Sonradan Eyvazın, Xanalının və neçə-neçə digər döyüş yoldaşının ölümü onu daha da sarsıtdı.
Yarıb sən köksümü baxsan, qəlbimdə
Yəqin neçə-neçə yara görərsən.
Hər biri bir dostu itirdiyimdə,
Duyduğum ağrıdan qalmışdı məndə.
Onun həyatı da bizə çox şey dedi, ölümü də. Tanrı insanı saxlayanda saxlayır. Qafqazı da bir müddət saxladı. Ona övladlarını birtəhər bir yana çıxarması üçün möhlət verdi.
Qafqaz sədaqət örnəyi kimi həmişə nəsillərin qəlbində yaşayacaq. Mən buna əminəm. O, əlilliyinə və ağır xəstəliyinə baxmayaraq özünü deyil, cəbhə yoldaşlarını fikirləşirdi, özünün yardıma ehtiyacı olduğu halda bizlərə yardım etməyə çalışırdı. Üç körpə qızı qalmış dostu Cəmilin ailəsini heç vaxt unutmadı, daim onlara qayğı göstərdi. İşə, taleyə bax, 20 ildən sonra Qafqazın oğlu Cəmilin kiçik qızı ilə ailə qurdu.
İnanıram ki, nə vaxtsa, səxavət dedikdə Hatəmi, gözəllik dedikdə Yusifi nümunə gətirdikləri kimi, sədaqət dedikdə də Qara Qafqazın adını xatırlayacaqlar.