Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyi münasibətilə "Həmid Araslı - 110" adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə olan əsərləri, redaktə etdiyi, "Ön söz" yazdığı, ədəbi-elmi fəaliyyəti haqqında yazılan ədəbiyyatlar sərgilənir.
Fevralın 24-də isə kitabxana yeni sərgisini ictimai fikir tarixində, milli ideologiyanın formalaşmasında, ədəbiyyatın və mətbuatın inkişafinda əhəmiyyətli rol oynamış Azərbaycan mütəfəkkiri və ədibi Əli bəy Hüseynzadənin anadan olmasının 155 illiyinə həsr edib.
Kitabxanada bildirilib ki, "Əli bəy Hüseynzadə-155" adlı sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, ictimai-siyasi məzmunlu məqalələri, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Milli Kitabxanada açılan növbəti kitab sərgisi isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi, görkəmli geoloq-alim, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin anadan olmasının 85 illik yubileyi münasibətilə "Akif Əlizadə-85" adlandırılıb.
Sərgidə akademikin Azərbaycan dilində və xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru, layihə rəhbəri və məsləhətçisi olduğu, ayrı-ayrı müəlliflərin onun haqqında yazdıqları kitablar, həmçinin, dövri mətbuat materialları nümayiş olunur.
Hər üç sərgi bir həftə davam edəcək.
ŞAHANƏ