|
|
|
|
Azərbaycanın Xalq artisti, qocaman səhnə ustası, teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin (1914-1994) doğum tarixində, Gəncədə, onun yaşadığı binanın qarşısına xatirə barelyefi vurulub.
Əlamətdar hadisə münasibətilə ziyalılar Məmməd Bürcəliyevin xatirəsini yad etmək üçün bura gəliblər. Xalq artistinin oğlu Anar Bürcəliyev ailə üzvləri adından görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib.
1935-ci ildən ömrünün sonunadək Gəncədə yaşayıb-yaradan görkəmli sənətkar 1914-cü il aprelin 25-də Şəki şəhərində anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil oub. Gənc Məmməd Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb.
Teatr fəaliyyəti ilə yanaşı, Məmməd Bürcəliyev həmçinin, N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsində də təhsil alaraq, mükəmməl bədii sənətkar kimi püxtələşib. Hətta 1948-ci ildə M.Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Tezliklə bu əsər Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyes elə həmin il "Müasir dramaturqların əsərlərinə baxış" adlı İmumittifaq festivalında 3-cü dərəcəli mükafata layiq görülür. M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin də müəllifidir.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən çox maraqlı obrazlar qalereyası yaradıb, həmçinin, 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib.
M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür"də Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam"da Hacı Baxşəli kimi obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük enerjisindən xəbər verir.
Teatr fəaliyyətilə yanaşı, Məmməd Bürcəliyev Gəncənin musiqi həyatında da öz izlərini qoyub. Belə ki, o, 1944-1945-ci illərdə böyük bəstəkarımız Fikrət Əmirovla birgə bu şəhərdə ilk dəfə olaraq filarmoniya yaradılmasına müvəffəq olublar. Gəncə Dövlət Filarmoniyasının ilk direktoru da elə Məmməd Bürcəliyev olub. Görkəmli sənətkar 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Məmməd İsmayıl oğlu Bürcəliyev 1994-cü ildə Gəncə şəhərində vəfat edib.
Zakir Muradov
Gəncə