https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Hər birimiz bu Vətənin əsgəriyik - Yazı

Hər birimiz bu Vətənin əsgəriyik - Yazı

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

Həyəcanlı və qürurlu günlər yaşayırıq. Hər gün gözümüz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumatları axtarır, tapır, oxuyur, televiziya kanallarından gündəlik xəbərləri alırıq.

Sentyabrın 27-dən səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci Aprel dalğasını yaşatdı. Təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı çox çəkmədən uğurlu əks-hücum əməliyyatları ilə verildi. Nəticədə bir sıra yaşayış məntəqələrimiz və Murovdağ zirvəsi işğaldan azad edildi. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə bir daha öyündük. Bu günə qədər düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.  Təbii ki, müharibə itkisiz olmur. Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir. O müqəddəs torpaqlar uğrunda bu gün döyüşür Azərbaycan əsgəri. İrəli gedərək işğaldan azad etdiyi torpaqlar da Azərbaycandır. Azərbaycan əsgəri haqq yolundadır. Öz doğma torpaqlarından düşmənin murdar ayağını kəsir. Bu yolda neçə igid verər can, amma geriyə dönməz. Himnimizdə deyildiyi kimi: "Səndən ötrü can verməyə cümlə hazırız!"

Bunu anlayan mənfur düşmən öz çirkin oyununu davam etdirərək əhali arasında təşviş və çaşqınlıq yaratmaq məqsədilə yaşayış məntəqələrini, mülki əhalini də atəşə tutur. Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhalidən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilənlər  və həlak olanlar var. Bir sıra  yaşayış evləri, mülki obyektlər yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. Bütün bunlara baxmayaraq, insanlar öz yurd-yuvasını tərk etmir. Çünki hər kəs Milli Ordumuza güvənir. Döyüşlərin başladığı ilk günlərdən ordudan qələbə müjdəsini alan kiçikdən-böyüyə hər kəs yaxşı anlayır ki, haqq da bizimdir, torpaqlar da bizimdir, qələbə də bizimlədir. Ölkə başçısı cənab İlham Əliyevin  xalqa müraciətində də deyildiyi kimi, biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Müdafiə Nazirliyinin məlumatına görə,  Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girmək istəmir və döyüş əməliyyatı rayonunu tərk edirlər. Erməni əsgərində ruh düşkünlüyünün olması məntiqlidir. Əsgər o zaman psixoloji cəhətdən silahlanır ki, öz torpağı uğrunda vuruşur, öz torpağını işğaldan azad etmək uğruna can fəda edir. Məsələyə bu aspektdən yanaşanda bir erməni əsgəri nə deyə canfəşanlıq etsin? Onun silahını atıb qaçması, digər tərəfdən müzəffər Azərbaycan ordusunun qarşısında duruş gətirməməsi anlaşılandır. Bu döyüşün acı məğlubiyyətlərini öncədən proqnozlaşdırmaq heç də çətin deyil. Çox da uzağa getməyək. Bu ilin iyul ayında təxribata əl atan Ermənistan acı məğlubiyyətlə üz-üzə qaldı. Avqust ayında növbəti hərbi təxribata əl atarkən  diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı və hazırda ifadələr verir. Verdiyi ifadələrdən məlum olur ki, planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bütün bu təxribatların qarşısını cəsarətlə alan ayıq-sayıq ordumuzun yanındadır xalqımız. Ordu xalqın güvənc yeridirsə, bir ordu üçün də xalqın inamı, etibarı və sevgisi onu mənəvi-psixoloji cəhətdən silahlandırır, daha da güclü edir. Xalq-ordu birliyi əsgərlərimizi döyüşdən-döyüşə atılmağa, rəşadətlər göstərməyə sövq edir. Biz bu gün ordumuza güvənərək öz işimizin başındayıq. Arxa cəbhədə həyat öz axarında davam edir.  Əsgər yalnız forma geyinib əlinə silah alan deyil. Hər kəs öz işi, peşəsi ilə vicdanla çalışırsa, o da əsgərdir. Bu gün müəllim öz dərsini yüksək əhvalla tədris edirsə, bax o da əsgərdir və gələcəyin cəsur döyüşçülərini hazırlayır. Bu gün hər birimiz bu Vətənin əsgəriyik! Bu həssas dönəmdə biz də arxa cəbhədə səfərbərik. Öz işimizlə, ruhumuzla, canımızla, qanımızla.

90-cı illərin böhranının acı nəticələrindən, siyasi rəhbərliyinin səriştəsizliyindən istifadə edərək torpaqlarımızı işğala məruz qoyan ermənilərə növbəti "sevinc" payını yaşatmayacağıq. Bu gün güclü, qüdrətli bir dövlətin vətəndaşları kimi əminik ki, sevinc payını yaşayanlar bizik, biz olacağıq. İstənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimizin peşəkar şəxsi heyəti bizə bu əminlik hissini verir.  Aprel qələbəsinin, Günnüt zəfərinin müjdəsini aldığımız ordumuza güvənirik. Göz qırpmadan, can əsirgəmədən bizə növbəti qələbə sevinclərini yaşadan cəsur əsgərlərimizə güvənirik! Şəhidlik zirvəsinə yüksələrək gənc və gələcək nəsillərimizə örnək olan qəhrəmanlarımızla öyünürük. Biz tarix yazırıq.

Yetişdirib boya-başa çatdırdığımız hər bir oğul düşmən çəpəridir. Biz oğullarımızı hərbi xidmətə, ön cəbhəyə qürurla, fəxarət hissi ilə yola salırıq. Hər bir Azərbaycan ailəsi müstəqilliyimizin qorunmasına, ordumuzun güclənməsinə öz töhfəsini verir. Biz bitmirik, tükənmirik, biz gəlirik, davam edirik. Bu gün valideynlər övladlarını hərbi təhsilə yönəldir. Hazırda hərbi təhsil müəssisələrində gələcəyin peşəkar zabitləri yetişir. Bu torpaq, bu vətən, bu dövlət, bu millətin var olması naminə. Azərbaycanın bu günü də, gələcəyi də etibarlı əllərdədir.

Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.