|
|
|
|
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Şamaxı rayonunda müşavirə keçirilib.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, bu il fevralın-5-6-da baş vermiş zəlzələnin törətdiyi fəsadlarının aradan qaldırılması ilə bağlı keçirilən müşavirədə Ağsu, Şamaxı və İsmayıllı rayonlarının icra başçıları iştirak ediblər.
Nazir Kəmaləddin Heydərov müşavirənin zəlzələdən zərər çəkən vətəndaşların şikayətlərinə baxılması, qəzalı evlərin sökülməsi və yerində yenilərinin inşası olunması ilə bağlı bu günədək görülən işlərin müzakirəsi məqsədi ilə keçirildiyini deyib. Tədbirdə məlumat verilib ki, 3 rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8889 müraciət daxil olub.
Komissiya tərəfindən indiyədək 8691 müraciətə baxılıb ki, onlardan 5425-i Şamaxıda, 2044-ü Ağsuda, 1229 İsmayıllı rayonlarını əhatə edir. Şamaxıda 270, Ağsuda 255, İsmayıllıda 112 evə qəzalı statusu verilib. Ümumilikdə 637 ədəd qəzalı, 1936 ədəd bərpaya ehtiyacı olan ev müəyyən edilib. Hazırda 260 evin podratçı şirkət tərəfindən söküntüsü prosesi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Digər evlərdə qaz, su, elektrik, rabitə xətlərinin kəsilməsi işləri aparılır.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Müşavirədə podratçı tikinti şirkətinin rəhbərləri gördükləri işlər barədə məlumat veriblər. Onlar bildiriblər ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır, işlərdə ləngimələr müşahidə olunmur.
Nazir K. Heydərov bildirib ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar: "Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır".
Nazir, həmçinin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlıq da edib: "Mehriban xanım zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərdi, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu ənənə ağır vəziyyətlərin birində həmrəylik nümayiş etdirməyin göstəricisidir. Bu məsələ cənab Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum öz məsuliyyətini artırmalıdır. Biz yeni evlərin inşasını və bərpasını vaxtında başa çatdırmalıyıq ki, zərər çəkən ailələr rahat, gözəl evlərdə yaşayasın".
Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.