|
|
|
|

“Bu gün bir millət vəkili və vətəndaş olaraq məni ən çox narahat edən məsələlərdən biri iri ticarət mərkəzlərimizdəki məlum durumdur. Bu ağrılı məsələni gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin parlament komitələrinin birgə toplantısında da, ayın 12-də gün Milli Məclisin plenar iclasında da dilə gətirmişəm”.
Bunu 525.az-a açıqlamasında millət vəkili, prezidentliyə keçmiş namizəd Zahid Oruc dilə gətirib.
O, qeyd edib ki, hər iki çıxışında bu narahatlıq doğuran məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinə də çağırış edib.
Millət vəkili hesab edir ki, ölkənin əksər bazarlarında-iri ticarət mərkəzlərində baş verən özbaşınalıqlar, mütəmadi törədilən yanğınlar, bir sözlə, mövcud hüquqsuzluqlar bir tərəfdən sahibkarlıq fəaliyyətinə zərbə vurur, bir tərəfdən, ölkənin ümumi qiymət siyasətinə təsir edir, digər tərəfdən isə hökumət əgər o siyasəti stimullaşdırırsa ki, ödənişlər daha da artmış olsun, bu fonda sanki vəsaitlər şəxsi, ayrı-ayrı insanların cibinə getmiş olur.
Z. Orucun dediyinə görə, “Binə”-“Sədərək”dən tutmuş ta Sumqayıtda ayrı-ayrı hadisələrə qədər hamısı buna əyani sübutdur.
“Biz şahidiyik ki, müxtəlif ərazilərdə bazarlar-iri ticarət məkanları tikilir, ancaq ortada hansısa bir müqavilə yox, həmin məkanlardakı ticarət obyektləri özəl olaraq onlara- həmin obyektləri işlədən sahibkarlara satılmır, yəni, sanki feodal münasibətləri orada hökm sürür. Eyni zamanda, kimlərsə bunlara-bu qanunsuzluqlara etiraz edirsə, hətta, bir çox insanları bu prosesə qoşurlarsa, dərhal yandırma detalları işə düşür.
Mən açıq şəkildə də qeyd etdim ki, həmin məkanlarda baş verən məlum yanğın hadisələrinin təbii qaydada, qısaqapanmadan, digər hadisələrdən qaynaqlandığını düşünmürəm. Bu gün də həmin fikrimin üstündə dururam və israr edirəm.
Bu, bolşevik dövrünün iqtisadi sobatajlarıdır, zərbə vurmaq üsullarıdır, kimlərisə öz hüquqlarını tələb etməkdən çəkindirmək yollarıdır. Hətta, bir sıra hallarda bazarlar uğrunda savaşın bir elementidir. Ona görə də İqtisadiyyat və Sənaye Nazirliyi həmin qurumlarla, yaxud da, bu şəxslərlə birbaşa danışıqlar aparıb, sahibkarların orada hüquqlarını təmin etməlidir. Sahibkarlar oranın-işlədikləri ticarət məkanlarının sahibinə çevrilməlidir. Onlar iş aparan insanlar olmalıdır...”-deyə, millət vəkili sözlərinə əlavə edib
Kamil Həmzəoğlu



