
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfransda çıxış edən Komitə sədrinin müavini Gündüz İsmayılov bildirib ki, dövlət-din münasibətlərinin normal inkişafı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, dini icmalar, qeyri-hökumət təşkilatlarının birgə əməkdaşlığı olduqca vacibdir.
Gündüz İsmayılov bildirib ki, ideoloji təhlükəsizlik, din sahəsində çətinliklər, problemlər dedikdə ilk ağla gələn dini radikalizm olur.
Amma təəssüf ki, cəmiyyəti narahat edən təkcə dini radikalizm deyil:
"Təəssüf ki, din pərdəsi adı altında başqa məsələlər də var ki, bunlar da narahat edən məqamlardır. Məsələn, din adı altında milli kimliklə dini kimlik anlayışının, azərbaycançılıq ideologiyası ilə İslamın qarşı-qarşıya qoyulması, dünyəvilik prinsiplərinə zidd təbliğatın aparılması, qadın hüquqlarına, Azərbaycanın ənənəvi ailə institutuna, dünyəvi təhsil sisteminə qarşı təhdid cəhdləri var. Bunlar hamısı geniş spektrdə müzakirə edəcəyimiz məsələlərdir. Bu məsələlərin həlli istiqamətində də birgə layihələr həyata keçirmişik, uğurlu fəaliyyətimiz var".



