|
|
|
|

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 24 il keçir.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan
olunub.
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik
korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının
dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta
məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində
hərəkət edəcəklər.
Yanvarın 20-də Bakı Polis Qarnizonu
gücləndirilmiş rejimdə işləyəcək. 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə
əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən,
yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi
Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Dünya
ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan
icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın
20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları
verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət
bayraqları endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini
vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər
yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə
Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul
edib.



