abdin[email protected]
tofigabdin.com
ONLAR NƏ DEYİBLƏR
Məşğələlərimizdə mən sənin fikrinlə, məhkəmələr cəza verərkən ictimai ədaləti necə gözləməli, daha doğrusu, necə ölçməli olmalarını izah edirəm.
...Beləliklə, sənin fikrin hüquq aləmində ədəbiyyatın böyük təsir qüvvəsi kimi istifadə olunur. Sənə bildirməliyəm ki, hər dəfə sənin fikrini dinləyicilərə söyləyib qurtaran kimi hamı ləzzətlə və ürəkdən sənə “Afərin!” deyir.
Abdulla İBRAHİMOV,
Respubika Ali Məhkəməsinin sabiq sədri.
Mən Qərib Mehdinin tərcümeyi-halıyla tanış olandan sonra özümə “qəribə” sual verirəm. Görəsən, o, hamar həyat yolu keçsəydi, ziyalı ailəsində doğulub, firavanlıq içində böyüsəydi, nəticəsi nə cür olardı?
Şübhəsiz ki, o, uşaqlıqdan şəxsi istedadını dərk edib yazıçılığa meyl göstərərdi, bu qədər enişli-yoxuşlu, əziyyətli yollar keçməzdi.
Gülrux ƏLİBƏYLİ,
tənqidçi.
Qərib Mehdi Gəncə şəhərində mənim ilk dəfə ünsiyyətdə olduğum, tanıdığım yazıçıdır.
Dünyanın üzümüzə açdığı inam qapıları bağlananda, döydüyümüz sonuncu qapı onun qapısı, istisinə qızındığımız sonuncu ocaq işartısı onun ocağı olub. Uçuruma yıxılan insan əlləritək əllərimiz sonuncu ümid telindən üzüləndə o yapışıb əllərimizdən. Beşikdən qəbrəcən başımız üstündə yellənən ilgəkdən neçə dəfə o qurtarıb bizi. Bunu yazmaqda məqsədim heç də Qərib Mehdini ilahiləşdirmək, müqəddəsləşdirmək, bütə, səcdəgaha çevirmək, çap elədiyi beş-on şeirə görə ona təşəkkürümü bildirmək deyil. Dünyada ən çox qorxduğum nankorluqdan yaxa qurtarmaqdır. Bir də, yaxşılığı qiymətləndirmədikcə yamanlıq ayaq tutub yeriyir.
Nizami AYDIN,
şəhid-şair.
__________________
– Gəncə ədəbi mühitini necə dəyərləndirə bilərsiniz? Hər şey qaydasındadırmı, yoxsa Bakıdakı kimi haqlı-haqsız iddialar baş alıb gedir?
– Yarım əsrdən çoxdur ki, Gəncə ədəbi mühitinin həm iştirakçısı, həm də müşahidəçisiyəm. Mühitin ağırlığı iki mərhumun – Altay Məmmədov və Fəridə xanım Əliyarbəylinin rəhbərlikləri sayəsində yetişən qüvvələrin üzərindədir. Üç nəsildən ikisi – gənc və orta nəsil gözə dəymir. Ümid üzü qüruba gedən yaşlı nəslədir. Əlbəttə, bu uğursuzluqda zamanla birlikdə indiki rəhbər Məmməd Alimin günahı çoxdur.
Müqayisə həmişə fikrin açımına kömək edir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bəyin də idarəçiliyindən narazılar var. Tərəflər arasında fərqli fikir cızığı mövcuddur. Cızığın bir tərəfində böyük çoxluğu təmsil edən Anar bəy, o biri tərəfdə isə Birlik rəhbərliyinin idarəçiliyini qəbul etməyən və ya bu idarəçiliyə tənqidi yanaşan azlıq dayanır. Anar etirazçılarla dil tapmağa çalışır, hətta onlardan qələmilə seçilənləri Prezident təqaüdünə təqdim edir. Bunlar fikir ayrılığına yaxşı nümunələrdir.
Yazıçılar Birliyinin Gəncə qoluna rəhbərlik edən şair Məmməd Alim isə başqa idarəçiliyə üstünlük verir. Bu hal onun barışmazları ilə arasında cızıq yox, hündür, aşılmaz bir divar yaradıb. Divarın bir tərəfində Gəncənin bütün ədəbi qüvvələri, o biri tərəfində isə təkəbbürü, qayğısızlığı ilə özünü təkləyən Məmməd Alim qərar tutub. Özünü düşünməyə, sevməzliyə, həssas yaradıcı adamlara yuxarıdan aşağı baxmağa qarşı tərəf adekvat cavab verir. Rəhbərin təşkil etdiyi tədbirlərdə Birlik üzvləri iştirak etmir. Həmkarları ilə ya küsülü olur, ya da soyuq salamla kifayətlənir. Şöbənin özündən başqa cəmi bir yaradıcı işçisi var – tanınmış uşaq şairi, birillik Prezident təqaüdçüsü Aləmzər xanım Əlizadə. Görün anormal hal hansı səviyyədədir ki, bu rəhbər öz yeganə yaradıcı işçisi ilə də danışmır. Deyiləsi başqa mətləblər də var. Ancaq...
– Sizə həm də uzun müddət Gəncədə fəaliyyət göstərən adıbəlli “İlham” ədəbi birliyinə rəhbərlik etmisiniz. Bu barədə...
– Gəncədə, Alimlər Evi nəzdində fəaliyyət göstərən “İlham” ədəbi birliyinin təvəllüd tarixi belədir: 1979-cu il. Bədii məhsullarımız 1980-ci ilin mart ayında qəzet-jurnal səhifələrinə çıxdı. Bu birlik bəlkə də AYB-dən sonra özünün möhürü, bankda hesab nömrəsi olan ilk müstəqil ədəbi məclis idi.
Zaman keçdikcə “İlham” gurlaşdı, mübahisəli müzakirələrə tab gətirən üzvlərimiz püxtələşdi. Qəşəm Nəcəfzadənin, Sərvaz Hüseynoğlunun, Musa Urudun, Nizami Aydının, Elçin İsgəndərzadənin, Eldar İsgəndərzadənin, Xəzangülün, Fərruxə Pərişanın, Vahid Aslanın, Rəhmanın, Firəngiz İdrisqızının və s. şeirləri, hekayələri və tənqidi məqalələri yerli və mərkəzi mətbuatda tez-tez görünməyə başladı. Bəzi üzvlərimiz – Elçin, Qəşəm, Sərvaz, Musa və Xəzangülün imzaları respublika sərhədlərini aşıb dünya ədəbiyyatına qovuşdu.
“İlham” ədəbi birliyi şəhid-şairimiz Nizami Aydının adını daşıyan Beynəlxalq mükafat təsis etdi. Özündən başqa yaşı 31-i adlamamış (N.Aydının yaşı) dörd nəfər – Elçin, Fərruxə, Eldar və Musa bu müqəddəs mükafatın laureatları oldular. Ömrümün 30 ilini gənc qüvvələrin istedadlarının üzə çıxmasına sərf etdim. Və bundan bir an da olsun peşmançılıq çəkmədim. Vurğunluqla dolu bu könüllü xidmətimi şair-publisist Sərvaz Hüseynoğlu belə dəyərləndirir: “Qərib Mehdi də bir insan olaraq, bir yazıçı olaraq özünü yetirmələrinin yolunda qurban verən sənətkardır. O, özünə qismət olası xoşbəxtliyi yetirmələrinə bağışladı”.
Əlavə sözə ehtiyac duymuram.
Gələcəkdə anılacağammı? Üç ümid yerin var: doğma övladlarım, kitab övladlarım və bir də ədəbi övladlarım. Onların içində “İlham”çılar daha güclü görünürlər.
– Hər halda vətəndaş olaraq əməkli, təqaüdçü yaşına gəlmisiz. Bu yeni həyat necə yaşanır?
– Qələmim işləkdir. Ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıram. Çağdaş Gəncə ədəbi mühitini başdan-başa (4 kitab) qələmə almışam. Yazanda, kiminsə hayına yetəndə ruhən təzələnir, cavanlaşıram. Ancaq pensiya alanda, biri “baba” deyəndə, işdən kənarlaşdırılmaq təlaşı canımı bürüyəndə görürəm ki, 77 yaşı tamamlamışam. Ömür qatarının son dayanacağa yaxınlaşdığını qəbul edirəm. Bu 77 ili necə yaşamışam? Maraqlanan bu yaşamdan imtina da edər, örnək də götürər. Bu necə yaşamdır? Bir neçə kəlmə də bu barədə demək istəyirəm.
İndi göylərdə iki cür quş süzür. Birinin işləyi benzinə möhtac motordur (təyyarə), o birisininki qana möhtac ürək (göyərçin). Biri sünidir, o biri təbii. İxtiyarı özündə olmayan süni quş kimsə tərəfindən idarə olunur, reyslərlə uçur, tutulmuş cədvələ əməl edir. Təbii, canlı quş isə azaddır, istədiyi səmtə, istədiyi qata qanad çala bilir. Sərbəstliyə, azadlığa təşnə bir yaradıcı adam kimi, mən quş ömrü yaşayıram. Mükafatlarımı da belə yaşamdan qazanıram, zərbələrimi də belə yaşamdan alıram. Heç biri gözlənilməz acı sonluqdan sığorta olunmayıb. Metal quş qəzaya uğrayanda, özü ilə birlikdə onlarla adam məhv olur. Canlı quş çalağana tuş gələndə, başqasına ziyan vermədən yeganə varlığından, yükündən – canından olur. Bu qoca vaxtında da mən azad, səma arzulu quş ömrü yaşayıram. Bu yerdə yaşımla bağlı yazdığım şeirimdən bir bənd yadıma düşdü:
Söz düşübdü söz, baxtına,
Bir söz de, çəksin vaxtına,
Çıxdın 70-in taxtına,
Qulağına yaş nə deyir?
İndilik qulağıma deyilən söz budur: “Vaxt daralır. Başda baş redaktor Rəşad Məcid olmaqla hamının qəzeti olan “525-ci qəzet”in bütün yaradıcı kollektivinə, sənə müsahibə üçün yaratdıqları imkana görə səmimi təşəkkürlərini bildir”. Məsləhətə qulaq asıb sonsuz təşəkkürlərimi bildirib hamınızla sağollaşıram.
Noyabr, 2013
Nasirin şairliyi
Qərib Mehdidən şeirlər
TƏLƏSDİN...
Söz var iti qılınc,
Söz var qoşa qanaddır.
Söz var təsəlli, qılıq,
söz var fitnə-fəsaddır.
Söz var şirinliyi
meydan oxuyur şəkərə,
söz var zəqqutun –
qohumluğu çatır bibərə.
Tələsdin, əziz dost.
Yersiz bir söz açıldı
hirsin lüləsindən.
Hədəfi olmasa da,
qoruna bil
mədim
nahaq gülləsindən.
Haqq söz acı olsa da,
şirin dadır.
Nahaq söz könül yıxır,
ürək qanadır.
Nəyə lazım
belə sözlər, nəyə?
Nə səni qaldırmağa
gücü çatandır,
nə məni endirməyə.
Bil ki, haqq sözün
ədalətdən,
həqiqətdən vizası olur.
Bil ki, nahaq sözün
iki dost,
iki qəlb arasında
qəzası olur.
SAXLA, GÖY MƏNİ...
Ayaqlara düşdü adım,
Tacına çevrildi yadım.
Bu yerlə dil tapanmadım,
Saxla, göy məni-göy məni.
Sinəmə əkdim ahını,
Dosta verdim sabahımı.
Bağışlama “günahımı”,
Dağla, göy məni-göy məni.
Eniş idim – diklənmişəm,
Qayğısızdım – yüklənmişəm,
Allah kimi təklənmişəm,
Yoxla, göy məni-göy məni.
Baha idim, ucuz tutdu,
Bilməm niyə tez unutdu?..
Sənin ki, gözün buluddu –
Ağla, göy məni-göy məni.
Niyə seçdin dağ olmağı?..
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Təpə kimi əyilsəydin,
gülün olardı.
Dərə kimi ovulsaydın,
selin olardı.
Düzən kimi yayılsaydın,
yolun olardı.
Niyə seçdin dağ olmağı?
Günəşə ilkin salam vermək
sənəmi qalmışdı?
Zülmətə ilkin sinə gərmək
sənəmi qalmışdı?
Gərək, yerin dərdini
göyə deyəydin?
Gərək, göyün sözünü
yerə endirəydin?
Allaha hamıdan yaxın olmaq
cəzasız qalmaz.
Dünyanın hər yerindən baxılmaq
cəzasız qalmaz.
Bilmədin,
şimşək şallağa tutacaq?
Bilmədin,
şaxta ürəyində donacaq?
Bilmədin,
dolu başını döyəcək?
Bilmədin,
bulud qaranı geyəcək?
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Təpə ol – gülün olsun.
Dərə ol – selin olsun.
Ay dəli, ağlın olsun,
Üzmə axına qarşı:
“Bəli!” de – pulun olsun.
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Son