Deyim ki, doğulduğum torpaq işğal altındadır, amma mənim kimi qaçqın və məcburi köçkün həyatı yaşayanlar milyondur, bu mənada, deməli, mən tək deyiləm.
İtirdiyim çox şey olub (həm də çox erkən itirmişəm!), amma torpaq itkisi qədər ağır dərdim olmayıb. Həyatımın 26 ilini bu dərdlə yaşadım, buna yaşam demək olarsa. Qayğılarım da olub, kifayət qədər dolanışığım da olub. Məşğuliyyətim də, yaradıcılığım da ürəyimcədir. Amma dağ rayonundan gəlib dəniz boyunda alışqanlı olmaq asan başa gəlməyib.
Dağları unuda bilmirəm, bəlkə ona görə də dənizi sevəmmirəm. Çoxdan bildiyim bir həqiqəti özüm üçün belə ifadə etmişdim: "...dənizi sevmək üçün dağları unutmaq gərəkmiş".
Unuda bilmədiyim o günlər, o günlərdəki sadə adamlar, onların məşğuliyyəti və s. Desəm ki, Pirçivanda Nadirxanın yetimdoyuran bozbulanıq bir stəkan çayının dadını-tamını unuda bilmirəm, inanın. Allahverdinin, Allahverənin, Mincivanda Zakirin çayxana sərgüzəştlərini dinləmək nə qədər xoş olardı. Qıraq Müşlanda pinəçi İslamın, Ağaqulunun lətifələri, üdgünlü sadədil Bayramın, Şirindilin sərgüzəştləri bizim indiki nəslin yadında olmalıdır. Təəssüf ki, indi o adamların bəlkə də çox qismi bu dünyada yoxdur. Təbii ölümdən başqa şəhid düşənləri və savaşda yarımcan olanları - qaziləri də unuda bilmirəm. Mənə elə gəlir ki, heç 26 il bu şəhərdə yox, elə itirilmiş o yurdda yaşamışam hər gün. Bu 26 ilin dünəni də yadımda qalmır, hər gün səhərdən-axşama qədər çalışmaq da yaddaşda özünə yer tuta bilmir. Bu qara örtüklü şüşə yollar, səkilər, müasir arabalar, əyləncəli, işıqlı reklamlar bir qram yadda qalmır. Bu, yamaq ömür kimi, yamaq gün kimidir. Hər gün unutduğum və hər gün sevdiyim də o yurddur. Bu şəhərin sinif jurnalında məcburi köçkünun adı pis oxuyan, huşsuz tələbə kimi arxivdə solacaq. Bu ögey balasını şəhər heç vaxt səmimi qəbul etməyəcək. Uzun illər qeydiyyatsız yaşamaq mümkün olsa da, uzun illər məzarsız qala bilməyəcək o yurdun yurddaşları. Günəşlidən Biləcəriyə, Xırdalana, Sumqayıta, Tağıyev qəsəbəsinə uzanan karvan yolunun ölümlü-itimli faniliyi - son mənzilləri tükənəcək, dağınıq məzarlıqların məsafəsi uzanacaq. Yurd itkisini yaşayan bir milyonun yurd üçün axıdılan göz yaşlarını hesablamağa bir sinoptik institutu gərəkdir. Duyğulu, naləli, ürəkqopardan ağı eşitsəniz, bilin ki, o ağlayan məcburi köçgündür. O, zəngilanlı olmaya da bilər, Qubadlıdan da olmaya bilər, Cəbrayıldan da. Ağdamlı da olmasa, bilin ki, o yurd həsrətli nəğmənin müəllifi bir soydaşınızdır. O yurddaşınıza söz verdilər, dedilər sən o torpaqlarda yenidən yaşayıb ömür sürəcəksən, 26 dəfə dedilər, 26 ildir sözü çeynədilər demokratik institutlar, 26 ildir beynəlxalq təşkilatlar sözü çürütdülər. Hər dəfə söz verdilər ki, Qarabağ Azərbaycanındır, dedilər torpaqdan pay olmaz...
Hər zaman bu mövzuda nitq söyləməkdən, söz deməkdən çəkinmişəm. Fikirlərimi açıq bildirmək üçün obrazlı misralardan istifadə etmişəm.
Kitabımın təqdimat günündə sonda nəsə deməliydim, söz mənə verilmişdi, amma yeni bir söz deyə bilmədim. Torpaq uğrunda vuruşanlar ya öldülər, ya da yarımcan oldular. Məgər biz nitq söyləməliydik, uzun yaşamalıydıq?
Kitabımın təqdimat günündə sonda deyəcəyim sözlər acı sözlər olmalıydı, amma oradakı adamların şəninə toxunacaqdı deyə, onlara qıymadım - qıymadım ki, orda mənim müəllimlərim də, dostlarım da oturmuşdular.
Üzümü söz sahiblərinə tutdum:
Mənə söz verməyin, söz istəmirəm,
Mənə deməyin ki, sən danış indi.
Danışa bilmirəm hər saat, hər an
Danışa bilmirəm boğazdan qəlbi.
Mənə söz verməyin, sözüm yoxdusa,
Danışa bilmirəm, sözdən-nağıldan.
Sözümün canını deməyə qalsa,
Gərək dinləyəsən bir batman balnan.
Hər sözün şirini acı həqiqət,
Bircə "Ol" sözüydü sözün ulusu.
Hələ bünövrədən əyilmədi heç
Bircə yol sözümün məmmədqulusu.
... Allah eləməsin, sözüm yanılsın,
Allah eləməsin, yalanım çıxsın.
Adıma yüz cürə böhtan deyəllər,
Adım çıxanacan, qoy canım çıxsın...