|
|
|
|
Ötən il Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə işlər davam etdirilib.
Nazirlikdən bildirilib ki, il ərzində hökumətlərarası komissiyalar çərçivəsində Çin, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Yaponiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Monteneqro, Xorvatiya, Rusiya və digər ölkələrlə Hökumətlərarası Komissiyanın iclas protokollarının mədəniyyət sahəsində əməkdaşlıqla bağlı hissələrinin razılaşdırılması istiqamətində müvafiq işlər aparılıb. Komissiyaların ekspertlərinin, həmçinin, Komissiya üzvlərinin görüşlərində iştirak təmin olunub.
Yola saldığımız il beynəlxalq mədəni əməkdaşlıqda müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından yaddaqalan olub. Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında protokol, Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu və başqa mühüm sənədlər imzalanıb.
İl ərzində Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, Almaniya, İndoneziya, İordaniya, Yunanıstan, Meksika, Argentina, Əfqanıstan, ABŞ, Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb. Bununla yanaşı, nazir Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkəmizin beynəlxalq təşkilatlarla, xüsusilə də UNESCO və TÜRKSOY ilə əməkdaşlığı uğurla davam etdirilib. Martın 6-da TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə "Nəsimi ili"nin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunmuş tədbirdə Nəsiminin həyat və yaradıcılığından söz açılıb, sərgiyə baxış olub.
Mədəniyyət naziri 12-27 noyabr tarixində UNESCO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyasında, 27-28 noyabrda isə UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında" Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib. Nazir sonuncu tədbir çərçivəsində, həmçinin UNESCO-nun baş direktoru Odre Azuleylə görüşüb.
Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə "Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq" mövzusunda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu keçirilib. Forumda Azərbaycan nümayəndə heyəti də təmsil olunub.
Yeri gəlmişkən qeyd edək ki, UNESCO-nun 2020-2021-ci illər üzrə "Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylər proqramı" çərçivəsində 2020-ci ildə qeyd edilməsi məqsədilə görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı aidiyyəti sənədlər hazırlanıb. Nominasiyaya Rusiya Federasiyası da qoşulub və fayl təşkilat tərəfindən təsdiq olunub.
Onu da bildirək ki, oktyabrın 16-da Parisdə - UNESCO-nun baş qərargahında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.
Ölkəmiz 2019-cu ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. 2-3 may tarixində Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" mövzusunda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Foruma hazırlıq, tədbirin proqramının müzakirə olunması ilə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev və nazirliyin aidiyyəti nümayəndələrinin də iştirakı ilə Parisdə görüşlər keçirilib.
Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda çoxsaylı ölkələrin dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diplomatik nümayəndəliyinin rəhbəri, elm xadimləri və ekspertlər daxil olmaqla 106 ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak edib.
Ötən ilin yayında (30 iyun - 10 iyul) isə ölkəmiz ən böyük tədbirə - UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Sessiya çərçivəsində iki beynəlxalq tədbir - Dünya İrsi üzrə Gənc Peşəkarlar Forumu və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumu da gerçəkləşib. Dünya İrs Komitəsinin 43-cü sessiyası mədəni irsimizlə bağlı mühüm tarixi qərarla yadda qalıb. Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" nominasiyası UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Bu mötəbər tədbirin hazırlıq prosesində Mədəniyyət naziri tərəfindən Fransada bir sıra görüşlər keçirilib. Sessiyaya ümumilikdə 180-dən artıq ölkədən 2500-dən çox nümayəndə qatılıb.
Ötən il paytaxtımız üçün də əlamətdar olub. Oktyabrın 30-da Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Qeyd edək ki, Şəki şəhəri 2017-ci ilin noyabrında təşkilatın bu şəbəkəsinə salınmışdı.