|
|
|
|
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yarandığı gündən bir çox xarici ölkələrin müvafiq təhsil və sənət müəssisələri ilə əlaqələr qurub.
Son üç il ərzində iki beynəlxalq müsabiqənin keçirilməsi, akademiyada 17 dünya şöhrətli rəqqasın ustad dərsi keçməsi, akademiyanın dünyanın aparıcı xoreoqrafiya profilli müəssisələri ilə 12 sazişin imzalanması və Avropa İncəsənət İnstitutları Liqasının daimi üzv seçilməsi, akademiyada 10-dan çox xarici tələbənin təhsil alması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Akademiyanı bir neçə xarici diplomatik nümayəndə ziyarət edib, akademiya və təmsil etdikləri ölkə arasında əməkdaşlıq münasibətləri qurulub.
Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Peru Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Milaqros Kastanyon Seoaneni onun təşəbbüsü ilə qəbul edib.
Qəbul zamanı professor T.Əfəndiyev Azərbaycan mədəniyyəti və incəsənəti tarixindən, qədim ənənələrimizdən, müasir sənət prosesindən, eyni zamanda, xoreoqrafiya sənətinin tarixi və nailiyyətləri barədə geniş məlumat verib, akademiya, buradakı elm, tədris və yaradıcılıq fəaliyyəti haqqında danışıb.
Xanım səfir Azərbaycan rəqs sənətinin, Azərbaycan milli baletinin vurğunu olduğunu qeyd edərək, cari görüşdə aldığı məlumat və təəssüratdan məmnun olduğunu bildirib. Peru Respublikasında klassik rəqs ənənələrinin geniş vüsət almadığını deyən xanım səfir, bu baxımdan Azərbaycan təcrübəsindən yararlanmağa hazır olduqlarını və bunun üçün kompleks tədbirlər görüləcəyini vurğulayıb. Bu tədbirlər sırasında Perunun müvafiq təhsil və sənət ocaqları ilə beynəlxalq sazişlərin bağlanması, Peru gənclərinin Bakı Xoreoqrafiya Akademiyasında bakalavr və magistr təhsili alması, akademiyanın təcrübəli müəllimlərinin Peru sənət ali təhsil müəssisələrində ustad dərslərinin təşkil olunmasını göstərmək olar.
Sonda professor T.Əfəndiyev 2019-cu ildə akademiyanın 90 illik yubileyi ilə əlaqədar həyata keçiriləcək tədbirlər, nümayiş etdiriləcək rəqs və balet tamaşalarına Peru Respublikasının diplomatik nümayəndələrini dəvət edib.
Şahanə MÜŞFİQ