|
|
|
|
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.
"Trend"in məlumatına görə, qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0" kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk hesabatıdır. Əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb. Nəticədə Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib. Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlara yeni metodologiyada ümumiyyətlə yer verilməyib.
Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatı ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də sosial və ətraf mühit performansı üzrə indikatorlar da nəzərə alınıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqeyini qoruyub. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı üzrə belə yüksək nəticənin əldə olunması son illər prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub. Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında, hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
Mövzu ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Dünya İqtisadi Forumunun tamamilə yeni metodologiya əsasında hazırladığı Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünya ölkələri arasında qabaqcıl mövqeyini qoruyub saxlaması təqdirəlayiqdir və qürurvericidir.
O, "Trend"ə bildirib ki, Dünya İqtisadi Forumu özünün dövlətlərə yanaşma metodologiyasını dəyissə də, Azərbaycan öz qabaqcıl mövqeyini dəyişməz saxlaya bilib: "Bu, olduqca əhəmiyyətli nəticədir və ölkədaxili proseslərin bütün istiqamətlərində Azərbaycanın dinamik artan xətt üzrə getdiyini bir daha təsdiqləyir. Digər bir prinsipial məqam Azərbaycanın təxminən 70-ə yaxın yeni və indiyə qədər praktikada tətbiq olunmamış indikator üzrə böyük nəticələrə nail ola bilməsidir. Bu o deməkdir ki, Azərbaycan hansı indikatorlar üzrə qiymətləndirmələrin dünya üzrə aparılacağını öncədən bilmədən bu istiqamətlərdə iş aparıb və deməli, hansısa hesabatda öncül olmaq yox, əhalinin iqtisadi və rifah vəziyyətinin yaxşılaşdırılması dövlətimizin və şəxsən cənab Prezident İlham Əliyevin fəaliyyətinin aparıcı motivini təşkil edib, edir. Sosial ədalətin səviyyəsinə görə Azərbaycanın ən yüksək yerdə bərqərar olması da ölkədə aparılan siyasətin məntiqinə tam uyğun nəticədir. Azərbaycanda hamının həsəd apardığı sabitliyin, prezidentə ictimai dəstəyin, millətlər və dinlərarası həmrəyliyin, ümumvətəndaş həmrəyliyinin kökü və təminatı məhz buradadır. Həqiqətən də əgər ölkədə sosial ədalət yüksək səviyyədə olmasa, davamlı sabitlik və daxili etibarlı təhlükəsizlikdən danışa bilmərik".
Ekspert bildirib ki, biznesin dinamikliyi, təhsil və infrastruktur indikatoru üzrə Azərbaycanın yüksək dünya reytinqi qazanması da reallıqlara tam uyğundur:
"Bu hesabat həm də dünya xalqlarına və dövlətlərə Azərbaycan prezidentinin fəaliyyətinin məqsədyönlü nəticələri ilə bir daha tanış olmaq imkanı verir. Dünya İqtisadi Forumunun dünya üzrə iqtisadi-sosial müfəttiş rolu oynadığını nəzərə alsaq, Azərbaycanın əldə etdiyi nəticələri heç də hər dövlətin nail ola bilmədiyi uğurlar kimi dəyərləndirmək lazımdır. Hesabat dünyaya bir daha göstərdi ki, Azərbaycan əhalinin sosial rifahının 100 faiz təmin olunduğu ölkədir, ən sürətli biznes qurmaq imkanları yaratmış ölkədir, ətraf mühitlə insan inkisafı arasında möhkəm əlaqə qurmuş ölkədir, infrastruktur layihələrə fasiləsiz önəm verən ölkədir".
A.Quliyev əlavə edib ki, Dünya İqtisadi Forumunun son hesabatının arxasında Azərbaycan prezidentinin 15 illik fəaliyyətinin ancaq bir hissəsi dayanır və əgər ölkədə görülən işlərin hamısı Dünya İqtisadi Forumu hesabatının indikatorlarının sırasına daxil edilsəydi, beynəlxalq reytinq göstəricilərimiz daha yüksək olardı: "Ancaq Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət deməyə əsas verir ki, gələcəkdə forumun daha yüksək reytinq tələblərinə cavab verən uğurların möhkəm əsası yaradılıb. İlham Əliyevin siyasəti Azərbaycanın bütün beynəlxalq reytinq göstəricilərinin yeganə təminat mənbəyidir".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir: "Bu baxımdan təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc kimi diqqət cəlb etməkdədir".
B.Quliyev qeyd edib ki, bütün əldə olunan nailiyyətlərimiz həyatımızda olduğu kimi, beynəlxalq hesabatlarda da öz əksini tapır: "Məsələn, ötən gün Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı təqdim edilib. Tamamilə yeni metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan nailiyyətləri və uğurları ilə ilk yerlərdə qərarlaşıb. Xüsusilə də hesabatda Azərbaycanın dünya səviyyəsində sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilməsi respublikamızda reallaşdırılan islahatların və görülən işlərin yüksək nəticəsini nümayiş etdirir".
Ekspertin sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış transmilli layihələr də ölkəmizin dünyadakı nüfuzunu yüksəldir, əhəmiyyətini artırır və mövqeyini gücləndirir: "Bu reallıqdır ki, birbaşa Azərbaycanın təşəbbüsü ilə Xəzər, Qara və Aralıq dənizləri hövzələrini birləşdirən TAP, TANAP, Cənub Qaz Dəhlizi artıq reallığa çevrilib, Qərblə Şərq arasında fasiləsiz nəqliyyat əlaqələrinin qurulması üçün Şimal-Cənub, Şərq-Qərb, eləcə də Avrasiya geostrateji məkanının önəmli layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ən etibarlı nəqliyyat dəhlizi formalaşdırılıb, regionun ən böyük dəniz ticarət limanı yaradılıb və nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanıb. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan sürətli və dinamik inkişaf edən dövlətlərin sırasında yer alır".
B.Quliyev deyib ki, bu gün dünyada elə ölkələr var ki, onların qaz, elektrik, yol problemləri var, amma Azərbaycan sosial infrastruktur sahəsində dünya ölkələrinə nümunə olacaq səviyyədə işlər görüb: "Elə hesabatda da Azərbaycanın əhalinin elektriklə təchizatı səviyyəsinə görə 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəldiyi vurğulanıb. Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Türkiyə, Serbiya, Cənubi Afrika Respublikası, Xorvatiya kimi ölkələrlə eyni cərgədə durması ölkəmizin dinamik inkişafından və tərəqqisindən xəbər verir".
Ceyhun ABASOV