Üsküdar Universitetinin Sosiologiya fakültəsinin dekanı, professor Əbülfəz Süleymanlı koronavirus pandemiyasının dünyada daha çox yayılması ilə bağlı tələbələrilə birgə önəmli sosial layihəyə imza atıb.
525.az xəbər verir ki, Ə.Süleymanlı və "Sosiologiya Klubu" üzvü olan tələbələrin həyata keçirdikləri layihə çərçivəsində dünyanın bütün insanların ortaq evi olduğununun vurğulandığı videoçarx hazırlanıb.
Videoçarxda evimizi həm özümüz, həm də gələcək nəsillər üçün daha xoşbəxt, rifah dolu, humanist hala gətirmək, eləcə də mövcud problemləri həll etmək üçün qlobal həll yollarının axtarılmasının vacibliyi qeyd olunub.
Tələbələr "Dünya evimizdir. Bir kərpic də sən qoy" sloqanı ilə bütün dünyaya öz evlərindən səslənərək bəşəri problemlər qarşısında həmrəylik çağırışı ediblər.
Sözügedən layihə baş verən böhranın dünyadakı problemlərə yeni baxış bucağı qazandırdığına və bütün insanların bu problemlərə daha şüurlu şəkildə yanaşmalarına diqqət çəkmək məqsədi güdür.
Pandemiya təhdidinin dünyada bir çox qlobal problemin həlli üçün önəmli fürsət olduğunu nəzərə çatdıran layihə üzvləri, xüsusilə, müharibə və qarşıdurmaların dayandırılması, münaqişələri həll edə bilən effektiv ümumdünya fəaliyyət mexanizminin təsisi, qlobal risk daşıyan ətraf mühitin çirklənməsinə qarşı dövlətləri birləşdirəcək addımlar atılması kimi həll yollarının tapılmasının vacbliyini vurğulayırlar.
Tələbələrin hazırladıqları sosial layihəyə Azərbaycan, Kanada, İtalya, Polşa, Qırğızıstan, İndoneziya, Braziliya, Suriya, Uqanda kimi ölkələrdən dəstək gəlib.
Qeyd edək ki, layihənin ssenarsinin yazılmasında tələbələr Ceren Atlı, Zeynep Sena Cengiz, Sinem Dağangönül, qurğulanmasında isə Bilge Evran və Nurşah Yılmaz iştirak ediblər.



