
Bu yaxınlarda yazıçı-publisist Vahid Məhərrəmovun “Hər addım uğrunda” kitabı işıq üzü görüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan V.Məhərrəmov müharibə mövzusunda qələmə aldığı publisist yazılarına görə müxtəlif mükafatlara layiq görülüb. Hazırda hərbi müxbir kimi xidmətini davam etdirir. “Müharibənin bir ili”, “Səngərdə yazılmış sətirlər”, “Qələbə naminə”, “Ölməzlik zirvəsi”, “Pulemyotçu Nurəddin”, “Erməni əsirliyindən dönənlər” və “Qanlı gecə- qanlı tarix” kitabının müəllifinin növbəti kitabında da neçə illərdən bəri ağrı-acısını yaşadığımız Qarabağ müharibəsindən bəhs edən hekayə, povest və publisistik məqalələr təqdim olunub.
Yazıçı-publisist, tədqiqatçı Şəmistan Nəzirli kitabda müəllifə xitabən yazdığı ön sözdə qeyd edir: “Qələmə aldığın bu povest, hekayə və oçerklər, publisistik məqalələr insan fikrində, hissiyatında, silinməz izlər açır, istər-istəməz oxucusunu dərin fikrə dalmağa vadar edir. Düşünürsən ki, bugünkü ab-havalı zəmanədə bu əsərləri yazmaq nə qədər çətin və məsuliyyətlidir. Zəmanəmizdə əsl vətənpərvərliyin istər ziyalılarımız və istərsə də bəzi yazıçı və şairlər arasında arxa plana keçdiyi vaxtda nə yaxşı ki, bu yollarda sizin kimi fədai hərbi jurnalistlər var. Barıt qoxuyan əsərlərinizi oxuyanda hiss olunur ki, kövrək duyğularla yanaşı siz ağır, mən deyərdim odlu-alovlu cəbhə bölgələrini düşmənə nifrət yağdıra-yağdıra inadla dolaşıb, Qarabağ dərdini, qoynunda dünyaya göz açdığınız torpağın həsrətini, yurd nisgilini ürəyinizin başında gəzdirirsiniz”.
Müəllifin “Ölüm vaxtı” povestinin bədii məziyyətlərindən söz açan Ş.Nəzirli əsərdəki vətənpərvər qəhrəmanımız, son patronuna qədər vuruşmuş Bəhruzun Ağdam, Şuşa, Xocalı və Xankəndində düşmən əsirliyində keçirdiyi kövrək hissləri çox canlı və real təsvirlər əsasında qələmə aldığını qeyd edib.
Ş.Nəzirli müəllifin hekayələrinin dilinin də çox sadə, oxunaqlı olduğunu diqqətə çatdırıb: “Hadisələr orijinal bir formada, maraqlı süjet xətti ilə oxuculara nəql olunur. Ardıcılıqla bir-birini əvəz edən döyüş səhnələri bir anlıq əlimizdən tutub bizi müharibə meydanlarına, top-tüfəng gurlayan yerlərə çəkib aparır. Sənin yazdıqların, təsvir etdiyin yerlər, hadisələr həyatda və döyüşdə olduğu kimidir. Çünki sən bu səhnələrin canlı şahidi olmusan. O yerləri addım-addım gəzib dolanmısan. Bu sətirləri güllə səsləri eşidə-eşidə ağ vərəqlər üzərinə köçürmüsən”.
Kitabda yazıçının “Ölüm vaxtı” povesti ilə yanaşı “Həsrət duyğuları” başlığında “Təslim olmayan tut ağacı”, “Barıt qoxulu yurd”, “Yol gözləyən qatar” yazıları, eləcə də müəllifin 9 hekayəsi yer alıb.
S.MÜRVƏTQIZI



