
A-dan Z-yə
–Hopbala, o vaxtlar hüquq fakültəsinə girmək bir müsibət idi, sizsə həmişə ordan qaçmısız?
–Beş il universitet auditoriyalarında uzun illər həsrətində olduğum ixtisasa yiyələnəndən sonra bölgü məsələsi, daha doğrusu, problemi başladı. Arxayın idim ki, təcrübə keçdiyim Azərinformbüro təyinat vaxtı mənə tələbnamə verəcək. Belə arxayınçılığıma əsasım da vardı. Bütün ixtisas fənlərindən və təcrübələrdən, tərcüməçi ixtisası ilə bağlı yazdığım diplom işindən “əla” qiymətlər almışdım. İstehsalat təcrübələrimi burada keçirmişdim. Ən əsası isə, gələcəkdə işə götürülməyimə büro rəhbərliyinin zəmanət verməsi şərti qoyulmaqla, yay tətillərində, istirahətə getmədən burada qalıb, əmək haqqı belə almadan, idarənin məzuniyyətdə olan işçilərini əvəz etmişdim. Lap əsası isə bu idi: mənə söz vermişdilər. Bununla belə, bütün sadalananlar birlikdə təyinat məsələmə kömək etmədi. Əsgərliyə çağırış məsələsi ilə bağlı qarşılaşdığım etinasızlıqdan sonra bu hal həyatımda ikinci daha təsirlisi oldu.
Qısa danışacağam. Təyinatımı öz rayonumuza yazdırdım. Rayonda jurnalist təhsilli kadrların lazım gəldiyindən çox olması yeni problemlərə şərait yaratdı. Təyinat müddətindən üç ay ötəndən sonra redaksiyada mənə bir təhər korrektor yeri düzəltdilər. Üç il korrektor işlədim. Sonra müxbir işləmək imkanı yarandı və iki il də müxbir işlədim. Təsadüfi tanışlıq sayəsində Bakıda iş yeri düzəldi. Əvvəlcə çoxtirajlı qəzetdə müxbir işlədim və bir il sonra mənə Avtomobil Nəqliyyatı Nazirliyində qəzet açmaq tapşırıldı.
Bakı Şin zavodundan əsgərliyə çağırıldım. Jurnalistika fakültəsinə daxil olmaq başımı elə xarab etmişdi ki, çağırış kağızını gözləmədən, demək olar ki, hər gün o vaxtkı Oktyabr Rayon Hərbi Komissarlığına gedib-gəlməyə başladım. Tələbim də bu idi: tez olun, məni əsgərliyə aparın!!! Komissarlığa o qədər tez-tez gedib-gəlirdim ki, birinci hissə komandirindən tutmuş, ta sıravi işçilərədək, hamı məni tanıyırdı. Əl çəkmədiyimi görüb bir neçə gündən sonra dedilər ki, gəl içəriyə, sənədlərini olan qovluğu tap ver, səni elə bu gün göndərəcəyik əsgərliyə. İndi kimə desən, inanmaz. Əlifba sırası ilə düzülmüş qovluqların arasından çətinlik çəkmədən öz qovluğumu tapdım. Komissarlığın işçiləri isə sözlərinə əməl etmədilər: həmin gün məni yola salmadılar, səhər tezdən gəlməyim üçün mənə çağırış kağızı verdilər. Dünyanı doğru görməyə çalışan adam üçün bu, yaxşı hal deyildi. Verdiyi sözə əməl etməyəndən xoşum gəlmir.Əsgərlik həyatımın maraqlı hadisələrlə zəngin olmasına baxmayaraq, bunun bəhs etdiyimiz mövzuya elə bir aidiyyatı olmadığını nəzərə alıb xidmət etdiyim iki ili xatırlamağı lazım bilmirəm. Lakin danışdıqlarımın sonrakı məqamlarında xatırlanacağı üçün bir məsələni qeyd etməyi vacib sayıram: yüksək səviyyəli hərbi xidmətə çağırıldığımdan cəmi altı ay sonra adımın hərbi hissənin “Əlaçı əsgər” lövhəsinə düşməsinə, xidmət etdiyim raket-artilleriya hissəsinin idarəetmə pultunda oturmağıma, özü də sıravi əskər ola-ola zabit vəzifəsi yerinə yetirdiyimə görə ordudan ehtiyatda olan zabit kimi tərxis edildim. Bu məqamı xatırlatdığıma görə oxucu qoy məni qeyri-təvazökarlıqda suçlamasın.İki illik icbari hərbi xidmətin necə çətin olmasını əsgərlik çəkənlər yaxşı bilirlər! Öndə qeyd etdiyim kimi, ordudan ehtiyat zabit qayıtmağımın mənə ziyanından və belə demək olarsa, xeyirindən sonrakı hadisələrdə söhbət açılacağını nəzərə alıb bu məsələni bir qədər qabartmağı lazım bildim.
–Daha sonra nələr oldu?
–Böyük Allah yol açandır, adildir, rəhmdildir! Təki sən ürəyinlə, qəlbinlə, bütün varlığınla onunla ol! Belədə həmişə kiminsə köməyini arxanda hiss edəcəksən. Əsgərlikdən qayıdıb heç rayona evə getməmiş mənə məsləhət bildilər ki, yolüstü bir Universitetə də dəyim. Fikirləşdim ki, ilin bu vaxtında mənim Universitetdə nə işim var?! Qəbul vaxtı deyil ki... Gedib həmyaşıdlarımı tələbə kimi görüb onlarla yanaşı olmadığıma görə məyus olacağam. Yaxşısı budur, birbaşa çıxım gedim evimizə. Lakin hansısa daxili bir qüvvə məni Universitetə tərəf çəkir, istəyib-istəməməyimdən asılı olmayaraq ayaqlarım həmin istiqamətə doğru yönəlirdi. 1970-ci il, yanvar ayı. Bu vaxt yalnız naşı adam tələbə qəbulundan danışa bilər. Bununla belə, bir də gördüm ki, o vaxt Universitetin yenicə istifadəyə verilmiş korpusunun ikinci mərtəbəsindəyəm. Bir məsələni də qeyd edim ki, müasir dövrün oxucuları təəccüblənməsinlər. O vaxtlar nə ali təhsil müəssisələrinin, nə nazirliklərin, nə zavod və fabriklərin girişində, bir sözlə, heç bir qapıda indiki kimi polis, mühafizə və s. görməzdiniz. Ali təhsil müəssisələrində, yalnız qəbul imtahanları zamanı, giriş qapısında qolunda qırmızı lent olan adi tələbə dayanardı. Başqa heç kəsə rast gəlməzdin. Yenə də qeyd edirəm, yalnız qəbul imtahanları zamanı.
Qeyri-ixtiyari olaraq özümü rektorun qəbul otağının qarşısında gördüm. İçəriyə girər-girməz qəbul otağında oturmuş gənc gülərüz qadın məndən soruşdu:
–Sənəd gətirmisən? Ver, baxım.
Özümü itirdiyimdən bilmədim nə edim. Yaxşı ki, bütün sənədlərim qəzetə bükülmüş halda yanımdaydı. Bükülünü qadına verdim.
Qadın sənədləri gözdən keçirdi. Görünür, razı qalmışdı. Hərbi formada çəkdirdiyim şəkil, komandirin öz əli ilə yazdığı tövsiyə məktubu, olduqca müsbət tərcümeyi-hal, xüsusilə də ehtiyatda olan zabit adının sənədlərdə tez-tez hallanması... sənədlərimin təsirini birə beş artırırdı.
–Çox uzağa getmə, elə buralarda ol, müsabiqə indilərdə başlayacaq.
Qadının sözləri sanki məni yuxudan oyatdı. Bu nə vaxtın müsabiqəsidir, deyə düşündümsə də, qadına “baş üstə” deyib, elə dəhlizdəcə gözlədim...
Uzunçuluq etmək istəmədiyimdən oradan davam edim ki, fəhlə, əsgər və kolxozçu gənclərin təhsil almasını asanlaşdırmaq məqsədilə, təqaüdlə də təmin edilməklə, Azərbaycanda dövlət tərəfindən ilk dəfə olaraq belə bir müsabiqə komissiyası yaradılıbmış. Müsabiqənin əsl imtahan xarakterli olması heç kəsdə şübhə oyatmasın. Yerbəyerdən verilən suallara düzgün cavab verməyənlər elə oradaca kənarlaşdırılırdı. Və mən də böyük Allahın izni ilə gəlib təsadüfən buraya düşmüşəmmiş. Çoxsaylı orta məktəb məzunlarının biliyini və sənədlərini yoxlayan Komissiya öz işinə başladı və mən də çoxsaylı abituriyent ordusu sırasında komissiyadan müvəffəqiyyətlə keçən az sayda müdavimlərlə olduğuma görə çox sevindim.
Burada da başıma hüquq məsələsi ilə bağlı bir hadisə gəldiyi üçün onu da xatırlatmaq istəyirəm.
–Aman Allahım bu hüquq sizi yaman çox məşğul edib ha...
–Elədi. Komissiyanın sədri, həmin vaxt ADU-ya yeni rektor təyin edilmiş mərhum Faiq Bağırzadə (Allah ona min rəhmət eləsin) sorğu-sual vaxtı şəxsi iş qovluğumu vərəqləyib mənə müraciət etdi. Elə bu cümləmə də inamsız yanaşanlar ola bilər. İnanın, onun sözləri bu gün də tam dəqiqliyi ilə qulaqlarımda səslənir:
–Oğlum, əsgərlikdən qayıtmısan, özün də ehtiyatda olan zabitsən, hüquq fakültəsinə isə hələ bir nəfəri belə qəbul etməmişik. Gəlsənə, ərizəni dəyişib hüquqa qəbul olunasan.
Özümdən asılı olmayaraq qışqırdım:
–Faiq müəllim, yenə də hüquq!? Yəni, bu hüquq məsələsi məni həyatım boyu qarabaqara izləyəcək!?
Mən öz qısa monoloqumu bitirməmişdim ki, mənə yaxın oturmuş o vaxt Komissiyanın digər üzvlərinə nisbətən hələ gənc olan mərhum professor Firudin Hüseynov (Allah ona da min rəhmət eləsin) mənə müraciətlə astadan: rektor qol çəkdi, narahat olma-dedi.
Sonra öyrəndim ki, mənim bir qədər üsyankar cavabım Komissiya üzvlərinin çoxunun xoşuna gəlibmiş.
Beləliklə də bir neçə ay həmin hazırlıq kursunda oxuyandan və axırda dörd fənn üzrə imtahan verəndən sonra mən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Bir məsələni də qeyd edim ki, imtahanlarda kurs müdavimlərinin xeyli hissəsi kəsildi.
Başqa fakültələrə, xüsusilə də digər ali təhsil müəssisələrinə nisbətən Jurnalistika fakültəsində təhsil müddətində tələbələrin daha az əziyyət çəkməsi və geniş biliyə sahib olması həmin dövrdə Jurnalistika fakültəsində, ümumiyyətlə ADU-da çalışmış müəllimlərin xidmətidir. Bunu o vaxtlar Universiteti bitirmiş bütün məzunlar etiraf edə bilər. Jurnalistika fakültəsinin müəllimlərinə gəlincə isə, indi bilmirəm, o vaxtkı müəllimlərin qarşısında, həqiqətən də baş əyilməlidir. Ancaq bəzən elə o vaxlarda da bir para etinasızlıqlar olardı...
ONLAR NƏ DEDİLƏR;
Elman QƏDİRLİ ( Publisist ): 42 il əvvəl tanıdığım insan haqqında 44 cümlə
Teymuru 42 il əvvəl necə görmüşdümsə, bu gün də elədi. Yerişi, oturuşu-duruşu, danışığı, gülüşü ilə. Dəyişən saçının rəngi, üzünün bir neçə cizgisidi. Daha nə? Bunu özündən başqa yəqin ki, bir kimsə bilməz.
Keçək xatirələrə – ötən əsrə, həmin əsrin 70-ci illərinə. İndi o illəri, o Teymuru xəyalımda canlandıranda nə görürəm? İstiqanlı, adama tez yovuşan, hazırcavab, zarafatcıl, səliqə-sahmanlı cavan bir oğlan. Bir auditoriyada dərs keçir, bir yataqxanada qalırdıq. Şahmatın ilk gedişlərini mənə o öyrədib, yataqxananın ümumi mətbəxində bişirdiyi dadlı-duzlu yeməklərə qonaq eləyib. İmtahanlara çox vaxt birlikdə hazırlaşmışıq, bir-birimizi sual-cavab eləmişik.
Necə oxuyardı, qələmi necə idi? Dəqiq bilmirəm. Hər halda yaxşı oxumasaydı, universiteti bitirib jurnalist diplomu ala bilməzdi. Hər halda yaxşı oxumasaydı, təqaüd ala bilməzdi (o vaxt bir semestrdə iki “3”-ü olan təqaüdə düşmürdü). Qələmi yaxşı olmasaydı, 37 il yazı-pozu işi ilə məşğul ola bilməzdi. Öz vaxtında çox hörmətli bir qəzetin baş redaktoru ola bilməzdi. Vəzifə karyerasını AzərTAc kimi nüfuzlu xəbər agentliyinin baş redaktoru olaraq başa vura bilməzdi.
Keçək ömür səhifələrinə. Teymurşahın Xaçmazdakı ata evində də ailəliklə qonaq olmuşam, Bakıda vaxtilə kirayənişin olduğu mənzilində də. İşlərinin düz getdiyi vaxtları da görmüşəm, nahamvar getdiyi günləri də. Pullu vaxtını da, pulsuz vaxtını da. Amma orbitindən çıxdığını, bədbinliyə qapıldığını görməmişəm. Bəzən kənardan baxana elə gəlib ki, bəxtəvərin işi yağ kimi gedir, bu dünyada heç bir dərdi-səri yoxdu. Doğrudanmı belədi? Bunu özündən və həyatına yaxından bələd olanlardan başqa kimsə bilməyib, hiss etməyib. Dostum Teymur başqasını öz qayğıları, dərd-səri ilə yükləməyi xoşlamazdı. İndi də xoşlamır.
Dəqiq bilmirəm, neçə yaşı var. Özündən soruşmamışam. Təxmin edirəm ki, 65 olar. Bir də yaşın nə fərqi? Olsun 70, lap 80. Təki ürək cavan olsun, insan ruhən cavan olsun. Teymur dostum qəlbən cavandı, ruhən cavandı.
Evsizlikdən çox əziyyət çəkib. Bu gün Bakının yaxşı yerində şəxsi mənzili də var, ailəsi də. Bəs özünü bəxtəvərlərə aid edir, ya bəxti gətirməyənlərə? Bunu da özündən başqa kimsə bilməz.
Kompüterin arxasına keçəndə belə qərara gəldim ki, 42 il əvvəl tanıdığım dostum haqqında 44 cümləlik kiçik bir ürək sözü yazım. Niyə 44 cümlə? Tanıdığım hər il üçün bir cümlə, iki cümləlik də arzularım. Cümlələri saya-saya yazmamışam. Cümlənin sadəsi də var, mürəkkəbi də. Bilmirəm 40-dı ya 50? İstəsəniz sayarsız, maraq üçün.
Keçək son iki cümləyə. Qoy Teymurun çiyninə şahlıq quşu qonsun, olsun Teymur Şah. Allah verən ömrü sağlam yaşasın, oğul-uşağına baxıb sevinsin, sevinə bildikcə...
(Davam edəcək)



