"Azərbaycan qrupu"nun rəhbəri kimi tanınan, Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahi mübarək Ramazan ayında hazırladığı "14 məşhur 1 klipdə” növbəti layihəsini təqdim edib.
S.Taleh Boradigahinin öz "Youtube" səhifəsində paylaşdığı "Məhəmməd Mustafa gəldi" nəğməsi izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Nail Naiboğlunun rejissorluğu ilə çəkilən klipdə Azərbaycan səhnəsinin tanınmış simaları - Xalq artistləri Zabit Nəbizadə, Natiq Şirinov ("Natiq" ritm qrupunun rəhbəri), Əməkdar artistlər Nailə İslamzadə, Nigar Şabanova, eləcə də Mirələm Mirələmov, Lamiyə Ələkbərova, Tərlan Novxanı, Kamran Yunis, Seyran Əliyev, Səbinə Ərəbli, Stilist Meta, Nuray Rəhman, Əli Paşayev və Nicat bir araya gəliblər. Yaradıcı heyətin birgə əməyi ilə hazırlanan layihədə tanınmış sənətçilər öz ifaları ilə klipin ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.
Seyid Taleh Boradigahi səhnəmizin tanınmış və sevilən simaları ilə birgə bu mübarək günlərdə birlik mesajı verməklə Azərbaycan vətəndaşı olaraq hansı sahədə çalışmasından asılı olmayaraq öz milli, mənəvi və dini dəyərlərimizə sadiq qaldıqlarını nümayiş etdiriblər.
Uğurlu bir yaradıcılıq nümunəsi olan "Məhəmməd Mustafa gəldi" nəğməsini dinlədikcə Məhəmməd Mustafanın (s.ə.s) insanlığa örnək olan şəxsiyyəti, həyat yolu, yüksək əxlaqı və davranışı, şəfqət və mərhəməti göz önünə gəlir.
Klipdə digər tanınmış şəxslərin də iştirakı nəzərdə tutulsa da, koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edildiyindən onların bir araya gəlməsi mümkün olmayıb.
Xatırladaq ki, nəğməsinin sözləri Rövşən Rəhimzadəyə, musiqisi S.Taleh Boradigahiyə, aranjimanı Fəriborz Xatəmiyə məxsusdur.