“İrəli” İctimai Birliyinin Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirdiyi “Marş İrəli” layihəsi başa çatıb.
Təşkilatdan verilən məlumata görə, Ağdam rayonunda keçirilən layihənin bağlanış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin, ön cəbhədə yerləşən postlara ziyarət edərək vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: “Siz çox şərəfli peşənin sahiblərisiz, vətənimizin keşiyində dayanmadan, gecə-gündüz növbədəsiniz. Düşmənlə burun-buruna ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış ayı, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü-gündən sürətlə inkişafda olan Azərbaycanın bu cür şəxsi heyətinin olması məni bir vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. Təbii ki, Azərbaycanın ən son standartlara cavab verən texnikası var və bu günlərdə bir daha əmin oldum ki, o texnikanı idarə edən bacarıqlı, yüksək peşəkarlığa malik əsgər və komandirləri də var. İnanıram ki, çox yaxın zamanda biz bu kimi təlimləri Cıdır düzündə təşkil edəcəyik. Üçrəngli, şanlı bayrağımız Şuşada, Laçında və digər işğal altında olan torpaqlarımızda dalğalanacaq. Axıdılan qan yerdə qalmayacaq, minlərlə şəhidimizin qisası tez bir zamanda alınacaq. Bilirəm ki, hər birimiz Azərbaycan Respublikasının prezidenti, ali baş komandan İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ile biz torpaqlarımızı azad edəcəyik. Ümid edirəm ki, biz də təşkilat olaraq öz payımıza düşən öhdəliyi layiqincə yerinə yetirib gənclərin güclü vətənpərvərlik ruhu ilə yetişməsinə nail ola bildik”.
Qeyd edək ki, “Marş İrəli” ölkə gəncliyinin hərbi vətənpərvərlik ruhunun, gənclərin düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən layihədir.
CEYHUN