|
|
|
|
"Ölkəmizdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, xüsusilə dini etiqad azadlığının qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, tolerantlıq və multikulturalizmin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür".
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyada dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun, əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi, dini təhlükəsizliyin təmin edilməsi istiqamətində, habelə islamofobiya, ksenofobiya və bu kimi mənfi tendensiyalara qarşı mübarizədə hərəkətverici qüvvəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun mərkəzi rolunu oynayır.
Birinci vitse-prezident Mehriban Əliyevanın humanist və mərhəmət prinsiplərinə əsaslanan nəcib fəaliyyəti dünya üçün nümunədir:
"Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri, xüsusilə dini təhlükəsizlik gələcəkdə də uğurla təmin olunacaq. Ancaq bununla yanaşı, biz dünyada gedən prosesləri diqqətlə izləməliyik. Belə ki, insan hüquqları anlayışının beynəlxalq güclər üçün bir məşğuliyyətə, təzyiq alətinə çevrilməsini, eləcə də bəzi müsəlman ölkələrindən din azadlığı adı altında, əslində məzhəbçiliyin təbliği üzrə son dərəcə təhlükəli təhdidləri nəzərə alsaq, bir an olsun belə arxayınlaşmamalıyıq. Dövlət başçımızın deyimi ilə, ölkəmizi mümkün xarici risklərdən qorumaq üçün əlimizdən gələni etməliyik".
S.QARAYEVA