Gədəbəy rayonunun Şahdağ kəndində anadan olmuş iş adamı Rauf Vəliyev öz kəndində tibb məntəqəsi inşa etdirib.
Bu günlərdə adıçəkilən tibb məntəqəsinin açılış mərasimi olub. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin də qatıldığı tədbirdə Gədəbəydən olan tanınmış ziyalılar, tibb xidməti işçiləri, kənd sakinləri istirak edib. Çıxış edən ziyalılar tanınmış həkim Rəşid Mahmudov, görkəmli şair Musa Ələkbərli və sakinlər xeyirxah addım üçün iş adamı "Yanardağ LTD" MMC-nin direktoru Rauf Vəliyevə təşəkkür ediblər. Onun bu addımının cəmiyyət üçün gözəl nümunə olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxışında, Gədəbəydən olan iş adamlarının öz rayonlarına diqqətini alqışalayiq addım adlandırıb. Digər iş adamlarının da bu cür nümunəvi addımlar atacaqlarına inamını ifadə edib.
Xatırladaq ki, Rauf Vəliyev bir neçə il əvvəl qardaşları ilə birlikdə öz kəndlərinin içməli su problemini də həll edib. Vəliyev qardaşları öz hesablarına dağdan içməli suyu kənd camaatının istifadəsi üçün Şahdağ kəndinə çəkiblər.