Bir neçə gün əvvəl ABŞ Senatında qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə layihəsi qəbul edilib.
Türkiyənin Xarici İşlər Nazirliyi cavab olaraq bəyan edib ki, ABŞ Senatının "erməni soyqırımı"nı təsdiqləyən qətnamə layihəsini qəbul etməsi tarixin siyasiləşməsinin utancverici nümunəsidir. Həmçinin vurğulanıb ki, Senatın qərarı Türkiyə-Amerika əlaqələrini inkişaf etdirmək səylərinə zərbə vuran təxribat xarakterli cəhddir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında isə ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdi adlandırılıb: "Qətnamənin mətnində "elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması" bu qətnamənin "qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdyini" göstərir. "Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır. Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk".
Məsələ ilə bağlı politoloq Sahil İskəndərov bildirib ki, qətnamənin qəbulu xoşagələn hal deyil və Türkiyə üçün təhdidir: "İstər rəsmi Ankara, istər Türkiyənin dostları, o cümlədən, Azərbaycan qətnamənin qəbulunun qanuni olmadığını, eyni zamanda, Türkiyəyə sanksiya tətbiq edilməsi məsələsini gündəmə gətirmədiyini vurğulasa da, düşünürəm ki, bu, Türkiyə üçün ciddi təhdiddir. Təsadüfi deyil ki, ermənilər qondarma "soyqırım"ı məhz ABŞ tərəfindən tanınmasına çalışırdılar. Çünki ABŞ fövqəl gücdür və beynəlxalq Haaqa məhkəməsinə birbaşa təzyiq imkanı var. Bax, məsələ budur. Narahatedici məqam odur ki, dünyanın fövqəl gücü "soyqırım"ı tanıyıbsa, bu addım beynəlxalq Haaqa məhkəməsi üçün yandırılan yaşıl işıqdır".
O əlavə edib ki, Konqresin nüfuzu çox güclüdür və gələcəkdə ABŞ prezidentini məcbur edə bilər ki, həmin sənədi imzalasın: "Bildirilir ki, bu, "Ağ ev"in rəsmi mövqeyi deyil. Amma Konqresin hər iki palatası qətnaməni qəbul edib. Ola bilsin, gələcəkdə ABŞ prezidentini də məcbur edə bilər ki, onu imzalasın. Bax, bu zaman Türkiyənin aqibəti çox pis ola bilər".
Politoloq qeyd edib ki, əslində, ABŞ bununla Türkiyəni cəzalandırmaq istəyir: "Amerikalı alimlərin bəyanatları olub ki, tarixi faktları siyasi təzyiq alətinə çevirmək olmaz. Digər tərəfdən həmin o "tarixi faktlar"ın nə dərəcədə doğru olması sual altındadır. Əgər konqresmenlərin belə bir qətnamə qəbul etmədən öncə maraqları olsaydı, tarixi faktların açılmasına və onlara qiymət verilməsinə çalışardılar. Hesab edirəm ki, bu işə ən yaxşı işıq sala biləcək məsələ "Daşnaksütyun" partiyasının ABŞ-dakı arxivinin açılmasıdır. "Daşnaksütyun" bunu birmənalı şəkildə rədd edir. Niyə ABŞ maraqlıdır ki, "Daşnaksütyun" kimi terrorçu təşkilatın baş qərargahı bu ölkədə olsun? Niyə ABŞ təzyiq göstyərib, arxivləri açdırmır? Qərəzlilik buradan yaranır".
Politoloq İlqar Vəlizadə isə deyib ki, ABŞ senatında qondarma "erməni soyqırımı"nın qəbul edilməsi ilə əlaqədar qanun layihəsinin ilk öncə Azərbaycana mənəvi təsirlərindən danışmaq lazımdır. Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə arasında "Bir millət iki dövlət" prinsipi var: "Bu, Ümummilli lider Heydər Əliyev tərəfindən siyasət gündəminə gətirilən bir prinsipdir. Türkiyəyə siyasi qüvvələrdən hər hansı bir zərər dəydikdə əlbəttə, Azərbaycan hər zaman Türkiyənin yanında olub və dəstəkləyib. Digər tərəfdən illərdir Ermənistan tərəfdən Azərbaycana təcavüz olunur və torpaqlarımız işğal altındadır. Azərbaycanın Dağlıq Qarabağ əhalisi etnik təmizlənməyə məruz qalıb. Xocalıda soyqırımı törədilib, lakin bu faktlara dünyanın nüfuzlu siyasi dairələri lazımi qiymət verməyiblər. Bu da Ermənistanın mənfur əməllərinə davam etməsinə imkan yaradır".
İ.Vəlizadə vurğulayıb ki, belə vəziyyətdə ikili standartların mövcudluğu bu məsələlərdə ədalətsiz mövqenin olmasına gətirib çıxarıb: "Bütün bu hallar dünyada siyasi prosesləri daha da mürəkkəbləşdirib. Bu nöqteyi nəzərdən bu qanun layihəsinin təbii ki, Azərbaycana mənfi təsiri ola bilər. O ki qaldı real təsirlərə, bundan danışmaq düzgün olmazdı. Çünki bu qanun layihəsinin Türkiyəyə də hər hansı bir təsiri olmayacaq. Bu qətnamə hər hansı sanksiyaların tətbiqini, eyni zamanda, Türkiyəyə mənfi təsir edə biləcək təzyiq mexanizmini işə salınmasını nəzərdə tutmur. Başa düşmək lazımdır ki, ABŞ-ın Türkiyə maraqları böyükdür. Məsələyə region prizmasından yanaşmaq lazımdır. Bütün bunları nəzərə alaraq demək olar ki, bu qətnamə real siyasətə heç bir təsir göstərməyəcək. Sadəcə olaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da sıxlaşdıracaq və bu cür qurma siyasətin nəticəsində yaranan problemlərin öhdəsindən gəlmək üçün birgə səylərin göstərilməsinə vadar edəcək".
PƏRVANƏ