https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
https://525.az/img/pics/medium/2024-03/308179_uqkco4683w.jpg Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
search
28 Mart 2024

"Fransa klubunun azərbaycanlı tərəfindən alınması erməni lobbisi üçün faciədir"

"Fransa klubunun azərbaycanlı tərəfindən alınması erməni lobbisi üçün faciədir"

Fransada yaşayan azərbaycanlı ziyalılar Hafiz Məmmədovun sahibi olduğu “Lans” komandasının faəliyyətinə və onun ölkəmiz üçün əhəmiyyətinə münasibət bildiriblər.

Uzun illərdir Parisdə yaşayan yazıçı Şahin Sinariya Qol.Az saytına deyib ki, “Lans” Azərbaycanın Fransada tanınmasında ve təbliğatında çox böyük rol oynayır.

“Bütün dünyada olduğu kimi, futbol Fransada da çox məşhur idman növüdür. Burada bütün futbol azarkeşləri artıq “Lans”ın Azərbaycan komandası olduğunu bilir. İşlədiyim təşkilatda bir çox adam mənə yaxinlashib deyir ki, bilirsən ki, “Lans” komandasını azərbaycanlı alıb? “Lans”ın bütün  futbol azarkeşləri bir növ "azərbaycanlı" olublar. Mənə elə gəlir ki, dünyada ən populyar idman növü olan futbolun bir ölkəni tanıtmaq üçün oynadığı rol kino və teatrdan da, ədəbiyyatdan da üstündür”.

Şahin Sinariya deyir ki, yaxın vaxtlarda “Lans”ın ev oyunlarını izləmək üçün Lans şəhərinə gedəcək: “Əvvəla “Lans” klubunun sahibinin azərbaycanlı olduğunu biləndə, komandanın oyunlara Azərbaycanın adı yazılan forma ilə çıxmasını və stadionda Azərbaycanın bayrağının dalğalanmasını eşidəndə bir azərbaycanlı kimi qürur hissi keçirdim. Bundan sonra isə klubumu dəyişdim. Bir parisli  kimi mən əvvəllər Parisin PSJ klubunun azarkeşi idim, indi isə “Lans”ın azarkeşi olmuşam”.

Ş.Sinariya bildirib ki, iş adamı Hafiz Məmmədovun “Lans”ı almasından sonra Fransadakı erməni diasporu həmin komandanın Azərbaycanın təbliğatı istiqamətindəki faəliyyətinə əngəl olmaq istəyiblər. 
  
“Ermənilərin bu layihəyə mənfi yanaşması təbiidir. Çünki Azərbaycanın hər bir müvəffəqiyyəti erməni lobbisinin urəyinə sağalmaz bir zərbə vurur. Bu da bizim üçün çox sevindirici haldır. Hami bilir ki, Ermənistan Azərbaycanın sürətli inkişafına, dunyada tanınmasına həsəd aparır. 400 mindən çox erməninin yaşadığı və güclü lobbisinin olduğu Fransada ölkə futbol klublarından birinin azərbaycanlı tərəfindən alınması burdakı erməni lobbisi üçün çox böyük bir faciədir. Onlar yaxşı bilirlər ki, bundan sonra Azərbaycanın adı tez-tez hallanacaq və onlar buna mane ola bilməyəcəklər. Artıq onların bu layihəyə əngəl olmalar gecdir. Ermənilər artıq heç nə edə bilməzlər. Həm də əngəl olub neyləyəcəklər ki?  Onlar indi ancaq bir şey arzulaya bilərlər ki, “Lans” heç vaxt Fransa çempionu olmasin, vəssalam” – deyə Ş.Sinariya bildirib.

“APA Holdinq”in Fransadakı nümayəndəsi, uzun illərdir Strasburq şəhərində yaşayan jurnalist Fuad Qulubəyli Qol.Az saytına deyib ki, hansısa ölkənin iş adamının xarici futbol klubunu alması təcrübəsi mövcuddur və bunun elə əsas məqsədlərindən biri də ölkəni təbliğ etməkdir: “Bu baxımdan, hesab edirəm ki, azərbaycanlı iş adamının da Avropa klublarını alması Azərbaycanın xaricdə, Avropada təbliğatı üçün müsbət addımdır. "Lans" klubunun alınmasıyla, Fransanın bu şəhərində və gələcəkdə komanda ölkə səviyyəsində daha böyük uğurlar qazanacağı halda, Fransada Azərbaycan daha çox tanınacaq. Düzdür bu gün bununla bağlı Fransa və Azərbaycan mətbuatında xoşagəlməyən tənqidi fikirlər də səslənir. Amma Fransada başqa klublar da xaricilər tərəfindən alınır, belə kontraktlar ətrafında jurnalistlər arabir sorğu-sual edirlər. Misal üçün Parisin məhşur klubu "PSG"nin sahibi qətərli ərəb milyarder və Qətərin “Əlcəzirə” idman kanalının prezidenti Naser Əl-Kelaifidir. Hətta 2022-cildə futbol üzrə dünya çempionatının təşkilatçısı kimi Qətərin seçilməsi gizli sövdələşmə nəticəsində başa gəldiyi bildirilir və bu rüşvət qalmaqalında Nikola Sarkozi və Mişel Platinin kimi Fransanın yüksəkranqlı şəxslərinin adları çəkilir. Yəni belə iddialar Fransa mətbuatında ara-sıra çıxır, amma ətraflı olaraq bu haqda araşdırmalar aparılmır. Azərbaycanla bağlı araşdırmanın isə sırf erməni diaspor təşkilatları tərəfindən təyziq edilərək aparıldığı da göz qabağındadır”.

O xatırladıb ki, Fransada çox güclü erməni lobbisi var və onlar burada demək olar hər sahədə Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərirlər: “Özlərinin gündəlik çıxan qəzet və jurnalları, çox böyük təsir imkanları var. Və təbii ki, Azərbaycan Fransada hansısa böyük bir layihə həyata keçirmək istəyəndə, onlar dərhal fəallaşırlar, Azərbaycanın bu ölkədəki uğurlarına əngəl olmağa çalışırlar. “Lans” məsələsində də ermənilərin əsas diaspor təşkilatının fəallaşması təəccüblü deyil, gözlənilən idi. Fikrimcə, bu məsələdə təyziqlərini hələ də davam etdirəcəklər. Amma yuxarıda dediyim kimi, Fransada digər klublar da imkanlı əcnəbi iş adamları tərəfindən alınır, erməni iş adamları özləri də burda irihəcmli layihələr həyata keçirirlər. Amma nədənsə, Fransa mətbuatında bu haqda heç bir araşdırma-filan aparılmır. Bir də ki, futbol aləmində belə irihəcmli layihələrin qalmaqallara səbəb olması yenilik deyil. Fikrimcə, bu nə Azərbaycanın, nə də neftlə zəngin olan ərəb ölkələrinin problemidir, bu daha çox futbolun, FİFA və UEFA-nın problemləridir və bunu da Fransanın idman, futbol çevrələri də çox yaxşı bilirlər”.

F.Qulubəyli bildirir ki, yaxın gələcəkdə “Lans”a stadionda dəstək verməyi düşünür: “Bir futbol azarkeçi olaraq stadionda futbolu stadionda canlı tamaşa etməyi çox xoşlayıram. İmkan düşsə, əlimə Azərbaycan bayrağını alıb gedib “Lans”a da həvəslə azarkeşlik edəcəyəm. Təki bu klub uğur qazansın və Fransanın yüksək liqasını da fəth edə bilsin”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.