|
|
|
|

Dünya KİV-i İranla "altılq" ölkələri arasında nüvə proqramı ilə əlaqədar aparılan danışıqlara böyük maraq göstərdi. Qlobal geosiyasi dinamikaya təsir edə biləcək bir razılaşmaya tərəflərin çox yaxınlaşdığı haqqında nikbin informasiyalar da yayıldı. Lakin yekun sənəd imzalanmadı. Ortada mürəkkəb geosiyasi oyunun olduğu haqqında proqnozlar verildi. Danışıqların noyabrın 20-də davam edəcəyi haqqında razılığın olmasına baxmayaraq, narahatedici suallar az deyil.
Cenevrə: "yaxşı", yaxud "pis" müqavilə?
"5+1" formatı üzrə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar dünyanın diqqət mərkəzində oldu. Bir çoxları danışıqların müsbət nəticələnəcəyinə əminlik ifadə edirdilər. Hətta İsrailin baş naziri Benyamin Netanyahu böyük dövlətləri "İranla pis müqavilə" imzalamaqdan çəkinməyə çağırırdı. Təl-Əviv bunun baş verməməsi üçün sona qədər mübarizə aparacağını da gizlətmirdi (bax: Израиль сделает все возможное, чтобы убедить мировое сообщество не подписывать "плохое соглашение" с Ираном – Нетаньяху / "ИТАР-ТАСС", 10 noyabr 2013).
Lakin tərəflər tam razılığa gələ bilmədilər. Buna baxmayaraq, danışıqlarda iştirak edənlərin hər biri irəliləyiş olduğunu vurğuladı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların yekunu ilə bağlı verdiyi rəsmi bəyanatda "vaxtı boş yerə keçirmədik" fikrini ifadə edib (bax: Комментарий для СМИ Министра иностранных дел России С.В.Лаврова по итогам участия в переговорах по иранской ядерной программе, Женева, 9 ноября 2013 года / "Международная жизнь", 10 noyabr 2013).
Maraqlıdır ki, analitik və ekspertlər müzakirələrin konkret nəticəsindən çox, məsələnin geosiyasi aspektinə diqqət yetirirlər. Onların fikrinə görə, vəziyyətin bu səviyyəyə gəlməsi rəsmi Tehranın bir sıra reallıqları qəbul etməyə başlaması ilə əlaqəlidir. Konkret olaraq, İran sanksiyalardan canını qurtarmaq, neft satışına qoyulan maneələri aradan qaldırmaq üçün xarici siyasətdə liberal gedişlər etdi. Həsən Ruhaninin prezident kürsüsü uğrunda mübarizədə qələbə qazanması bu baxımdan qanunauyğun hal idi.
Digər tərəfdən, ABŞ da İranla danışıqlar aparmağa məcbur idi. Başqa yol da qalmamışdı. Amerikanın əsas məqsədi İranda uranın zənginləşdirilməsinin, deməli, nüvə silahı yaradılması imkanının qarşısını almaqdan ibarət idi. Bunlardan əlavə, Vaşinqton Suriya məsələsində sülh danışıqları təşəbbüsünü Moskvaya verməklə səhv etdiyini anlayıb. Hiss olunur ki, ABŞ münaqişəli situasiyalarda yumşaq davranmaq meylini gücləndirib. B.Obamanın İranla yanaşı, Kubaya münasibətdə də kompromislərin mümkün ola biləcəyi işarəsini verməsi bunun əlamətlərindən sayıla bilər. Belə çıxır ki, okeanın o tayında xarici siyasət kursunda müəyyən düzəlişlər edilməkdədir.
Bunların fonunda İran-ABŞ danışıqları ilə bağlı müxtəlif dövlətlərin mövqeyi də maraq doğurur. Baş verənlərə fərqli münasibətlər özünü göstərir. Ən çox narahat olan, yuxarıda vurğuladığımız kimi, İsraildir. Rəsmi Təl-Əviv İrana hər hansı şans verilməsini qəbul etmir. Onun iddiasına görə, əgər Tehran nüvə ehtiyatlarını məhv etməsə, dünya ictimaiyyəti aldanmış olacaq.
İran rəhbərliyi isə bildirib ki, uranı zənginləşdirməkdən imtina edə bilməzlər. Prezident H.Ruhani ölkənin bu məsələyə olan haqqını "qırmızı xətt" adlandırıb və onu keçməyəcəklərini bəyan edib (bax: Роухани: Иран не прекратит заниматься обогащением урана / "BFM.ru", 10 noyabr 2013). O, "İslam respublikası heç bir təhdiddən qorxmur" ifadəsini də işlədib. Təl-Əviv isə məhz Tehranın uranı zənginləşdirmək planından əl çəkməsini tələb edir. Onda demək olar ki, Vaşinqton bu iki mövqe arasında kompromis variant axtarmalıdır.
Amerika diplomatiyasının artıq bu istiqamətdə fəallığı artırdığı hiss olunur. Dövlət katibinin müavini Uendi Şerman İsrail rəhbərliyi ilə məsləhətləşmələr aparmaq üçün ora səfər edib (bax: Замгоссекретаря США Шерман ведет консультации в Иерусалиме по Ирану / "РИА Новости", 10.11.2013).
"Qırmızı xətt"i kim keçəcək?
İsraili hardasa başa düşmək olar. Danışıqların birbaşa iştirakçısı olan Fransanın mövqeyi isə ekspertlərdə daha çox sual doğurur. Bir sıra KİV belə bir informasiya yaydı ki, Cenevrədə ortaq nəticəyə gəlinməməsində əsas rolu rəsmi Paris oynayıb (bax: Переговоры по ядерной программе Ирана: соглашения нет, прогресс есть / "Euronews", 10 noyabr 2013). Bununla yanaşı, yekun sənədin Vaşinqtonun qoyduğu bəzi tələblər səbəbində imzalanmadığı fikrində olan ekspertlər də var. C.Kerrinin "altılığın" İranla razılaşdırdığı mərhələli həll modelinə etiraz etdiyi deyilir (bax: Соглашение по ядерной программе Ирана не подписано из-за позиции США / "РИА Новости", 9 noyabr 2013).
Lakin Rusiyanın xarici işlər naziri S.Lavrov görüşün yekunları ilə əlaqədar verdiyi bəyanatda tərəflərin mərhələli həll variantını qəbul etdiyini bildirib. Belə təsəvvür yaranır ki, ortada mürəkkəb qurulmuş hansısa siyasi oyun var. Hər bir halda tərəflər hələlik tam razılığa gələ bilmirlər.
Ekspertlərin qənaətinə görə, problem yalnız bununla məhdudlaşmır. Yaxın Şərqin zəngin ölkələrindən olan Səudiyyə Ərəbistanı da fəallığını artırıb. Ər-Riyad hazırda bir növ Amerikaya etiraz edir. Vaşinqtonun Tehranla yaxınlaşmasına o, regionda geosiyasi qüvvələr nisbətinin ciddi surətdə dəyişməsi kimi baxır. Bu da Səudiyyə Ərəbistanının bölgədə lider olmaq iddialarına uyğun gəlmir. İranlı ekspert Reza Əmirinin fikrincə, Ər-Riyad İranı şiə ideologiyasının mənbəyi olduğuna görə qəbul etmək istəmir və ondan daim təhlükə gözləyir (bax: "Улучшение отношений между Ираном и США изменит баланс сил в регионе!" / "Terra America", 7 noyabr 2013). Buna görə də Səudiyyə Ərəbistanı ABŞ-ın Suriya və İran siyasətində sərt davranmasını arzulayır. Lakin ekspertlər rəsmi Vaşinqtonun öz mövqeyini dəyişməsi ehtimalının çox az olduğu qənaətindədirlər.
Nəhayət, Moskvanın İran məsələsində konstruktiv mövqe tutduğu hiss edilir. Rusiya problemin dinc yolla həll edilməsində maraqlıdır. Eyni zamanda, Kreml Tehranın uranı 5 faizə qədər zənginləşdirmək istəyinə də etiraz etmir. Bununla Moskva Yaxın Şərqdə geosiyasi balansı saxlamaqda maraqlı olduğunu nümayiş etdirir. Əlavə olaraq, Rusiya sərhədləri yaxınlığında sabitliyin mövcud olmasını arzulayır.
Bütün bunlar İran məsələsi ətrafında maraqlı və düşündürücü bir mənzərənin yarandığını göstərir. Əsas məqam "qırmızı xətt"i kimin keçəcəyindən ibarətdir. Belə təəssürat yaranır ki, tərəflər olduqca həssas davranırlar. Sanki bu vəziyyəti kiçicik bir bəhanə belə normal axarından çıxara bilər. Kimlərinsə "qırmızı xətt"i pozub regionda gərginliyi artırması gözləniləndir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, böyük dövlətlər öz maraqlarını təmin etməkdə heç nədən çəkinmirlər. Deyək ki, ABŞ-ın qlobal miqyasda xarici siyasətində diplomatik üsula daha çox üstünlük verməsi onun imicini müsbətə doğru dəyişə bilər. Bir anlıq təsəvvür edək ki, Vaşinqton danışıqlar yolu ilə Şimali Koreya, İran, Kuba kimi ölkələrlə münasibətlərini normallaşdırır. Suriyada davamlı barışın əldə edilməsinə nail olur. Bunlar ABŞ-ın real olaraq dünya lideri olmasını təsdiqləməzmi?
Məhz Amerikanın bu statusu ilə barışmaq istəməyənlərin kimlər olduğu məlumdur. Bu halda hazırda İran məsələsi ətrafında cərəyan edən diplomatik proseslər müsbət aspektlərlə yanaşı, müəyyən məsələlərin də həssaslığını artırmış olur. Bu məqam regiona sabitlik gətirə bilər, ya yox?
Bu sual üzərində düşünməyə dəyər. Hələlik hansısa konkret fikir söyləmək xeyli çətindir. Onu zaman göstərəcək. Lakin bir şey aydındır ki, dünya geosiyasəti yeni mərhələyə transformasiya etmək şansı əldə edib. Doğrudur, onun yolunu kəsmək istəyən və köhnə oyun qaydalarını saxlamağa çalışanlar da mövcuddur. Ancaq siyasi iradə nümayiş etdirilsə və ikili standartlar mövqeyindən imtina olunsa, bəşəriyyət daha təhlükəsiz vəziyyətə gələ bilər. Etiraf edək ki, "bunu da zaman göstərəcək" deməkdən başqa arqumentimiz yoxdur. Çünki son 200 ildə dünya geosiyasəti çox ədalətsizliklərə imkan verib.
Newtimes.az



