|
|
|
|
Zərdabi Mətbuat Mərkəzi və "KredAqro" Bank Olmayan Kredit Təşkilatı "Bank-kredit məsələləri - regional KİV-lər və ictimaiyyət" mövzusunda üçüncü dəyirmi masasını Quba şəhərində keçirib. Tədbir "KredAqro" BOKT-nin şəhərdəki filialında baş tutub. "Dəyirmi masa"da rayonda fəaliyyət göstərən bank-kredit təşkilatlarının yerli filiallarının, Qubada çıxan bölgə qəzetlərinin, jurnalların, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərin regional müxbirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə bildirib ki, rəhbəri olduğu qurum səkkiz il əvvəl yaranıb və bu müddətdə KİV-ləri və müxtəlif sahə təmsilçilərini bir araya gətirən tədbirləri reallaşdırmaqla qarşılıqlı əlaqələrin inkişafına səy göstərməkdədir. "KredAqro" Bank Olmayan Kredit Təşkilatı ilə də ötən ilin aprelindən belə əlaqələr mövcuddur: "Tərəfdaşlığı şərtləndirən əsas cəhət 2012-ci ilin aprelinədək ölkə mediasında bank-kredit sahəsinin az, həm də səthi işıqlandırılması, analitik, maarifləndirici yazıların nadir halda dərc olunması idi. Belə qənaətə gəldik ki, müvafiq layihənin həyata keçirilməsi, monitorinqlər, "dəyirmi masa"lar və digər tədbirlər mövcud durumu müsbət yönümdə dəyişdirə bilər. Bakıda 9 ay ərzində reallaşdırılan tədbirlər vəziyyətə təsirsiz ötüşmədi. KİV-lərin və bank-kredit sahəsi təmsilçiləri, tanınmış alim və mütəxəssislərin dəyərli təklifləri də ümumi işə fayda verdi.
Kütləvi informasiya vasitələrində sahənin ötərgi işıqlandırılması, məsələlərə birtərəfli münasibət kimi mənfi tendensiyalar demək olar aradan qaldırıldı, bank-kredit sektoru ilə media arasında əməkdaşlığın genişləndirilməsi yazıların sayında, keyfiyyətində özünü biruzə verdi".
R.Hüseynzadə əlavə edib ki, bu uğurlar layihəni növbəti ildə davamını, regionları da əhatə etməsini şərtləndirdi. Bunu layihənin adından da ("Azərbaycanın paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi") görmək olar. O əmin olduğunu bildirib ki, üçüncü "dəyirmi masa" əvvəlkilər kimi dəyərli olacaq və ümumi işə fayda verəcək.
"KredAqro" BOKT-nin departament rəhbəri Zaur Əliyev öncə təmsilçisi olduğu qurum barədə qısa məlumat verib: "KredAqro" mikromaliyyə təşkilatıdır. 13 il əvvəl ABŞ-ın Beynəlxal İnkişaf Agentliyi tərəfindən yaradılıb. Məqsəd Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində ölkəmizin regionlarında maliyyə xidmətlərinin göstərilməsidir: "KredAqro"nun 2008 və 2012-ci illərdə "Consulting & Business" jurnalının "Uğur" və "İlin şirkəti" mükafatlarına layiq görülməsi işgüzar nüfuzun göstəriciləridir. Bütün bunlarda media ilə əməkdaşlıq da mühüm rol oynadığından layihənin tərəfdaşı kimi çıxış etməkdəyik".
Sonra o, dəyirmi masa iştirakçılarının layihənin 9 aylıq yekununu açıqlayıb: "2013-cü ilin monitorinqi də KİV-lərimizdə mövzuya marağın diqqətdə saxlanıldığını göstərməkdədir. Keçən il monitorinqi aparılan qəzetlər 9 ayda bank-kredit məsələləri ilə bağlı 1885, informasiya agentlikləri 2325, cəmi 4210 material təqdim etmişlər. Bu ilin 9 ayının göstəriciləri isə həmin rəqəmlərin hər iki sahədə üstələndiyini göstərməkdədir. Qəzetlər 2176, informasiya agentlikləri 4237, cəmi 6413 materialdır. Doğrudur, ötən ilin 9 ayında KİV-lər 632 analitik, 14 maarifləndirici material veriblər. Bu ilin 9 ayının analitik yazıları üzrə cəminin 727-ə bərabər olması tempin artması anlamına gəlməyə əsas verir". Ekspert bildirib ki, informasiyaların nisbətində fərq daha çoxdur. Qəzetlərdə 2171-1718 (+453), informasiya agentliklərində 4233-2324 (+1909). Cəmi 6404-ün 4042-yə nisbəti (+2362). Artım göz önündədir. Ən çox informasiya təqdim edən üçlüyə "İqtisadiyyat" (261), "Həftə içi" (179), "Mövqe" (151) daxildir. "Zerkalo" (138), "Zaman Azərbaycan (128), "Paralel" və "Xalq Cəbhəsi" (hər biri 127), "Olaylar" (109), "Bakı xəbər" (101), "Ekspress" (95), "Üç nöqtə" (92), "Xalq qəzeti" (87), "Gündəlik teleqraf" (74), "Azərbaycan" (72) və "Kaspi" (70) qəzetləri də sahə ilə bağlı informasiyalar dərc ediblər. O, ötən ilin 9 ayında cəmi 6 analitik yazı verən informasiya agentliklərində bu ilin 9 ayında göstərici 35 material təşkil etmişdir. Bunların 12-i "Gün.az"a, 10-u "Milli.az"-a, 8-i "Salamnyus"a məxsusdur.



