abdin[email protected]
tofigabdin.com
ONLAR NƏ DEYİBLƏR: Etibar CƏBRAYILOĞLU
“MƏN YERLİÇİLİK YOX, İSTEDAD TANIYIRAM”
...Artıq xasiyyətini bilirdim. Bilirdim ki, Şakir müəllim istedadı olana kömək etməyə hazırdır. Dünyanın belə kəllə-mayallaq vaxtında da bütün mələklər tökülüb yerə gəlsəydi, Şakir müəllimdən istedadı olmayan haqqında bir kəlmə xoş söz qopara bilməzdi.
Dostum Aydın Canıyev bilər. İstedadlı bir fotoqraf yerlimiz vardı. Vardı deyəndə ki, elə indi də var. Amma daha “Lənkəran” qəzetində işləmir. Tez-tez Ş.Yaqubovun işlədiyi “Kommunist” qəzetinə şəkillər göndərirmiş. Şakir müəllim də ömründə üzünü görmədiyi bu oğlanın göndərdiyi fotoları “Kommunist” kimi qəzetdə çap edirmiş. Günlərin bir günü yerlimizin yolu Bakıya düşəndə rayonun yetirdiyi naz-nemətlərdən özü ilə götürür ki, heç vaxt görmədiyi Şakir Yaqubova pay versin. Müsəlmançılıqdır, etdiyi yaxşılığa görə Şakir müəllimin xəcalətindən çıxsın.
Gözünə döndüyüm Şakir müəllim dəvənin karvanla, karvanın sarvanla yeyildiyi bir zamanda “hədiyyə”ni geri qaytarmışdı. Cəmi bir cümlə işlətmişdi: “Mən yerliçilik yox, istedad tanıyıram!”. Və Gülağa Cəfərov da istedadlı olduğu üçün onun çəkdiyi fotoşəkillər yenə Azərbaycanın baş qəzetində — “Kommunist”də dərc olunmaqda davam etmişdi...
– Publisist ilə jurnalist yazarlığının nə kimi fərqləri var?
– Bizim çoxbilmiş nəzəriyyəçilərin nə deməsindən asılı olmayaraq, mən jurnalistika ilə publisistikanı bir-birindən ayırar və Leninin təbirincə desək, gündəlik publisistika işi görən jurnalistlərə üstünlük verərdim. İndi kimi dindirsən, gündəlik publisistika işinə ağız büzər və onu qısaömürlü adlandırar. Zahirən də məsələ belədir və publisistikadan fərqli olaraq, sən bu an baş verən hadisəni mənalandırmalı, onun barəsində ictimai rəyə uyğun gələn fikir yürütməli və onu dərhal da yazı şəklində formalaşdırıb oxucuya, dinləyiciyə çatdırmalısan. Burda azacıq qeyri-dəqiqlik kütlənin redaksiyaya hücumu, məhkəmə çəkişmələri və daha pis hərəkətlərlə nəticələnə bilir. Publisistika isə ədəbi-bədii yaradıcılığın bir forması olub geniş vaxt intervalında ərsəyə gəlir və həqiqətən də uzunömürlü olur. Seyranın “Ağdamda Qədir Rüstəmovla “atüstü” söhbət”, Səyavuşun “Ağ dünya”, Vidadi Məmmədovun maestro Niyazi ilə müsahibəsi, yaxud sənin “Lili İvanovanın səsi və barmaqları” adlı yazılar kimi. Ən böyük ustalıq gündəlik publisistika işini böyük publisistikaya çevirməkdir. Hacı Akif Ağayev “Baku” qəzetində özünün çəkdiyi Bakı fotopeyzajlarına, Adil Qaçayoğlu isə “Azərbaycan gəncləri”ndə şəkilçi Rasimin ən müxtəlif mövzulu fotoşəkillərinə mətn yazırdılar və bu mətnlər 30-40 il əvvəl olduğu kimi, 30-40 il sonra da sevilə-sevilə oxunacaq – müəlliflər onları adilikdən bədiiyyata çevirə bildikləri üçün... Yekəxanalıq kimi çıxmasın, mən özümü gündəlik qəzetçi sayıram, amma filankəs kimi yox, məsələn, Cəmil Əlibəyov və ya Rəfail Nağıyev kimi qəzetçi! Eyni zamanda, xeyli yazım var ki, klassik anlamda əsl publisistik nümunələrdir. Elə mediaforum.az saytında son bir ildə yayımlanan və bu yaxınlarda tamam təsadüfən bildiyimə görə, Azərbaycan Universitetində həmkarımız Elşən Əliyevin jurnalistika üzrə tədris kurslarında tədris materialı kimi istifadə etdiyi “Yaddaşımın küncündən...” rubrikasından olan xatirələrimi misal göstərə bilərəm...
– Dostlar itirmişik, onların arasında bizimlə çox yaxın olanları da vardı. Kimləri xatırlayırsan, kimlərin itkisi səni incidir?
– Bəli, xeyli insan var ki, onların həyatda yoxluğu adamı ağrıdır; səninsə sualın, məncə, daha çox həmkarlarımızla bağlıdır. Bu sıradan mən öncə BÖYÜK müəllimim Rəfail Nağıyevi və ömür boyu Atakişiyev kimi xatırlayacağım Qaçayoğlu Adili qeyd edə bilərəm. Bu iki insanın ölümü mənə dəhşətli dərəcədə pis təsir edib, hərçənd hər ikisi, necə deyərlər, gözüm görə-görə gedirdi...
Onu da deyim ki, hər hansı bir insanı istisnasız olaraq hamıya sevdirmək mümkün deyil. Adi bir misal çəkim. Sənin də imzasını və özünü şəxsən tanıdığın mərhum jurnalist, keçmiş “Gənclər”çi Piri Məmmədov barədə bir-iki ay öncə mediaforum.az-da bir yazım yayımlanmışdı və həmin yazıda mən bu insanın hələ 70-ci illərin ortalarında ictimai-siyasi qəzetdə əsl inqilabi, demokratik ruhlu yazılar dərc etdirməsini, amma əsl demokratiya dövründə özünün son dərəcə urvatsız şəkildə peşəsindən uzaqlaşdırılmasını, bu gün mətbuatda hətta kuryer səviyyəlilərin də müxtəlif fəxri adlara layiq görüldükləri halda bu yazarın heç bir mükafat almadığını, nəhayət, nə vaxt dünyadan köçməsini onu tanıyanların heç birinin bilmədiyini diqqətə çatdırmışdım. Elə həmin günlərdə keçmiş iş yoldaşlarının cəmləndiyi bir məclisdə mən bu barədə söz salanda, birbaşa olmasa da dolayısı ilə mənə anlatmağa çalışdılar ki, həmin yazını yazmaqda düz iş görməmişəm, çünki o adam həyatda elə layiq olduqlarını alıb... Təsəvvür edirsənmi, ölənin dalınca danışmağın nə qədər rəzil bir iş olduğunu bilə-bilə, bunlar belə deyirdilər və mənim gətirdiyim əks arqumentlərin də heç birini yaxına buraxmırdılar.
Mən dəqiq bilirəm ki, bu adamlar da, qeyriləri də Rəfail müəllim barədə də belə danışarlar; amma Adil barədə danışanda istisnasız olaraq heç kim kəkələməz. Bunun da bir səbəbi var: Adil kiminsə tam yararsız əlyazmasını da 6 ay özündə saxlaya və sonra onu hərf-hərf təzədən yazıb dərc etdirə bilirdi, izahı da bu olurdu ki, “qoy könlü xoş olsun...”. Adil mənə, mən Adilə qardaşdan da yaxın olmuşuq, amma xasiyyətindəki bu ifrat yumşaqlığı heç vaxt qəbul etməmişəm. Fikirləşmişəm ki, birincisi, hamam suyu ilə dost tutmazlar; ikincisi, insan nə qədər pis olsa da son mənzilə onu urvatlı şəkildə yola salmağa hökmən bir nəfər İNSAN OĞLU tapılar...
– Jurnalistikamızın bu günü barədə çox əskik şeylər danışırlar və sanki bu danışıqlar heç olmur – hər kəs öz işindədir.. Vaxtilə müxtəlif qəzetlərdə redaktor funksiyalarını da icra etmisən. Tanıdığım bir çox qələm sahibi sənin idarəedici istedadının da olduğunu deyir. İşçilərinlə necə yola gedirdin və redaktor işləmək çoxmu çətindir?
– Yox, məndə idarəedici qabiliyyəti yerli-dibli yoxdur. Bunu hamıdan yaxşı rəhmətlik Şamil Xurşud ifadə edirdi: planlaşdırma zamanı nömrəyə üçdən artıq yazı sifariş edəndə “Çox olmadı ki?!” – deyirdi və bununla da bildirmək istəyirdi ki, onun-bunun adına dediyin o yazıları onsuz da özün yazacaqsan, bir nəfərə isə bu dediklərin çoxdur... İndi adbaad sadalamağa ehtiyac görmürəm, amma təbii ki, qəzetçilikdə istənilən məsələ ilə bağlı fikri və əməli ideal səviyyədə olan cəmi 2-3 adama rast gəlmişəm, qalanlarına heç bir halda etibar eləməmişəm və bu da şəxsi simpatiyayla bağlı olmayıb. Ona görə hər şeyi, — əlavə əsəb sərf eləmədən, — özüm görməyə çalışmışam. Amma bunu da elə eləmişəm ki, kiminsə gözünə girməsin. Təsəvvür elə, müəlliflər olub ki, hətta imzasını dəyişdirmişəm, amma onun bundan da xəbəri olmayıb. Bu halda mən daha özümü saxlamır və adama dişimin dibindən çıxanı deyirdim ki, heç olmasa, dərc olunmuş yazını oxu və orada nəyin, necə düzəldildiyinə diqqət ver ki, növbəti dəfə bu qələti eləməyəsən.
Redaktorluq... Hə, vəzifə mənasında yox, yazı redaktorluğu mənasında bu, sevimli məşğuliyyətimdir – redaktə eləyim, yazıya əlavə və düzəlişlər eləyim, mövzu diqtə eləyim, yazını necə başlayıb necə qurtarmağı söyləyim, tərtibatla bağlı təkliflər verim və s. Amma geniş mənada redaktorluq mənlik deyil: mən sözü bir dəfə deyirəm – hətta ailədə uşaqlarım da bu ruhda böyüyüblər. Redaksiya kimi bir mexanizmdə isə bir dəfə söyləməklə işin həllinə nail olmaq mümkün deyil...Jurnalistikamızın bu günü barədə... Mənim Şuşa əvəzi sandığım Hikmət Sabiroğlu bir dəfə dedi ki, sizin jurnalistikada MÜƏLLİMLƏRİNİZ olub, biz isə qrup halında universiteti bitirib bir redaksiyada birləşmişik – müəllim də özümüzük, şagird də... 23 ildir ki, belədir. Nə qədər ki, mətbuat aləmində “şairə-publisistlər” meydan sulayacaq, Azərbaycanda jurnalistikadan savayı hər şey olacaq!
(Davam edəcək)