Dünyanın pandemiya təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Azərbaycanda müşahidə edilən müsbət tendensiya, heç şübhəsiz, müdrik idarəçiliyin göstəricisidir.
Faktiki olaraq, dünya insanı ölümcül təhlükə ilə qarşılaşıb, insan həyatının qorunması ən önəmli məsələyə çevrilib. Hər bir sahədə sosial izolyasiya tədbirləri görülüb. Bununla insan həyatı təhlükədən hifz edilsə də, bu izolyasiya dünya iqtisadiyyatını böhran vəziyyətinə düşürüb. Lakin belə bir zamanda Azərbaycanda istər pandemiya ilə mübarizə, insanlarımızın həyatının qorunması, istər iqtisadiyyatımızın davamlılığının təmin edilməsi, istərsə də dövlət təhlükəsizliyinə yönəlmiş cinayətkarlığın qarşısının alınması işləri yüksək peşəkarlıqla icra edilir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Mənə elə gəlir, Azərbaycanda bu günlər görülən çoxşaxəli işlər böhran zamanı idarəetmənin ideal nümunəsidir.
Hər kəsə bəllidir ki, ölkə rəhbərinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apardığı struktur islahatlarının, onların qarşısında qoyduğu yeni tələblərin məqsədi dövlət müstəqilliyini daha da möhkəmləndirmək, vətəndaş məmnunluğunu artırmaqdır. Öz Prezidentinə güvənən və onun siyasətini dəstəkləyən Azərbaycan vətəndaşları əmindirlər ki, dövlətimizin başçısının qanunverici, icraedici və məhkəmə hakimiyyəti, habelə maliyyə sistemində apardığı islahatlar dövlət idarəetməsinin səmərəliliyini artıraraq, ilk növbədə, vətəndaşların maraqlarına xidmət edəcək, ölkənin davamlı inkişafına zəmin yaradacaq. Bu islahatlar mövcud pandemiya şəraitində də bir an da olsun dayanmayıb.
Hazırda bütün dövlət orqanları, hakimiyyətin bütün qolları Azərbaycanın COVİD-19 adlı bu qlobal bəladan maksimum az zərərlə çıxması üçün ləyaqətlə əməli tədbirlər görürlər. Bu işə xilaskar Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fond və bu Fondun rəhbəri, - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, xalqımızın ən dəyərli övladları, ləyaqətli iş adamları, şirkətləri, yardımsevər insanları qoşulublar. Pandemiyadan xilas ümumxalq işinə çevrilib.
Lakin ürək ağrısı ilə demək lazımdır ki, belə bir durumda dövlətin, Heydər Əliyev Fondunun insanlarımıza uzatdığı xeyirxah əli kəsən, kasıbın, imkansızın qisməti olan süfrəsinə qoyacağı bir parça çörəyə göz dikən məmurlar da yox deyilmiş. Onlar bu əməlləri ilə dövlətimizə, dövlətin dayaqlarına zərbə vuran ən qatı cinayətkarlar və bu xalqa, millətə, dövlətə xəyanət edən insanlardır. Onların da cəzası, şübhəsiz, ağır olacaq. Çünki buna Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və dönməz siyasəti əsas verir.
Bu prosesdə dərs çıxarası və nümunə götürüləsi çox önəmli məqamlar vardır. Prezident cənab İlham Əliyev çıxışlarının birində vurğulamışdır ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da üstün nəticələri olacaq. Çünki bu böyük bəla ölkəmizdən yığışdırılmalı, təmizlənməlidir. Beləliklə də, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olacaq. Bu sözlər bu gün artıq öz real təsdiqini tapmağa başlayıb. Davamlı olaraq aparılan bu mübarizədə Prezidentin önə çəkdiyi iki mühüm cəhət dövlətinin sabahını düşünən bir gənc kimi mənim diqqətimi daha çox cəlb edir. Bunlardan biri qətiyyət, digəri isə mərhəmətdir. Cənab Prezident istər insanlarla görüşlərində, hansısa müəssisənin açılışında, yaxud qəbullarda məmurlara dəfələrlə bildirir ki, bu əməllərindən əl çəksinlər. Bu yoldan qayıtsınlar. Çünki onların yaxşı və yaxşı olmayan əməllərinin hər birindən Prezident xəbərdardır. Lakin buna məhəl qoymadan yenə də ehtiyac içində olan insanların ruzisinə göz dikən məmurlarla mübarizədə Prezidentin göstərdiyi qətiyyət daha çox önəm kəsb edir. Çünki hələ illər öncə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!" deyərək başlatdığı müqəddəs missiyanı xalqa arxalanaraq davam etdirmək cənab İlham Əliyevin müqəddəs amalına çevrilib. Məhz bu amal Azərbaycanı korrupsiya kimi dövləti içdən yeyən bəladan, xalqı hakimiyyətə qarşı qaldıran əsas problemdən xilas edəcək. Bu məsələdə bütün Azərbaycan xalqı, xüsusən bu ölkənin sabahı olan gənclik hazırkı pandemiya şəraitində yaşasa belə, dövlətini düşünərək Prezidentin yanında olmağı vətən üçün müqəddəs missiyası və borcu sayır. "Mən Azərbaycan gəncliyinə inanıram" deyən İlham Əliyev gəncliyi dövlətə qarşı çıxan, xalqın rifahına zərbə vuran məmurlara qarşı amansız olmağa səsləyir, həm də bu haqq işində gənclərdən güc alır. Çünki son dövlərdə müxtəlif istiqamətlərdə gənc kadrlara göstərilən etimad öz müsbət nəticələrini verməkdədir. Xalqa arxalanmaq, xalqdan güc almaq cənab İlham Əliyevi bu işlərdə daha mətanətli və güclü edir.
Cənab Prezidentin həyata keçirdiyi antikorrupsiya siyasəti hazırda ölkəmizdə belə bir qənaəti tam olaraq formalaşdırıb: indi Azərbaycanda məmur olmaq imtiyaz deyil, məsuliyyətdir. Xalq, dövlət, ədalət mühakiməsi qarşısında məsuliyyət. Lakin Prezidentin dəfələrlə bildirməsinə baxmayaraq, bunu hələ də dərk etməyən məmurlar qalmaqdadır. Onların hər birinin qanunazidd əməllərini Dövlət Təhlükəsizlik Xidməti araşdıraraq üzə çıxarmaqdadır. Bu, dövlətin korrupsioner məmurlara qarşı apardığı siyasətdə yenilməz qətiyyətin göstəricisidir. Çünki dövlətin, xalqın malını mənimsəyən şəxs məhz dövlətin sütunlarına, hakimiyyətin mənbəyinə zərbə vurur. Onun cəzası da dövlət əleyhinə cinayət kimi təsbit edilir və göründüyü kimi, cəzalandırma bu istiqamətdən aparılır.
Möhtərəm Cənab Prezident! Ölkə gəncliyi əminliklə bildirir ki, Azərbaycan dövlətinin sabahı, Azərbaycan vətəndaşının rifahı üçün gördüyünüz işlərdə bütün xalqımız kimi, gənclər də daima Sizinlə birgə olacaq. Çünki biz birlikdə güclüyük!
Sərraf HÜSEYNOV
Azərbaycan Dillər Universiteti rektorunun müşaviri, ADU üzrə YAP ilk ərazi təşkilatının sədri