|
|
|
|
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.
Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil "4.0" kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, "Qlobal Rəqabətlilik Hesabatı-2018/2019" yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Belə ki, hesabatın İnstitutlar, İnfrastruktur, İKT-nin istifadə səviyyəsi, Səhiyyə, Əmək bazarı, Biznes dinamikliyi və İnnovasiya potensialı sütun indikatorları üzrə Azərbaycanın mövqelərinin yaxşılaşması Qlobal Rəqabətlilik Hesabatı tərəfindən qeydə alınıb.
Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.
Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.
Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.
Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoru üzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.
Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.
Azərbaycan bü gün müxtəlif sahələr üzrə inkişaf dinamikasına malikdir. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında açıqlanan rəqəmlər də göstərdi ki, bütün sahələrdə inkişaf davam edir. Belə ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. Ümumilikdə bu il Azərbaycan üçün uğurlu il hesab olunur.
Sevindirici məqam bundan ibarətdir ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi tərəqqi yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tez-tez vurğulanır, hesabatlarda qeyd edilir. Buna nümunə kimi, 2009-cu ildə Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi" kimi qiymətləndirilməsini göstərmək olar. Əsas iqtisadi platforma hesab edilən Dünya İqtisadi Forumunun hesabatlarındada Azərbaycanın uğurları hər zaman yüksək qiymətləndirilib. Belə ki, Davos Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında" Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub. Ötən ilin sonunda isə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu il yanvarın 22-də Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilməsini şərh edən millət vəkili Azər Badamov "525"ə deyib ki, "Dünya İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə Azərbaycanı yüksək dəyərləndirilməsi, bir neçə pillə irəli çəkməsi, təbii ki, ölkəmizdə aparılan iqtisadi islahatların uğuru ilə bağlıdır. Azərbaycanda milli iqtisadiyyatın əsas 11 sektoru üzrə strateji yol xəritələrinin icra olunduğunu deyən deputat əlavə edib ki, bu yol xəritələrində iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişaf nəzərdə tutulub: "Dünya İqtisadi Forumunun bundan öncəki hesabatlarında müxtəlif indekslər üzrə ölkəmizlə bağlı geriləmələr var idisə, artıq bu xəritələrin icrası həmin sahələrin də inkişaf etməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, bu gün Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksək dəyərləndirilir".
Millət vəkili qeyd edib ki, ölkəmizin beynəlxalq hesabatlarda irəliləməsi sevindirici haldır: "Çünki bu, rəqabət qabiliyyətli iqtisadiyyata malik olan ölkələrə investorların marağını daha da artırır ki, bu da ölkə iqtisadiyyatının daha da sürətlənməsinə imkan yaradır. Hesabatda yer alan göstəricilər təbii ki, Azərbaycan iqtisadiyyatının reallığıdır. Dünyada 197 ölkə var. Rəqabət qabiliyyətlilik əmsalı 155 ölkə arasında aparılır. Azərbaycanın bu ölkələr sırasında 35-ci yerdə olması və daha da irəliləməsi ölkəmizin inkişafı deməkdir. Bizdən öncə ölkələrə nəzər yetirərkən bu ölkələrin inkişaf etmiş ölkələr və iqtisadiyyatı rəqabətə dözümlü olduğunu görürük. Azərbaycanın bu ölkələr arasında yer alması əlbəttə ki, sevindiricidir. İcrasına başladığımız islahatlara və müəyyən olunan hədəflərə çatdıqdan sonra ölkəmiz ilk yerlərdə qərarlaşa biləcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Rüfət Quliyev isə hesab edir ki, Azərbaycanın beynəlxalq reytinqlərdə daim irəliləməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət modelinin düzgün seçildiyini göstərir. Deputatın sözlərinə görə, Azərbaycanda bu modelin bəzi formaları 2015-2016-cı illərdə tətbiq edilərək müsbət nəticələr əldə edilib: "Bildiyiniz kimi, həmin dövrdə bir sıra ölkələr maliyyə böhranı ilə üz-üzə qalsalar da, Azərbaycan iqtisadiyyatı bu problemlərlə mübarizəsini göstərdi. Bu gün kifayət qədər iqtisadi əlaqələrə malik olduğumuz qonşu ölkələr - Rusiya, İran və Türkiyə, Qazaxıstanda milli valyuta ilə bağlı böyük devalvasiya yaşandı. Azərbaycanın milli valyutası artıq xeyli müddətdir ki, stabildir və ölkəmizdə devalvasiya ilə bağlı heç bir gözlənti yoxdur. Bundan əlavə, həmin ölkələrin inflyasiyaya məruz qaldığı da ortadadır". R.Quliyev söyləyib ki, Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında irəliləməsini ölkəmizdə sosial-iqtisadi siyasət modelinin formalaşması, inkişafı ilə yanaşı, həm də onun tətbiqinin müsbət nəticələri kimi dəyərləndirmək olar: "Bildiyiniz kimi, hesabat tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Bu hesabatda ölkəmizin bir neçə indikator üzrə yüksək nəticələr əldə etməsi, Azərbaycanın iqtisadi inkişaf reallıqlarının nümayişi ilə yanaşı, beynəlxalq imicinin daha da yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, ölkəmiz növbəti hesabatlarda bundan da üstün nəticələr əldə edəcək".
PƏRVANƏ