Bakı növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Dünən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkəmizdə daim dini tolerantlığın hökm sürdüyünü vurğulayıb. Respublikamızda multikulturalizmin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən dövlət başçısı 2016-cı ilin Azərbaycanda multikulturalizm, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan edildiyini bildirib. Prezident deyib ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Bu baxımdan, multikulturalizm və bu yöndə Azərbaycanda keçirilən digər silsilə beynəlxalq tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilən növbəti forum çərçivəsində aparılacaq müzakirələr, fikir mübadiləsi ümumi məqsədlərə xidmət edəcək. "Bakı Prosesi"nin BMT və digər mötəbər təşkilatlar tərəfindən dəstəkləndiyini deyən Prezident İlham Əliyev burada qəbul edilən qərarların əhəmiyyətdən danışıb. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın müstəqillik baxımından gənc olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdıran prezident dövlət siyasətinin dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsinə yönəldiyini vurğulayıb. Ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə toxunan dövlət başçısı boru kəmərləri vasitəsilə Xəzər dənizinin Qara dənizlə birləşdiyini, Avropanın enerji təhlükəsizliyinə xidmət edən bu kəmərlərin, həmçinin, Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizlərinin həm də ölkələr və xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib və bu münaqişənin yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib.
Bakı Forumunun əhəmiyyətindən danışan Milli Məclisinin deputatı Tahir Mirkişili qeyd edib ki, son zamanlar dünyada münaqişələrin artması, miqrant problemləri, irqi və dini dözümsüzlük müxtəlif ölkələr və xalqlar arasında ziddiyyətlər yaradıb. O, SİA-ya bildirib ki, bu ziddiyyətlər getdikcə daha da dərinləşməkdədir: "Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yenidən ortaya çıxıb və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir".
Bəşər tarixində heç bir zaman bu qədər mədəniyyətlərarası dialoqa ehtiyacın olmadığını deyən T.Mirkişili qeyd edib ki, baş verən ziddiyyətlərin aradan qaldırılmasının ən doğru yolu məhz dialoq, qarşılıqlı hörmət və anlaşmadır: "Azərbaycanın müasir dünyada rolu da məhz bu dəyərlər üzərində qurulub. Ölkə başçısının apardığı siyasət və bunun nəticəsi olaraq Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı xilas etmək yolunda mühüm təşəbbüs və addımdır. Azərbaycanın qlobal dialoqun mərkəzinə çevrilməsi ölkə başçısının uzun illər apardığı sülh və əməkdaşlığa əsaslanan siyasətinin uğurudur. Bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olmalı, bütün problemləri açıq şəkildə müzakirə etməli, öz fikirlərini bildirməlidirlər".
Deputat hesab edir ki, Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib: "Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Bundan sonra yəqin ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaq".
Deputat Bəxtiyar Əliyev də hesab edir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun çox böyük əhəmiyyəti var: "Forum Şərq və Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır".
Deputat qeyd edib ki, ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərin dialoqu üçün mühüm platformaya çevrilib: "Forumda dünyanı narahat edən məsələlərlə yanaşı, gənclərin problemləri, mədəniyyətlər, dinlərarası dialoq, tolerantlıq, birgə yaşayış və digər sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunur".
B.Əliyevin sözlərinə görə, ən əhəmiyyətli məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun tərəfdaşlığı ilə keçirilir: "Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının İSESCO adlı qurumu var ki, onu İslam ölkələrinin UNESCO-su adlandırırlar. Azərbaycan hər iki qurumu birləşdirdi. Eyni zamanda, burada üçüncü qurum da iştirak edir. Söhbət Türkdilli Ölkələrin Mədəniyyəti və İrsi Beynəlxalq Fondundan gedir".
"Forum Azərbaycanı dünyada tanıtmaqla yanaşı, həm ölkə həqiqətlərimizin beynəlxalq aləmə çatdırılmasında, həm də dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində əvəzsiz rol oyanyır. Bu baxımdan forumun siyasi, iqtisadi və mədəni əhəmiyyəti var", - deyə deputat əlavə edib.
C.ABASOV