Noyabrın 27-29-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya və Şərq. Akademik şərqşünaslığın 200 illiyi” mövzusunda beynəlxalq forum keçirilib.
Forum Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun yaranmasının 200 illiynə həsr olunub. Tədbirdə Azərbaycanı AMEA prezidenti akademik Akif Əlizadənin başçılığı ilə nümayəndə heyətimiz təmsil edib. Bu barədə AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov məlumat verib.
Nümayəndə heyətinə AMEA Humanitar elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA İctimai elmlər bölməsinin akademik katibi akademik Nərgiz Axundova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili akademik Gövhər Baxşəliyeva və digərləri daxil olublar.
20 ölkədən 300-dən çox alim-tədqiqatçı qatılan Forumun təntənəli açılış mərasimində akademik Akif Əlizadə geniş nitq söyləyib və Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivinə yubiley təbrikini çatdıraraq, Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İ.F.Popovaya təqdim edib.
Forumun ikinci günündə Azərbaycan alimləri adından akademik Nərgiz Axundova REA Şərq Əlyazmaları İnstitutunun kollektivini bu böyük yubiley münasibətilə səmimi qəlbdən təbrik etdi.
Daha sonra müzakirələr keçirilib. Azərbaycanlı alimlər əsasən “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər” mövzusunda dəyirmi masada iştirak ediblər. İlk öncə söz AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevaya verilib. O, REA Şərq Əlyazmaları İnstitutunun direktorunu və çoxsaylı kollektivini yubiley münasibətilə təbrik edib, xoş arzularını bildirib. G.Baxşəliyeva vaxtilə Rusiya və Azərbaycan şərqşünasları arasında mövcud olmuş sıx əlaqələrdən söhbət açıb və bu gün də həmin əlaqələrin bərpasına böyük ehtiyac olduğunu vurğulayıb.
Sonra tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutu ilə REA Şərq Əlyazmaları İnstitutu arasında elmi-təşkilati əməkdaşlıq haqqında protokol imzalanıb. İmzalanan protokol İnstitutların mövcud şöbələrinin birgə layihələr həyata keçirmələrini, tədqiqatlar aparmalarını, elmi işçilər və doktorantlar üçün qarşılıqlı təkmilləşdirmə kurslarının təşkilini, elmi, dövrü ədəbiyyat və kadr mübadiləsini nəzərdə tutur. Protokolu Azərbaycan tərəfdən AMEA Şərqşünaslıq İnstitutunun direktoru akademik G.Baxşəliyeva, Rusiya tərəfdən REA Şərq Əlyazmaları İnstitutunun direktoru İ.Popova imzalayıb.
Daha sonra akademik G.Baxşəliyevanın postsovet dövründə AMEA Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətinə həsr olunmuş məruzəsi dinlənilib.
G.Baxşəliyeva 60 il öncə yaradılmış Şərqşünaslıq İnstitutunun qarşısında duran başlıca vəzifənin Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mәdәni inkişafının qanunauyğunluqlarının öyrәnilmәsi olduğunu deyib: “Yüksək ixtisaslı kadrların sayəsində İnstitutda aparılan tədqiqatların mövzu dairəsi də genişləndirilib. Kollektivin əsas fəaliyyəti Şәrq xalqlarının tarixinə, iqtisadiyyatına, ictimai-siyasi fikrinə və filologiyasına dair aktual problemlərin kompleks tədqiqinə yönəlib. Bundan əlavə İnstitutda ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparılır. Keçmiş İttifaqın şərqşünaslıq mərkəzləri ilə sıx əlaqə, elmi təcrübə mübadiləsi, Azərbaycana bu sahənin inkişafında böyük kömək göstərib.
Akademik G.Baxşəliyeva tədbir iştirakçılarına bu gün Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən şöbələr və hər bir sahədə nəşr olunan fundamental əsərlər barədə ətraflı məlumat verib.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.