|
|
|
|

Rəsmi İrəvanın yarıtmaz xarici siyasət yeritdiyi haqqında çox yazılıb. Lakin bu reallığı erməni analitik və ekspertlər etiraf etmirdilər. İndi vəziyyətin dəyişdiyi müşahidə edilir. Ermənistan dövlət olaraq faktiki surətdə təcrid halındadır. Onun regional miqyasda mövcud olan problemlərinə qlobal səviyyədə yeniləri əlavə olunub. Yaranmış bu vəziyyətdən çıxış yolları isə hələlik məlum deyil.
Xarici siyasətin məntiqsizliyi
Son zamanlar Ermənistanın xarici siyasəti ilə bağlı müzakirələr çoxalıb. Bu ölkənin siyasətçiləri, analitikləri və ekspertləri həmin sahədə yaranmış vəziyyəti narahatlıqla təhlil edirlər. Səbəb ondan ibarətdir ki, Ermənistan geosiyasi aspektdə özünü mürəkkəb bir duruma salıb. Bundan çıxış yollarını isə tapa bilmirlər. Açıq etiraf olunur ki, Ermənistan təcrid vəziyyətindədir.
İrəvan üçün problemlər bununla bitmir. İndi dövlətin faktiki olaraq həm Qərb, həm də Rusiya tərəfdən güclü təzyiqlər altında olduğu vurğulanır. Xatırladaq ki, cəmi bir neçə ay əvvələ qədər erməni mütəxəssislər ölkənin müstəqilliyindən, əldə etdiyi geosiyasi nailiyyətlərdən və bunun fonunda Türkiyə ilə Azərbaycanın düşdüyü ''çox çətin durumdan" ağızdolusu yazırdılar.
Erməni yazarlar sevinclə qeyd edirdilər ki, İrəvan özü üçün yaranmış əlverişli vəziyyətdən səmərəli istifadə edir. Bu il sentyabrın 3-də Serj Sarkisyanın Moskvada Gömrük İttifaqına daxil olmaq haqqında verdiyi bəyanatdan sonra isə sanki ''qurbağa gölünə daş atdılar". Maraqlıdır ki, indi də eyni çılğınlıqla Ermənistanın müstəqil dövlət kimi formalaşa bilmədiyini vurğulayırlar. Görünür, ümumilikdə erməni siyasi şüuru böhran keçirir və heç bir təkamül prosesi baş vermir.
Bütün bunların fonunda Ermənistanın ölkə kimi düşdüyü bugünkü vəziyyətə analitik və ekspertlərin münasibəti üzərində dayanmağa dəyər. İqor Muradyan ''Lragir" nəşrinin saytında dərc edilən məqaləsində sual verir: ''...vassal qurum olan ermənilər kimi təmsil edirlər?" (bax: Игорь Мурадян. Армения в изоляции – это факт / ''Lragir.am", 19 oktyabr 2013). Müəllif burada ''vassal qurum" ifadəsi altında Ermənistan dövlətini nəzərdə tutur. O, konkret faktlarla sübut edir ki, İrəvan Moskvanın dedikləri ilə oturub-durur. Bunu Qərb görür və erməniləri hesaba almır. Başqasından tam asılı olan bir xalqa kim hörmət edər ki?
Həmin istiqamətdə fikirlərini inkişaf etdirən İ.Muradyan belə qənaətə gəlir: ''Bu halda Rusiyanın vəzifəsi ssenarini (Ermənistanı təsir altında saxlamağı – müəllif) dönüşü olmayan nöqtəyə çatdırmaqdan ibarətdir. Başqa sözlə, Moskva bu xətti Ermənistanın dünyanın siyasi xəritəsindən yoxolma məqamına – beynəlxalq aləmin bununla barışması və alışmasına nail olmağa qədər inkişaf etdirməlidir. Onda ermənilərlə (hələ Ermənistanı nəzərdə tutmuruq) necə istəsələr elə də rəftar edə bilərlər" (bax: əvvəlki mənbəyə).
Erməni analitik açıq bildirir ki, Ermənistanın xarici siyasət kursu dövlətin beynəlxalq aləmdə nüfuzunu tamamilə itirməsinə doğru aparır. Yaxın perspektivdə hər hansı geosiyasi məsələ ilə bağlı bu ölkənin fikrini soruşan olmayacaq. Bunun üçün Kremlin mövqeyini bilmək kifayət edəcək. Bu da həm bir millət olaraq ermənilərin saya alınmamasına, həm də dövlət kimi müstəqil olmadığı nəticəsinin çıxarılmasına səbəb olacaq. İ.Muradyanla razılaşmamaq olmur.
Geosiyasi iflasın üç əlaməti
Əslində, Ermənistanın siyasi dairələrinin bərbad fəaliyyəti bir neçə aspektdə ölkəni ziddiyyətli vəziyyətə salıb. Birincisi, o, dövlət olaraq geosiyasi mövqeyini müəyyənləşdirə bilmir. İndiyə qədər həmin istiqamətdəki fəaliyyətində süni faktorlara dayanan xətt götürdüyündən müvəqqəti təsiri olur və ''zəif geosiyasi külək" belə onu darmadağın edir.
Bu aspektdə mövcud vəziyyəti lakonik belə ifadə etmək olar: ''Ermənistan Avropa strukturlarında özünə olan etibarı itirib, Rusiyada isə onu saymamaqda davam edirlər" (bax: Армения потеряла доверие к себе в европейских структурах, а в России продолжают ею пренебрегать / ''1in.am",19 oktyabr 2013). Bu haqda Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş rəhbəri Ovannes İgityan ''1in.am" portalına verdiyi müsahibədə deyib.
İkincisi, Ermənistan rəhbərliyi eyni məsələ haqqında məntiqsiz və bir-birinə zidd fikirlər söyləyirlər. Bu da beynəlxalq siyasi dairələrdə gülüş doğurur. Misal olaraq S.Sarkisyanın Moskvada danışdıqları ilə spiker O.Abramyanın Avropada söylədiklərini göstərə bilərik.
Ermənistan prezidenti Kremldə ölkəsinin nəyə görə Avropadan və ora inteqrasiyadan danışdığına haqq qazandırmağa çalışdığı bir vaxtda, O.Abramyan avropalılara nə üçün kursu dəyişib Gömrük İttifaqına daxil olduqlarını izah etməyə cəhd edirdi.
Avropalı məmurlar isə bunu təbəssümlə qarşılayırdılar. Çünki bütün bunları özünü müstəqil hesab edən dövlət üçün alçaldıcı sayırlar və ''ümumiyyətlə, Avropa O.Abramyanı şəxsiyyət kimi qəbul etmir" (bax: əvvəlki mənbəyə). Erməni analitiklər hesab edirlər ki, belə bir vəziyyətin yaranmasının kökündə spiker O.Abramyanın ölkənin siyasətindən xəbərsiz olması durur.
Bəs səbəb nədən ibarətdir? Ekspertlər bu vəziyyəti belə izah edirlər: Ermənistanda bütün rəsmi orqanlar S.Sarkisyanın ağzına baxırlar. Onların işi prezidentin dediklərinə haqq qazandırmaqdan ibarətdir. Bu zaman heç bir yüksək vəzifəli şəxs öz fikrini söyləyə bilməz.
Məsələn, S.Sarkisyanın AŞPA-dakı çıxışı zamanı erməni nümayəndə heyətinin üzvü Z.Postancyan ona sual verib. Sual erməni prezidentin xoşuna gəlməyib. İndi həmin deputatı ölümlə hədələyirlər.
Bunlar Ermənistanda demokratiyadan əsər-əlamətin olmadığını göstərir. O.İgityan həmin aspektdə Avropa ilə Ermənistanı müqayisə edir və J.-M.Barrozunun Aİ-nin siyasətində yalnız fikir söyləyənlərdən biri olduğunu vurğulayır. Ermənistanda isə əksinə, siyasətin özü elə S.Sarkisyandır.
Təəssüf ki, Qərbin rəsmi dairələri və beynəlxalq təşkilatlar ermənilərin özlərinin etiraf etdikləri bu gerçəkliyi nəzərə almır və Ermənistanı himayə edirlər. Onlar ikili standartlarla bütövlükdə Cənubi Qafqazda gərgin vəziyyətin yaranmasına imkan yaradırlar.
Onu demək lazımdır ki, bu cür geosiyasi tərəddüdləri ilə rəsmi İrəvan İranla münasibətləri də təhlükə altına alıb. Ekspertlər hesab edirlər ki, Ermənistanın yeritdiyi xarici siyasət onun İranla münasibətlərinə zərbə vura bilər (bax: Акоп Бадалян. Иран обеспокоен тенденциями в Армении / ''Lragir.am", 17 oktyabr 2013).
Arqument kimi onlar bu günlərdə bədnam yazıçı Z.Balayanın Rusiyanı Dağlıq Qarabağa dəvət etməsini göstərirlər. Əgər rus əsgərləri Azərbaycanın işğal edilmiş bu ərazisində yerləşdirilsə, regional miqyasda geosiyasi problemlər yarana bilər. O cümlədən, Tehran öz sərhədləri boyu güclü Rusiya ordusunun olmasını istəmir. Bu, onun üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri daha da kəskinləşmiş olur.
Bütün bunlar erməni siyasətinin iflasının üçüncü aspektini təşkil edir. Hazırda Ermənistan üçün regionda risk qrupunun artdığını təsdiqləyir. Analitiklər həmin tendensiyanın səbəbini ermənilərin ərzaq, energetika, nəqliyyat, iqtisadi struktur kimi sahələrdə asılılığına Ermənistana siyasi aspektdə təzyiqlərin artmasının əlavə olunmasında görürlər (bax: Группы рисков Армении возрастают / ''Lragir.am", 19 oktyabr 2013). Əsas isə odur ki, İrəvanın bu cür təhlükənin mümkün nəticələrini əvvəlcədən hesablamaq imkanı yoxdur. Çünki o, müstəqil siyasət yeritmir.
Belə çıxır ki, Ermənistan aciz bir vəziyyətə düşüb. Onun xarici siyasəti reallıqda ''axmaqlıqlar silsiləsidir". Görünür, İrəvanın bu mənada son axmaqlığı ona çox baha başa gələcək. Nə etmək olar, günahkar özləridir.
Newtimes.az



