|
|
|
|

İnsan olanlardan uzaqlaşdıqca darıxmağa başlayır. Əl çatmayan, göz görməyən yerlərə, günlərə, insana, gülüşə, bəzən səsə, mehə, yağışa, soyuğa, istiyə darıxır.
Əlçatmazlıqdı insanı darıxdıran. Gedə bilmədiyi, görə bilmədiyidi insanı darıxdıran.
Xatirələrə üz tutmaqdır darıxmaq...
O yer mənim kəndimdi,
Görünən dağı deyir –
Çəkilib sinəsinə,
Hər gün bir ağı deyir...
...Solubdu, soluxubdu,
Yurd olmaqdan çıxıbdı,
Nə qədər darıxıbdı:
Hardaydın axı! – deyir.
* * *
Burnumda qoxun,
əllərimdə sığalın darıxır...
Bu, Həyat Şəminin darıxmağıdı. O yer, baxış, səs.., gün üçün gün-gün, an-an darıxmağı. Onun şeirlərini oxuduqca özününkülərə bu dəfə o cür darıxırsan. Söz-söz, sətir-sətir...
Od düşdü hər yerə:
kiminin evi-eyvanı,
kiminin heyvanı,
kiminin zəhməti yandı,
kiminin əməyi,
kiminin canı,
kiminin də ürəyi...
– söyləyib ən çox ürəyi yanan, “hər şeyi cızıq-cızıq alın yazısına bağlayan” şair.
Bu, “Qarabağsız qalan qarabağlı qadın“ın Vətən, Qarabağ, Gecəgözlü üçün darıxmağıdı.
Həyat Şəminin darıxmağı da şairliyi kimi fərqlidir, düşündürücüdür. İnsanı özünə cəlb edən, əslində onun fərqliliyidir. Başqalarından seçilməsidir.
Onun darıxmağı həsrətdə də, azadlıqda da, sevgidə də eynidir, təbiidir.
Həyat Şəminin darıxmağı sadəcə bir fərdin həsrəti, intizarı deyil, məkanın ruhla, yaddaşla qovuşmasının vəhdət sızıltısıdır.
Sükutu danışan, baxışı pıçıldayan şairin darıxması şeirdəki daxili çırpıntılarda özünü göstərir. Söz çırpınır, səs çırpınır, zaman çırpınır...
Bəzən sözdən boylanan, bəzən sözə baş əyib diqqət kəsdirən, “məni bir də oxu” deyən şeirlər, ifadələr oxucunu öz təsirinə salır. Bu, şair gücüdür, düşüncə dərinliyidir.
O, şeirlərini söz-söz cilalaya bildiyi kimi, onun yerini, məqamını ustalıqla verdiyindəndir şeirin ürəyə toxunması.
Şeirlərindəki düşüncənin yaratdığı özəllik şeirin yükünü artırır, onu daha da gözəlləşdirir.
“Barmaqları Vətən dadan” Vətən sevdalı şairin Vətən sevgisi başa düşüləndi.
Məncə, Həyat Şəminin şeirlərində Vətən sevgisi daha qabarıqdır. Bəlkə də, bu ağrıya, həsrətə, ayrılığa olan sevginin sevgimlə üst-üstə düşdüyündəndir. Ona görə mən bu sevginin yanğısını daha çox hiss etdim.
Bu sevginin içində hər şey var, hər kəs var...
Həyat Şəmi “Qarabağ” şeirlərində Qarabağı canlı varlıq kimi təqdim edir.
Yarımsan,
yarı məndə, yarı səndə qalan.
Tariximsən,
köçhaköç, qaçaqaç, gəlim-alım dediyim
bir az məsum, bir az da zalım
tarixim.
* * *
Aç qoynunu, sənə yenidən toxunmağa,
Səni ev-ev, xana-xana toxumağa gəldim.
Evimizə gəlmişəm əlimdə çıraq,
Söz ver ayrılmayacağımıza,
Qarabağ.
Viran qalan yerlər sınıq qəlbə bənzəyir. Çiliklənən xatirələri yığıb calaya bilmirsən. Təbii itkiləri başa düşmək, anlamaq olur, amma o illəri sənə xatırladacaq yerlərin yoxluğunda olanları axtarmaq qaranlıqda nəyisə axtarmaq kimidir. Hər şey dağıdılıb, sənə nəyisə xatırladacaq heç nə yoxdur. Yoxluğun içində özün də yox olursan, özünü tapa bilmirsən. Nəyisə, haranısa göstərmək istəyəndə uzanan əlin boşluğa düşür. Orda isə qalanlar sənə qəbirdən baxan kimi baxır. Olanları olmuşlar adıyla göz yaşı ilə yapışdırmaq olmur.
Həyat Şəmi yurda da, əsgərə də, şəhidə də, orda qoyub gəldiyi hər şeyə sevgi gözüylə baxır. Cansızı da canlı kimi görərək onu qəlbində yaşadır. Onun baxışları uçuq evləri daş-daş yerinə qoyur, qurumuş ağacı sevgi göz yaşlarıyla suvarıb dirildir, pöhrələndirir. Qurumuş bulağı sümürüb əvvəlki halına qaytarır. Xiffətdən kiçilən dağlara çiyin verir... Sevgisilə olanları olmuşlara çevirir.
Şair doğulduğu yeri unuda bilmir, məqamı gəldikcə onu şeirə gətirir. Həyat xanımın Qarabağ sevgisi gah Vətən həsrətində, gah şəhid timsalında, gah da muğamlarla ifadədə səslənir.
Qarabağ – bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
* * *
Bağçamıza qızılgül qələmi əkmişdim
Gecəgözlüdə...
Böyüyüb “ayrılıq” yazdı ömrümə:
Yurdumdan...
Anamdan...
Harda ayrılıq, həsrət, ağrı, sevgi var, Həyat Şəminin fikri şəhər-şəhər, kənd-kənd, ev-ev, əsgər-əsgər, şəhid-şəhid... baş alıb ora gedir.
“Səni ev-ev, xana-xana toxumağa gəldim”, - deyib göyərən arzuları ilə Vətəni söz-söz öz yerində toxumağa gəlir...
Qarabağda daş qalağına çevrilmiş evlərə yazdığı “Elegiya” şeirində deyir:
Mən bir daş qalağıyam,
qocalan keçmişimin ağ yaddaş qalağıyam,
axıb keçən zamanın içində bir kəsiyəm,
çapığıyam torpağın,
daş olan arzuların yosun tutmuş üzüyəm.
Üzüyümü quşların barmağına taxmışam,
Daşdan namə daşıyır.
Şair özünü Qarabağda dağıdılmış, viran qalmış evlərin "daş qalağı" adlandırır. Arzu və yaddaşı əks etdirən yosun tutmuş üzüyünü quşlara etibar edir. Quşlar səngər xətlərini keçib gələcəyə məktub daşıyaraq bizi sabaha aparır.
Şair düşüncəsi...
Mən səngərdə olanda quşlara həsəd aparırdım. Onlar bizdən vəfalıydılar. İstədikləri vaxt yurd-yuvalarına dönə bilirdilər. Təkcə səngər görəndə yüksəkdən uçurdular ki, atəşə tutulmasınlar. O vaxt onlara şeir də yazmışdım.
Dan yeri sökülürdü əllərinlə,
Səni əllərindən tanıdım –
barmaqlarından qan tökülürdü...
Səni güllərindən tanıdım:
güllərin güllələnmişdi.
Səni tarlandan tanıdım:
fidan-fidan əkilmiş şəhid tərlanlarından.
Səni eyvanlardan tanıdım –
bayraqlar asılmış
titrək barmaqlıqlı eyvanlarından.
***
Hər daşın altından şəhid olmuş mən çıxıram,
Dilim çıxır, Vətənim çıxır,
qurban olduğum vətənim və tənim.
Şairin “Gün cəbhədən doğdu bu gün”, - deyərək əsgərlərimizə xitabı diqqətçəkəndi.
Dan yeri söküldü sənlə bu səhər,
Salam, əsgər!
***
Nə yazım sənə, əsgər,
Payız gedir, bizimsə
verdiyimiz söz qalıb,
de ki, de ki, gəlirik
Qarabağa, az qalıb!
Nə yazım sənə, əsgər?
Burnumun ucu göynər,
dodağım para-para,
həsrət-həsrət uçuqlar...
Kəndimin üzündən öp,
Evimizi qucaqla!
Həyat Şəminin hisslərini, duyğularını anlamaq üçün onun baxışlarını oxumaq kifayətdir. Danışan, olanları söyləyən baxışlarını.
Onun Şuşa hayqırtısı səssiz qalan Şuşanın həsrətidi.
“Hər an buğda boyu artan, saçına ayrılıq hörən” şairin ayrılığı da ayrılıq dərəcəsindədir.
Günlü günlərimin nəfəsi yansın,
Yuxa ürəyimi soyuğa verdim.
Üşüdüm ömrümün dolaylarında,
Haçansa sevgimi sədəqə verdim.
***
Yaz gəlsə ürəyinə,
Bilərmi ayrılıqlar,
Üşüyərmi soyuqlar,
Ölərmi ayrılıqlar?
***
Həyat Şəminin darıxmaq, həsrət, ayrılıq şeirlərindən yazmaq istədim, ancaq onun başqa səpkili diqqətçəkən şeirlərindən də yan keçə - susa bilmədim.
Həyat Şəminin bənzətmələri söz-söz alovlanır
Qəm tağında dəyən kəsin,
Yetişmişəm deyən kəsin,
Öz dərdini yeyən kəsin
İçində dərd kişi çıxır.
...Yenə axırımız birdir,
Son mənzilin işi sirdir,
Torpağın ağzı qəbirdir,
Yeyir, sonra dişi çıxır.
Şairin xatirə baxışlarından fərqlənən real baxışları da olduqca maraqlıdır.
Kişi ilə qadını bir düz xətt birləşdirir.
İki nöqtədən yalnız bir düz xətt keçir,
Üçüncü məşuqədir.
Kişi atadır,
Qadın ana...
Uşaq isə uşaq...
Bəs uşaq yoxdursa?!
Uşaq yoxdursa,
Kişi kişidir, Qadın qadın...
Uşaq isə Allahın işidir!
"Kişi ilə qadını bir düz xətt birləşdirir... Üçüncü məşuqədir", - söyləyən şair iki nöqtə arasındakı bağlılığın ən qısa və doğru yolunun düz xətt olduğunu göstərir. Üçüncü isə bu xətti – doğruluğu pozur.
"Bəs uşaq yoxdursa?!. Uşaq isə Allahın işidir!" fikrində şair bütün hər şeyi İlahi iradəyə təslim edir. Bu şeir “ana” ola bilməyən şairin məsum səsidir.
Həyat Şəminin şeirlərini oxuduqca olanları görürsən, sükutu anlayırsan. Budur poeziyanın möcüzəsi.
Rənglə duyuram yolu,
aramızda yollar,
rəngli xətlər vardı:
Ciddi-ciddi qoşa xətlər
kişi rəngində, kəsmək olmaz.
Qırıq-qırıq qadın xətti –
Könül kimi...
Rənglə duyuram
yanaqlarındakı sözü,
qızarmış...
Həyat Şəminin böyük bir əsərin mövzusunu 3-4 sətrə yerləşdirməklə poeziyanın gücünü göstərir.
İndi mən iki dodaq arasında
sıxılan sözəm,
sən –
iki qadın arasındakı adam.
***
Sevgin
bu yaz da bətnini doyurmadı...
***
Doğulmayan körpələrə
hamilə şişmiş ürəklərin sancısını,
kim bilə bilir ki...
***
Həbs olunmuş bir sevgi var
dördkameralı qəlbimdə.
Hamısında o, yatır...
***
Qələmlərin ömrünü yeyir hər gün hərflər.
Mən səni axtarıram,
Gözlərimdə görüblər...
***
Üç dilimə böldüm ömrümü –
birini savaş yedi,
birini həyatla barış,
digərini də İstanbul...
Bu, axtarılan hər şeyin insanın öz içində, baxışlarında və ruhunda olduğunun təsdiqidir.
XƏBƏRİN VAR?
Bir nərdivan dayadın
İçindəki divara.
Ruhun azad gəzirdi,
Könül quşun avara.
Pillələr fikir-fikir
Yuxarıya çıxırdı,
Tutunmağa yerin yox,
Sevgin səni yıxırdı.
Çıxdın o dar qəfəsdən,
Sındı içində sükut.
Geriyə yol qalmadı,
Açdığın qapını tut.
Ömrün də cümlə imiş,
Xəbərin var, haqdandır,
Hər cümlənin sonuna
Torpaq dərin nöqtədir.
Düşüncə nərdivanıyla mənəvi səfərə çıxan şair yeganə bələdçinin və sığınacağın sevgi olacağına işarə edir. Və insan ömrünü bir cümləyə bənzədən şair “son nöqtə torpaqdır”, - deyir.
Həyat Şəminin bu şeirlərində də gizli bir daxili darıxma var. İnsanın varlığı həm də onun darıxmağında özünü göstərir.
Həssas qəlbli Həyat Şəmi İstanbul saatı ilə Vətənin və həyatın ağrılarına qarışıq sevgi ilə baxır, bəzən sadə, bəzən fəlsəfi düşüncələrlə yaşadıqlarını çatdırır.
Şeirlərdəki fəlsəfi baxış şairin kimliyini bildirir.
Füzulidən başlayıb Bakıdan keçərək İstanbula yetən dövrün yaşantılarını Həyat Şəmi poeziyanın bütün gücü ilə yaşadır.
Eyni işləməz
gedənlə qalanın saatı.
Getdim,
bir saat geri çəkdim həyatı...
Bu zamanla-zamanın, məkanla-məkanın, yerlə göyün arasındakı Həyat Şəminin özüdür. Onun fəlsəfi baxışları düşündürücüdür. O, düşüncələri qısa formada cəmləşdirir, poetik formada təqdim edir. Şeirlərindəki fəlsəfi və psixoloji məqamları oxucunun ixtiyarına buraxır.
Şairi tanıdan onun şeirləri olduğundan Həyat Şəminin şeirlərindən daha çox sitat gətirdim ki, həm də şairin özü danışsın.
Poetik baxış bütün baxışları kənara qoyur. Bu, cümlədə nida kimidir.
Həyat Şəminin adamı silkələyən belə NİDAları çoxdur!
Arzu edirəm ki, poeziyaya müxtəlif baxışlarla baxa bilən, öz sözü olan Həyat Şəminin lirik NİDAları daha çox olsun.
Rəfail Tağızadə,
07.07.2026.




