|
|
|
|
Mayın 29-da Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkənin xarici işlər naziri Erlan Abdıldayevlə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşün əvvəlində nazir səfiri Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, həmkarı Elmar Məmmədyarova xüsusi təbrik məktubu göndərib.
Öz növbəsində H.Orucov naziri yenidən vəzifəyə təyin olunması ilə bağlı təbrik edib və ölkələrimiz arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Görüşdə iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Səfir bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Buna baxmayaraq Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial hələ də qalır.
Nazir növbəti dəfə qardaş Azərbaycanın səfiri ilə görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, Qırğızstan hər zaman beynəlxalq arenada Azərbaycanın mövqeyini, ərazi bölüvlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Görüşdə tərəflər Qırğızıstanla Azərbaycan arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıb, aktual məsələləri müzakirə edib.