|
|
|
|
tofigabdin.com
Üsküdarda Qaraca
əhməd məzarlığında
bir məzarı açdılar
oğlunu basdırdılar
bir atanın yanına
çox sevdiyi İstanbulun
illər ardındakı bir payızın
soyuqluğu toxundu
torpaq olmuş sümüklərinə
oğlunun istiliyi axdı
bu soyuq məzardakı ixtiyarın
gözlərinə, ürəyinə, əllərinə
qoynuna alırmış kimi oğlunu
yenidən doğacaqmış kimi onu
çırpındı Əlibəyin torpağı, daşı
ata yaşında oğul
oğul yaşında ata
elə sarıldılar ki
illər sonrası bu görüşdən
yağış kim töküldü
məzar başındakı insanların göz yaşı
illər arxasından bir səs gəldi
xoş gördük oğlum
illər bərisindən cavab verdilər
xoş gördük atacığım
sümüklər sızı-sızı sızladı
Əlibəy Hüseynzadə Turan
Oğlu Səlim Turanı qoynuna aldı...
Tofiq ABDİN,
İstanbul, aprel 1995
İstanbulda bir məzarlıq var: Qaracaəhməd məzalığı...
Bu məzarlıq mənim uzun illər yaşadığım ( yani bu sətirləri yazanda artıq altıncı ilə keçir ki, mən İstanbuldayam və elə ilk gündən də burada Acıbadəmdə yaşamağa başladım.Hələ də buradayam bu sətirləri yazanda) Acıbadəm bölgəsinin tam beş addımlığındadır və mən burada belə bir məzarlığın olmasını sonralar biləcəyəm.Nədən belə ayrıcalıqla vurğulayıram bunu: Yalnız Səlim Turan burada dəfn edildiyinə görə demirəm, yox burayla ilk tanışlığım İstanbulda oxuyan azərbaycanlı tələbələr vasitəsiylə oldu.
Burada, bu Qaracaəhməd məzarlığında bir çox azərbaycanlı mühacirlər basdırılmışdır ki, bu şəxsiyyətlərdən bir neçəsi Azərbaycan tarixində böyük insanlar olaraq tanınırlar.
Qaracaəhməd məzarlığı həm də İstanbulda ən böyük və ən tanınmış məzarlıqlardan biridir.
Türkiyənin ən böyük şairlərindən biri, türk milliyyətçiliyinin ədəbi bayrağdarı və Azərbaycanda da gözəl tanınan Nihal Atsız da bu məzarlığdadır.
Milliyyətçilər Nihal Atsızın ölümünün hər il dönümündə onun məzarını ziyarətə gəlir və onlar bunu eləməkdən bezmirlər və çox zaman da burada hər il eyni adamları görərsən.
Bir neçə dəfə mən də getdim bu məzarlığdakı bu məzara...
Nihal Atsızdan iki-üç dəqiqəlik bir məsafədə Əli bəy Hüseynzadənin məzarıdır...
Oğlu Səlim Turan da buraya gətiriləcək bastırılmağa...
Və mən bu zamana qədər görmədiyim bir hadisənin şahidi olacağam.
Amma hələlik Səlim Turan Atatürk Kültür Mərkəzindədir.
...Avtobuslar sifariş edilmiş.Kifayət qədər maşın və avtobus var məzarlığa gedənlər üçün.Təbii ki, buraya gedənlərin çoxu biri-birini tanıyır bəlkə də, amma mən burada heç kimi tanımıram və bu məni əslində heç maraqlandırmır da və mən bu ayrılmış avtobuslardan birinə minirəm.
Anar müəllim və Abbas Abdulla Hacaloğlu məzarlığa getməkdən vaz keçirlər.Yaxşı da eləyirlər. Ona görə ki, əslində bizə olan o münasibətdən sonra onların məzarlığa getməsi bir o qədər də vacib deyil.
Anar müəllim o zamanlar dərs dediyi unversitetə gedir məncə və Abbas Abdulla dövlətimizin ona ayırdğı maşına minib beş addımlığdakı iş yerinə gedir və bu maşın saatlarca o iş yerinin qabağında duracaq bilirəm.
Mən bu ayrılmış avtobuslardan birinə minirəm və Atatürk Kültür Mərkəzindən çox uzaqda olan, İstanbulun Asya hissəsindəki Qaracaəhməd məzarlığına gedirik...
Məzarlığa çatırıq...
Yenə də təbii ki, çıxışlar olur.Amma bu dəfə çox uzun sürmür bu çıxışlar və bir-iki adam danışandan sonra bir qəbiri açırlar və Səlim Turanı bu qəbrə qoyurlar.
Bu qəbir Əli bəy Hüseynzadənin məzarıdır.
1940-cı ildə qazılan və ilk dəfə olaraq açılan Əli Bəy Hüseyinzadənin məzarı.
Uzun-uzun illər sonra ölən oğlu Səlim Turanı atası Əli bəyin məzarında basdırırlar.
Bu hadisə məni çox təəccübləndirir və əslində o qədər təəccübləndirir ki, uzun zaman mənə rahatlıq vermir və...
...və mən elə buradaca bir adama yaxınlaşıram, Əli bəyin qızlarını soruşuram bir adamdan...
Mənə göstərirlər...
Dəfələrlə telefonda görüşsək də bu zamana qədər heç üz-üzə gəlmədik.
Qısa bir görüşümüz olur təbii...Bura məzarlıqdır.
...Beləliklə sonralar həmişə əlaqə saxlayırıq bir-birimizlə. Onlar ailəlikcə məni evlərinə dəvət eləyirlər, uşağlarımı da tanıyırlar, həyat yoldaşımı da tanıyırlar və biz bəzən onları unutsaq belə onlar bizi unutmurlar və bir az zaman keçəndən sonra telefon açırlar, əhvalımızı soruşurlar, xüsusiylə də böyük qızı Saida xanım elə hey bizi evlərinə çağırır...
...Və əziz oxucular, həmin görüşlərin nəticəsi olaraq Əli bəy Hüseynzadə haqqında bildiyiniz və bilmədiyiniz bəzi faktlarla, bilgilərlə tanış oldunuz və mənim də düşüncələrimi oxudunuz.
EPİLOQ:
Düşünürəm: zaman keçəcək, çox, çoooox zaman keçəcək. . . və hətta çoooox zaman keçəcək. . . Bir Tofiq Abdin də doğulacaq nə zamansa, yenə də Türkiyəyə gələcək o Tofiq Abdin, mənim xasiyyətimdə, mənim taleyimdə olursa o Tofiq Abdin yenidən maraqlanacaq bu böyük insanın taleyilə. Amma o zaman Əli bəy Nəslindən o Tofiq Abdin kimsəni tapa bilməyəcək buralarda. . . .
Əli bəy Hüseynzadə nəslinin son adamları olan qızları Saidə xanım Hüseyinzadə (Santur) və Feyzavər xanım Hüseyinzadə (Alpsar) ilə görüşmək bu Tofiq Abdinə nəsib və qismət oldu...
Əli bəy Hüseynzadənin son yadigarlarını görmək bu Tofiq Abdinin uşaqlarına və həyat yoldaşına nəsib və qismət oldu.
İstanbulun küçələrində, İstanbulun gecə və gündüzlərində özünə yer tapa bilməyən və hər addımda dəhşətli ögeyliklə qarşılanan və dodaqlarından Qürbət şeirləri və mahnıları əksik olmayan bu Tofiq Abdin bəlkə də layiq olduğu, BƏLKƏ DƏ LAYİQ olmadığı günləri yaşayaraq özü-özünə nifrət etsə də düşündü:
Təsəlli alınacaq bir şey var Tofiq Abdin...
Amma:
“... gərək belə olmayaydı axı!...
Dünya insafla dövr etsə, olmamalıydı.
Amma olur axı!..
Əfsuslar ki, olur.
Həyatda çox şey insafın, haqqın,
ədalətli məntiqin acığına baş verir sanki. . . ”
(Rafael Hüseynov).
Necə düşünürsünüz, düşünün...
Amma
Geçilməz qürbətin sokaklarından
İçilməz suları pınarlarından
“Qəlbimin sağalmaz yaralarından”
Gözlerin doğuyor gecelerime...
25 iyun 1998
İstanbul, Acıbadəm
(Davam edəcək)