|
|
|
|
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Asiya İnkişaf Bankının (AİB) Bakı ofisinin rəhbəri Nəriman Mannapbekovla görüş keçirib.
Nazirlikdən verilən məlumata görə, görüşdə nazir qeyd edib ki, AİB-nin yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur.
S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan tam şəffaf, sadə və əlçatan prosedurlarla təqdim edilməsi üçün aparılan islahatlar barədə məlumat verib. O, həmçinin, sosial təminat, o cümlədən, pensiya təyinatı sisteminin elektron infrastruktur üzərində təkmilləşdirilməsi üçün atılan addımları diqqətə çatdırıb.
Nazir AİB-lə 2014-2018-ci illər üzrə "Ölkə tərəfdaşlıq strategiyası" çərçivəsində əməkdaşlıq təcrübəsindən, həmçinin, "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi" layihəsindən bəhs edib. S.Babayev layihənin, habelə Təşkilatın Ölkə üzrə Diaqnostik Təhlilin hazırlanması ilə bağlı artıq yekunlaşmaqda olan işlərin önəmini qeyd edib.
N.Mannapbekov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatları maraqla izlədiklərini və bu islahatların təqdirəlayiq olduğunu, birgə işlərin daha geniş müstəvidə davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş AİB-lə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi ilə davam edib.
C.ABASOV