
Milli Məclisin üzvü, yazıçı Aqil Abbasın yeni hekayəsindən parçalar:
Köklü qarabağlılar, özlərini xan-bəy nəvəsi sayanlar isə İsa bulağının suyunu bəyənməzdilər ki, adamı köpdürür. Zarıslı bulağını xoşlayırdılar. Doğrudan, bu suyun dünyada əvəzi yox idi. Nə qədər yeyirsən-ye, nə qədər vurursan-vur, üstündən bircə stəkan içib cır armudla da bir dişləm yeyəndən sonra elə acırdın ki, üstündən bir cəmdək də yeyə bilərdin. Zarıslının cır armudu da arağın dərmanı idi.
***
- Dayı, bu ağdamlılar bu qədər pulu hardan alırlar?
- Mən nə bilim, ə? Özdəri kəsirlər.
- Dayı, bəs sən bu qədər pulu hardan alırsan?
- Ə, sarsağ oğlu sarsağ, abaxeyis-zadsan. Mən də onnardan öyrənmişəm. Üç il havayıdan orda selxoztexnikomda oxumamışam ha. O texnikom deyildi ey, akademiyaydı. Onun hesabına otuz ildi sədr işləyirəm. İnşallah, bu payız səni də ora düzəldəjəm. Oxu, adam ol.
- Dayı, doğrudan onların bazarında atom bombası satırlar?
- Ə, gopa basırlar. Atom bombası nəəzir, iki dənə varıydı, onu da nemesdər düzəltmişdilər, amerikalılar da nemesdərdən oğurluyuf atdılar Yaponiyya, day qalmadı. Olseydı tapıb gətirib satardılar fələstinlilərə, onnarın da canı İsraildən qurtarardı. Amma yanıcüjəli toyux nə qədər istəsən; - dedi belindəki nikel tapançanı çıxarıb sığalladı və yenidən qoydu belinə.
***
- Bajoğlu, bilirsən Məcidov nə kişidi? Bizim Mirhacib ağanın oğludu. Halal adamdı. Dost-doğma da əmuşağıyıx. Burda Qorponun müdiriydi. Keçən dəfə gələndə saldı məni isklada, hamısı da importnı mal. Dedi, əmoğlu, ürəyin nə istiyir seç. Xeylax şey-şüy aldım. Nə qədər elədim əlimi civimə salmağa qoymadı, dedi buralar saa qurbandı. Gələn dəfə gələndə gedərik bir Ağcavədiyə, həm seyidin ojaxına, həm də qonağı olarıx. Oğlu da fəxrimizdi, şairdi, kitavı-zadı da çıxıf.
***
Deməli, bir dəfə ispalkom gəlir bazara. Görür bu kişi oturuf elə indi oturduğu yerdə. Bazarkoma deyir ki, ə, bunu yolun ortasından götürün, başqa yerə qoyun. Hopstof götürüf qoyullar bir kənara. Axşam İspalkom evəələndə sekadan zəng gəlir ki, bəs, bizim orda bir yetimçə var, bazarda çəhməçilik edif balalarını saxlıyır, onu incitmisən. Qoy harda istiyir, orda da otursun. İspalkom dəli olur. Tez bazarkomu tapıf deyir ki, bu dəyqə gedirsən bazara, o oğraşı tapıf şey-şüyünü də götürüf indiyəcən harda oturmuşdu qoyursan ora, canı çıxsın. Bildin? Burda hərənin bir dayısı var ey!
HEKAYƏNİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ



