"Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun bütün əməkdaşlarını təbrik edir və gələcək şərəfli elmi fəaliyyətlərində uğurlar arzulayıram".
APA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov institutun yaradılmasının 90 illiyi ilə bağlı tədbirdə deyib.
O bildirib ki, Neft-Kimya Prosesləri İnstitutunun Azərbaycanda neft-kimya sənayesinin inkişafında, neft kapitalının insan kapitalına çevrilməsinə böyük xidmətləri olub. "Bilirik ki, Azərbaycanın əsas makro iqtisadi göstəricilərində neft-kimya sənayesi xüsusi çəkiyə malikdir. İnstitut doktorantura və magistratura mərhələlərində çox dəyərli kadrlar hazırlayır”.
Nazir deyib ki, Azərbaycanda ötən tədris ilində dövlət sifarişi ilə təhsil alanların sayında 44 faiz artım olub: “Təhsilin keyfiyyət məsələsi də həmişə gündəmdə olub. Dünya təhsil sistemində olan yeniliklərin Azərbaycan təhsilinə gətirilməsi istiqamətində işlər görülür. Son 5 il ərzində ali təhsil alanların sayı 21 faiz artıb".