Dünən parlamentdə "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirin təşkilatçıları MM, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və İqtisadiyyat Nazirliyi olub. Tədbirdə millət vəkilləri ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumların rəsmi şəxsləri iştirak ediblər.
Konfransı açan MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur.
Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır. Komitə sədri deyb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub: "Əgər DİM-lə bağlı dünyada yoxsulluğun aşağı endirilmə həddi 15 faiz nəzərdə tutulmuşdusa, Azərbaycanda artıq 2015-ci ildə yoxsuluğun göstəricisi 5 faizdən aşağı düşmüşdü. Yəni 49 faizdən 5 faizə düşməklə, Azərbaycanda dünyada yoxsulluq göstəricisi ən az olan 29 dövlətdən birinə çevrilib". Komitə sədrinin dediyinə görə, bu, çox böyük göstəricidir.
"Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milliləşdirilməsi prosesi gedir və çox yaxşı haldır ki, bir müddət öncə dövlət rəhbəri tərəfindən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb". Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzai deyib. O qeyd edib ki, belə Şuranın yaradılması DİM-lərin hədəflərinə çatılmasında çox böyük töhfə ola bilər: "Eyni zamanda, bu məsələdə parlamentin üzərinə böyük işlər düşür. Artıq bu istiqamətdə də bir neçə tədbir keçirilib və hesab edirəm ki, bunlar davamlı xarakter daşıyacaq. Çünki dünyada DİM-lərlə bağlı hələ də ciddi problemlər var, yoxsulluq, aclıqdan əziyyət çəkən insanlar var. Odur ki, DİM-lərlə bağlı hədəflərə çatılmasında hər bir dövlət özü məsuliyyətini anlamalıdır və çox yaxşı haldır ki, Azərbaycanda bu istiqamətdə böyük uğurlar qazanılıb".
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışı zamanı deyib ki, bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur. Nazir müavini qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə iki Dövlət Proqramı təsdiq olunub. Nazir müavini xatırladıb ki, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5-dən aşağıya endirilib. Həsənovanın sözlərinə görə, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatılması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu istiqamətdə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
"Mən dünyanın nüfuzlu təşkilatlarından, o cümlədən, BMT-nin müvafiq qurumlarından xahiş edirəm ki, geni dəyişdirilmiş məhsulların (GMO) istehsalına və istehlakına son qoyulması istiqamətində ciddi addım atsınlar. Çünki bunlar insan sağlımlığı, genefondun təhlükəsizliyi üçün ciddi və təhlükəli problemlərdəndir". Bunu isə millət vəkili, yazıçı Hüseynbala Mirələmov deyib. Millət vəkili deyib ki, GMO-nun qarşısının alınması istiqamətində dünya miqyasında parlamentlər səviyyəsində daha sərt qanunlar qəbul olunmalıdır: "Mən bir neçə il öncə bazardan həmin GMO-dan, yəni alma almışdım. İnandıram sizi, bir dəfə təsadüfdən şkafı açıb baxanda gördüm ki, 3 il əvvəl aldığım alma xarab olmayıb, çürüməyib. Özüm dəhşətə gəldim. Bu, çox böyük təhlükədir. Gələcəyimiz, genefondumuz üçün böyük bəladır. Bizə belə məhsullar lazım deyil, biz bunları istəmirik. Ona görə bu istiqmətdə ciddi, kəsərli addımlar atılmalıdır".
Akademik, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə öz növbəsində deyib ki, dünyada çox az ölkələr var ki, qısa zaman kəsiyində böyük iqtisadi sıçrayışa, adambaşına düşən məhsul üzrə artıma nail olublar: "Bu dövlətlərdən biri də Azərbaycandır. Bunlara da son 25 il ərzində - mərhum prezidentimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi və 2003-cü ildən bu yana onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin apardığı böyük işlər nəticəsində nail olunub". Komitə sədri eyni zamanda deyib ki, bu gün qloballaşan dünyada "ikili oyunlar" gedir. "Dünyanın aparıcı, super dövlətləri özlərinin yaratdıqları Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün prinsiplərini pozurlar. Bir çoxları proteksionist siyasət yeridirlər. Eyni zamanda, son illər, Azərbaycanın da bu təşkilata daxil olması iqtiqamətində işlər, danışıqlar davam etdirilir. Amma ölkəmizin həmin təşkilata daxil olmasının sürətlətləndirilməsi çağırışlarını anlamırım. Çünki qeyd etdiyim kimi, bu çağırışı səsləndirənlərin özləri bir çox hallarda ÜTT-nin prinsiplərini açıq-aşkar şəkildə pozurlar. Həmçinin, qloballaşan dünyada dünyanın əksər ölkələri-milli suverenliklər milli maraqlara daha çox üstünlük verirlər" - deyə komitə sədri sözlərinə əlavə edib. Komitə sədri yenidən ölkədə həyata keçirilən islahatlar prosesinə, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması məsələlərinə toxunaraq bildirib ki, burada baş hədəf Azərbaycan iqtisadiyyatının gücləndirilməsi ilə yanaşı, həm də ölkə vətəndaşlarının sosial güzəranının yaxşılaşdırılmasıdır. "Azərbaycan dövləti də, Azərbaycan hökuməti də, Azərbaycan parlamenti də çalışır ki, əhalinin üzərinə çox yük düşməsin, əhalinin kasıb, imkansız təbəqəsinin sayı azalsın və qeyd edim ki, bu istiqamətdə də böyük uğurlara nail olunub. Mövcud statistika bir daha bunu təsdiqləyir" - deyə, Z. Səmədzadə sonda qeyd edib.
Kamil HƏMZƏOĞLU