Multimedia Mərkəzi tərəfindən hazırlanan yeni medianın tədris modulları kitabça formasında çap olunub.
Mərkəzdən 525.az-a verilən məlumata görə, tədris modullarını “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb. Layihə ABŞ-Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir.
Məlumatda bildirilir ki, yeni medianın tədris modulları hazırlanarkən beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib.
Kitabçaya universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, Onlayn Jurnalistika, Multimedia Jurnalistika və Sosial Media fənnlərinin proqramları daxil edilib. Proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib.
Qeyd edək ki, yeni medianın tədris modulları Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Bu ayın sonlarında Yeni Medianın tədris modullarının təqdimatı nəzərdə tutulub.
BƏXTİYAR