tənqidçi
Sara Oğuz- Nəzirova: Milli mədəniyyətimizin müxtəlif qollarını birləşdirən virtuoz zəka sahibi. Yazıçı, publisist, dramaturq-ssenarist və sənətşünas. Ədəbi ənənə və mühit dışında yetişən, özünə həm cığır, həm yol olan istedadlı nasir.
Ədəbiyyata nəsildaşlarından bir nəsil sonra gəlib. “Qədir gecəsi”, “Ot göyərəndə”, “Köhnə kişi” adlı ilk hekayələri 1979-cu ildə “Azərbaycan” jurnalında çap olunub. “Beton evdən yazılar” və “Ümid ulduzu” isə ilk povestləri sırasında yer alır. İndiyədək 7 kitabı çıxıb. Bədii əsərləri rus, ingilis, çin və s. dillərinə tərcümə olunub.
Onun yazıçı kateqoriyasını özünüreklam müəyyənləşdirmir, tərcümə və çap olunduğu ölkələrin sərhədlərini ədəbi işbazlıqla aşmır. Hələ də haralardasa ədəbi kriteriyalar qüvvədədir və Sara Oğuzun əsərlərinin şans mələyi də məhz bu qüvvədir...
lll
Haşiyə: 1994-cü ilin noyabrında Amerikanın nüfuzlu ədəbi nəşrlərindən olan “İkarus” jurnalından Azərbaycan Xarici İşlər Nazirliyinə faksla bir məktub daxil oldu. Nəşrin redaktoru tərəfindən göndərilən məktubda Azərbaycan yazarı Sara Oğuzun “Tale damğası” povestinin keçmiş Sovet respublikaları ədəbiyyatlarından ən yaxşı nümunələr sırasında jurnalda dərc edildiyi bildirilirdi. Ədəbi nümunələrin müsabiqə yoluyla seçildiyini və milli xarakterin ən yaxşı ifadəsi kimi məhz bu əsərə üstünlük verildiyini vurğulayan naşir müəllifi ekstremal istedada malik yazıçı kimi yüksək dəyərləndirirdi.
60-70-ci illər nəsrimizdə uşaqlığı repressiya illərinə və İkinci Dünya müharibəsinə düşən nəsil barəsində “Tütək səsi” (İsa Muğanna), “Mənim nəğməkar bibim” (Əkrəm Əylisli) kimi sanballı əsərlər yazılmışdır. Sara Oğuzun illər sonra qələmə aldığı “Tale damğası” povesti də bu ədəbi pleyadanın davamıdır. Normal uşaqlıq və gənclik yaşamadan yaşlanan bir nəslin mənəvi-psixoloji durumu, məhrumiyyət və xəyal qırıqlığı povestin əsas leytmotivini təşkil edir. Bilavasitə özünün də içindən keçib gəldiyi, acılarını bütün canı-qanıyla duyduğu o məşəqqətli həyat yazıçını uzun illər düşündürdüyündən, “Ümid ulduzu” adlı başqa bir povestində də həmin zaman kəsiyindən bəhs etmişdir. Lakin istər, ağrı və emosiyaların ilkinliyi, istər, nəsrimizdəki sanballı nümunələrlə bir səviyyəni paylaşması baxımından “Tale damğası” daha ağır basır.
Yeri gəlmişkən deyək ki, bəzi araşdırıcılar bu əsərlə 60-cı illər nəsrimizin populyar nümunələrindən olan “Mənim nəğməkar bibim” povesti arasında süjet-konflikt paralelləri də aparırlar və sırf vizual yanaşmada bu mövqeni qəbul etməmiz gərəkir.
Qeyd olunduğu kimi, hər iki əsər müharibə dövrünün uşaqlığı barəsindədir və təhkiyə də uşaqların diliylə verilir. Situasiyalar da oxşardır; bibi ( “Mənim nəğməkar bibim”) və xala (“Tale damğası”) sevmədikləri kişiylə evlənməyə məcbur olmuşlar və s.
İndi fərqlərə nəzər yetirək:
“Mənim nəğməkar bibim”də süjet şaxəlidir, əsərdə zorən bir evlilik hekayəti ilə paralel, müharibə dövrü Azərbaycan kəndinin mənəvi-sosial mənzərəsi təsvir edilir. Bu baxımdan, povestə həm müstəqil əsər kimi, həm də müəllifin “Adamlar və ağaclar” trilogiyası kontekstində baxılmalıdır. Mədinə dövranın məhkumudur, sevdiyi oğlan və kəndin sayılıb-seçilən bütün kişiləri müharibəyə getdiyindən, əsla layiqi olmayan bir adamla evlənib. O nə qədər gözəl, mənəviyyatca zəngindirsə, Müküş bir o qədər idbar və hər yönüylə naqisdir. Müəllif açıq görünməsə də, (hekayət Mədinənin qardaşı oğlu Sadığın diliylə nağıl olunur), bu ayrıntı onun tərəfli mövqeyini, başqa sözlə, müsbət və mənfi qəhrəman bölgüsünü ortaya qoyur.
Vahid süjetli “Tale damğası” isə əsil-nəcabətli bir xanımın tale dramı olmaqla, sırf mənəvi-əxlaqi kontekstdədir. Olaylar 40-cı illərdə, kənddə yaşayan əsilzadə bir ailədə cərəyan edir. Sovet hökuməti ailənin çörək gətirən, qeyrət çəkən bütün kişilərini “kulak” , “qaçaq” damğasıyla Sibirə sürsə də, qürurunu sındıra bilmir və bu aqayanalıq əsərin ideya-bədii sistemində başlıca rol oynayan Şamxatun obrazıyla kulminasiyaya çatır. “Bəylərə, xanlara yaraşan” Şamxatun şəcərəsinə yaraşmayan bir ailəyə ürcah olmasıyla həyatının sonunadək barışmır. Lakin o, sələfi Mədinə kimi ərinə nifrət etmir, onunla yaşadığı həyatdan iyrənmir. Əslində, ağıllı-kamallı, boylu-buxunlu və sevən ürəkli Şamxalın da yetimlikdən, köksüz-köməksiz olmaqdan başqa “suçu” yoxdur. Sovet hökuməti taxt-taclarını yıxsa da, könül taxtından enməyən, ərini sevməsə də, törə qaydalarıyla sayğı göstərən, ailə şərəfini göz bəbəyi kimi qoruyub, övladlarının üstündə nanə yarpağı kimi əsən Şamxatun bütün məziyyətləriylə ideal bir azərbaycanlı qadın obrazıdır. Bu mənada o, Əkrəm Əylislinin Müküşlə yatıb, xəyalən cəbhəyə getmiş sevgilisiylə ovunan Mədinə obrazıyla müqayisə oluna bilməz. Şamxatun daha çox İsmayıl Şıxlının, Fərman Kərimzadənin romanlarında təsvir olunan milli aristokratiyanın təmsilçisidir və “Tale damğası” da belə bir havaya köklənib.
Ağıl, bədii təfəkkür, intuisiya və ürək... Sara Oğuzun əsərləri ədəbi cərəyanlara, nəzəri modellərə deyil, bu dörd doğal təmələ əsaslanır. “Tale damğası”nda ürəyin payı daha çoxdur, obrazlı desək, bu əsər bir ana duyumuyla yazılıb və onun milli-bəşəri dəyərlər sistemində hər iki səviyyəni fəth etməsi də bu duyuma bağlıdır.
lll
Cəmiyyəti məhvərindən oynadan 90-cı il hadisələri; Qarabağ müharibəsi və ictimai-siyasi kataklizmlərin doğurduğu iqtisadi böhran...İlk dövrlər bir donuqluq müşahidə olunsa da, müharibə mövzusunu ədəbiyyatımız müəyyən qədər içindən keçirə bildi və çoxsaylı əsərlər yarandı. Məmləkəti heç də müharibədən az üzməyən, illərcə davam edərək həyatın normal axarını pozan, hətta milli adət-ənənələri aşındıran sosial-iqtisadi tənəzzül isə ədəbiyyata mal olmadı. Sara Oğuzun “Kəpənək ömrü” povesti bu mövzuda istisna faktlardan olmaqla, xaricdə maraqla qarşılanan ikinci əsəridir. Povest, demək olar ki, mürəkkəbi qurumadan- 1996-cı ildə YUNESKO-nun “Dünya ədəbiyyatı bu gün” (The World Literature to day) toplusunda nəşr olunub. Təbii ki, Qərbin belə sıcaq münasibətinin məğzində sadəcə, ədəbiyyat marağı dayanmırdı. Sovet imperiyasının çökməsiylə dünyanın bir tərəfində böyük xaos yaşanırdı. Asılılıqdan qurtulan respublikaların etnik münaqişələr, məhəlli müharibələr və iqtisadi sanksiyalarla əzilməsi toplumu təcrübə siçovuluna çevirmiş, ictimai müvazinət pozulmuş, insanların şüuraltı bütün naqislikləri üzə çıxmışdı.
Belə bir nəhəng, idarəolunmaz xaosun anatomiyasını öyrənmək üçün gerçək həyatdan alınmış “Kəpənək ömrü” qiymətli bir mənbəydi. Povest yazıçının əsərləri içərisində, demək olar ki, ən informativ mətndir. Lakin informasiya məqsəd deyil, vasitədir və konkret bir tarixi dövrün bədii konsepsiyasının həllində bu vasitədən uğurla istifadə edilmişdir.
Əsərdə təsvir olunan əhvalatlarla, xüsusən də personajlarla yazıçı arasında həssas bir bağlılıq vardır. Bu bağlılıq onun “Beton evdən yazılar” adlı ilk povestində də aydın hiss olunur. Belə ki, fərqli zaman kəsiklərini əhatələyən əsərlərin hər ikisində müəllifin də mənsub olduğu ziyalı təbəqəyə ictimai-siyasi, iqtisadi və sosial mühitin ağrılı təsirlərindən bəhs olunur. Ötən əsrin ortalarında qeyri-münbit zəmində ( siyasi-ideoloji təzyiq, məişət çətinlikləri və s. ) istedadını realizə edə bilməyən ziyalılar əsrin sonlarında bir zümrə olaraq siyasi hərc-mərcliyin və bazar iqtisadiyyatının girovuna çevrilir. Bilavasitə, müəllif özü də həmin çənbərin içində fırlanır və çoxmərtəbəli beton evin ( beton ev həm də sərt sovet rejiminin simvolizəsidir) çardağına sığınan laməkan rəssamla (Çempion), sənət adamlarının cəfasını çəkən sənətşünas və ya işini, maaşını itirərək qobulardakı ot-əncərə, iş adamlarının qəpik-quruşuna möhtac qalan elmi laboratoriya əməkdaşlarıyla eyni taleni paylaşır. Lakin “Nə beton evdən yazılar”da, nə də “Kəpənək ömrü”ndə müəllif şəxsiyyətinin açıq təsiri duyulmur.
Bədii əsərdə obrazlar və emosiyalar özünün xüsusi məntiqinə tabedir, yazıçı araya girdiyi təqdirdə mətn estetik dəyərini itirir. Məşhur fransız yazarı Floberin sözləriylə desək, “Allah yaratdığı təbiətdə özünü nə qədər hiss etdirirsə, sənətkar da əsərində özünü o qədər hiss etdirməlidir..” Bu çox çətin olsa da, Sara Oğuz sənət prinsiplərini şəxsi hisslərinin fövqündə tutmağı və hər iki əsərdə problemə neytral bir mövqedən yanaşmağı bacarmışdır.
lll
İlk dəfə jurnal variantında işığa çıxan “Çərxi fələk” povestiylə (“Azərbaycan” jurnalı, N9, 2007) yazıçı tamamilə yeni bir orbitə daxil olur. Sosial, ictimai-iqtisadi və emosional faktorlar üzərində qurulan əvvəlki dörd povestdən ciddi şəkildə fərqlənən “Çərxi-fələk”də bədii konflikt materialist müstəvidən metafizik müstəviyə qaldırılır.
Ədəbiyyatın əzəli-əbədi mövzularından olan hüznlü bir məhəbbət hekayəti: Bir-birini sevərək evlənmək istəyində olan cütlük (Ələkbər və Xədicə) “əsli-kökü bilinməyən kəndçi qızıyla bizimki tutmaz” deyən oğlan anasının inadıyla ayrılır. Lakin bu “səninki səndə, mənimki məndə” deyilə biləcək bəsit bir ayrılıq deyil. Ortada bağışlanmaz günah var, çılğın anların birində oğlan nəfsinə hakim ola bilmir və qızın ismətini korlayır...Zərərdidə abrına qısılıb susur, günahkar da cəzasız qalacağından əmin olub arxayınlaşır...Bəs Ədalət? Məhkəmələrin işə qarışmadığı təqdirdə o ədaləti kim bərpa edəcək?
Demək, biz problemin bədii həlli üzərinə gəldik. Amma baş sındırmağa gərək yox. Çünki anaxtar ən gözəgəlimli bir yerdə qoyulub və bu, əsərin əvvəlində “Qurani-Kərim”dən gətirilən aşağıdakı iqtibasdır:
“Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər”(Yunus surəsi, 49-cu ayə) .
Bu, o deməkdir ki, hər şey yerdə həll olunmur. ƏMƏL törədilmişsə, onun BƏDƏLi də mütləq və qaçılmazdır. Ələkbər də Göylərin cəzasından qaça bilmir və 30 il öncə törətdiyi ağır günahın bədəlini bir yay günü dənizdə boğulub ölən Xədicənin meyitinə gecədən sübhədək keşik çəkməklə ödəyir. Amma “başa baş, gözə göz” prinsipinə görə, bu da tam qarşılıq deyil. Xədicənin ölümündə müqəssir bilinib həbs olunan keçmiş sevgili qadını öldürdüyünü etiraf edərək havalanır. Ədalətin bərqərar olmasıyla konflikt də bədii həllini tapır və mistik çevrə qapanır. Lakin bu konfliktdə açıq şəkildə qarşı-qarşıya duran qüvvələr yoxdur. Mübarizə gizlidir və o sadəcə metafizik qatda, həm VƏKİL, həm HAKİM olan bir QÜVVƏ tərəfindən aparılır...
Bir qayda olaraq yazıçının realist mövqedən çıxış etməsinə alışıq olan oxucu “Çərxi-fələk”də məhvərin tam dəyişdiyini görüb şaşıra bilər. Amma dialektik əlaqə qanunlarını bilən, Klod Helvetsi, Martin Haydeger, Karl Yaspers fəlsəfəsini içindən keçirən yazarın belə bir nəticəyə gəlməsi tamamilə məntiqidir. Yaspers təliminə görə insanı tanımaq üçün o üç yöndən- həm vücud, həm ruh, həm də ictimai varlıq kimi öyrənilməlidir. “Çərxi-Fələk”də bu postulata din fəlsəfəsi də əlavə olunur və Mütləq Varlıqla insan arasında metafizik ilişki, sadə desək, insanın həyatında və taleyində Göylərin rolu izlənir.
Lakin bu şərhimiz qətiyyən əsərin bir ədəbi təcrübə olması anlamına gəlməməlidir və biz sadəcə, mətnin fəlsəfəsini açmağa səy göstərdik. Alt yapısında bilgi dayansa da, “Çərxi-Fələk” ömrünün zirvəsinə yaxınlaşan, teoloji təsirləri bütün hüceyrələriylə hiss edən və varlığın anlamı üzərində düşünən bəsirətli bir insanın gerçək yaşam təcrübəsidir.
lll
İnandırıcılıq bədii əsərin dəyərini müəyyənləşdirən əsas meyarlardan biridi, hekayə üçünsə bu, bir nömrəli şərtdi. Çünki roman, povest kimi irihəcmli mətnlərdən fərqli olaraq birxətli, yığcam hekayədə, xüsusən də novellada oxucunu azdırmaq çətindi. Onu əldə saxlamağın yolu dərhal və qeyd-şərtsiz inandırmaqdı. Amma yazdıqlarına öncə yazıçı özü inanmalı, duyğu və düşüncəsinə, fəhminə sadiq qalmalıdı ki, oxucunu da arxasınca apara bilsin. Məsələn, “Yengə” hekayəsində xoşlanmadığı qaynı arvadından və onun dikbaş qızından qisas alan Zülhəccə qarının bircə kəliməsi- “Mən üzüqara bir qıza yengə gedə bilmərəm”- deməsiylə qardaşı ayağı üzəngidə gəlin köçən bacısını boğub öldürür. Oxucu belə bir sonluğa inanacaqmı? Qəti şəkildə “bəli” deyirik, çünki yüz ölçülüb-biçilmiş, olduqca həssas bir situasiya var ortada; bu dəhşətli iftira ailəyə çox yaxın olan, onun cikini-bikini bilən bir adam tərəfindən, həm də evin, gəlinin dövrəsinin qonaq-qarayla dolduğu və soyuqqanlı davranışın mümkün olmadığı elə bir şəraitdə söylənib ki, qardaş namus ləkəsini ya qanla yumalı, ya da binamus, xoşqeyrət adını üzərinə götürməlidir.
Müəllifin “Ot göyərəndə”, “Sarı gəlin”, “Ölü dərdi” hekayələri də əsasən situasiyalar üzərində qurulub və bu, janrın başlıca prinsipini ehtiva edir. Sara Oğuz xarakterlər üzərində də çox uğurla işləyir və bəzən bu potensialını eyni hekayədə reallaşdırır. Öndə söz açdığımız “Yengə”də olduğu kimi. Bütün huyları, tövrləri, hökmü-hikkəsi, məkri, məncilliyi ilə Zülhəccə qarı tam bitkin bir xarakterdir. Amma yıxıcı, dağıdıcıdır, İblisin köləsidir. “Köhnə kişi” hekayəsindəki Mamı kişi isə Zülhəccənin tərsidir. Mamı neqativ enerjili deyil, Zülhəccə kimi ətrafını zəhərləmir, amma o da bir cür iddia dağarcığıdır.
“Mamı ömründə iki şey üçün əyilmişdi; oğlunun qəbrinə bir ovuc torpaq alıb atmağa, bir də haqq-Taalanın yolunda namaz qılmağa...”
Yazıçının bu bircə cümləlik təsvirlə xarakterini cızdığı Mamı hündür şabalıd ağacları və qaratikanla çəpərlədiyi həyətində özü üçün bir imperiya qurub. Onun özəlliyi olduqca tədbirli, bic və və qurnaz olmasındadır. Əyilib yerdən bir şabalıd götürdüyünü, bir cəvərən üzüm üçün ağaca çıxdığını görən olmasa da, bütün işləri yağ kimi gedir.
Mamı hər zaman haqlıdır; rəhmətlik arvadından sonra onun dul bacısını yanlamasında da (topdağıtmaz evə kənar adam salmaq olmaz), eşqə düşüb cavan ləzgi qadınla evlənməsində də (nə etsin, kişinin şabalıdları batır), yaxın əqrəbasının əqli-fiziki qüsurlu qızını qapı-bacasına xidmətçi tutanda da (dağdan ağır kişinin əlində-ovcunda böyüyüb deyə ərə alacaqlar) haqlıdır.
Hekayə janrının forması, ölçüsü və stili ilə bağlı müəyyən nəzəri şərtlərlə yanaşı, bir şərtsizlik də mövcuddur. Belə ki, nəsrin bu ən kiçik janrı ən tükənməz imkanlara malikdir. Romandan, povestdən fərqli olaraq, hekayə istənilən forma, istənilən ölçü, istənilən stil ala bilər və yaxud tərsinə, hər üç ölçünü dağıda bilər. Sara Oğuzun “Bayat oxşaması” hekayəsi, demək olar ki, belə bir modelsiz modeldədir.
Bu heç bir situasiyanı və xarakteri, mətnin necə və nəylə başlayacağını, xoşbəxt və ya bədbəxt sonluğu gözə almayan, bütün şərtləri sadəcə, iç havasına, dil yaddaşına və milli yapıya bağlanan fövqəladə bir mətndir.Mətnin süjeti çar hökumətinə qarşı çıxan qaçaq Şərifin ailə faciəsi üzərində qurulsa da, bu bir dil hadisəsidir. Müəyyən bir süjet üzərində gəzişən müəllif yazılı ədəbiyyatla xalq yaradıcılığını, folklor –dastan poetikasını birləşdirərək bənzərsiz bir əsər yaradıb. Sözönü kimi nəzərdə tutulan kiçik bir icmalda sonsuz virtual imkanlara malik olan bu hekayəni təhlil edib dəyərləndirmək olduqca çətindir. Sadəcə, bir cümləlik yekun rəy söyləmək olar; “Bayat oxşaması” Sara Oğuzun milli pasportudur.
lll
...Nəsil – eyni yaş həddi deyil, taledir və insanların taleyinə düşən tarixi hadisələr onları bir nəslə çevirir” (Lev Anninski). Sara xanım 60-cı illər yazarlarından yaşca xeyli kiçik olsa da, eyni tarixi dövrün və mədəni-intellektual mühitin yetirməsi kimi İsa Muğanna, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, Rüstəm və Maqsud İbrahimbəyovlarla bir taleni paylaşır. Yəni, onun yaradıcılığa bir qədər gec başlaması nəsil mənsubiyyətini dəyişmir. Sadəcə, ədəbi təsnifat və sənətkar taleyi baxımından ayrıntılar ortaya çıxır. Məsələn, Sara xanımın yaradıcılığını şəhər nəsri (Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovlar...) və ya kənd nəsri qismində (İsa Muğanna, İsi Məlikzadə, Əkrəm Əylisli...) təsnifatlandırmaq mümkün deyil. Məkan, mənşə və mövzusuna görə, bu, iki qismin ortamında olan, şəhərlə kəndi birləşdirən fərqli bir nəsrdir. Hətta deyərdim ki, Sara Oğuz Nəzirova müasir ədəbiyyatımızda kübar mədəniyyətin təzahürlərini xalq həyatı və yaşadığı həyat tərzinin asketik dünyaduyumu ilə birləşdirən yeganə sənətkardı. Onun canına, qanına işləmiş, iç dünyasından və güzəranından irəli gələn bu məziyyət təkrarsız yaradıcılıq yolunun ana xəttidi.
Ədəbiyyat zamanüstü sənət olduğu qədər də, Əlahəzrət Zamana, tarixi şərtlərə tabedir. Bəzən tarixi şərtlərin kəskin dəyişməsiylə ədəbi mövqelər, bədii-estetik dəyərlər də dəyişərək yazıçının yaradıcılığına mənfi təsir göstərir, onu forma və məzmun çərçivəsinə salır. İntensiv ədəbi fəaliyyətə keçid mərhələsində başladığından Sara Oğuz sosialist realizmi üçün səciyyəvi olan belə bir çərçivədən xilas olmuşdur. Üzərindən ədəbi mühitin ütüsünün keçməməsi, dəb, ştamp, meyl və cərəyanların fövqündə durmaqla, öz təbii stixiyası ilə getməsi bir yazıçı kimi onun böyük qazancıdır. Amma ədəbiyyat havasının çox güclü olduğu bir dövrdən kənarda qalması tam xeyirə də işləməyib, ən azından, oxucu, populyarlıq, şan-şöhrət, mükafat avantajları itirilib. Fəqət, o mükafatlar qazanılsa nə olacaqdı? Cavabı məşhur Amerika yazarı Ernest Heminqueyə buraxaq:
“Mükafat erkən qazanıldıqda yazıçını erkən məhv edir, uzun zamanlar özünü gözlətdikdə isə onu qəddarlaşdırır. Bəzən də mükafat ölümdən sonra gəlir və bu zaman sahibi üçün heç bir məna daşımır. Lakin heç bir halda dünyada naməlum ustadlar qalmır və əsl istedada malik yazıçı gec və ya tez etiraf olunur”.
Birinci halda öldürən, ikinci halda qəddarlaşdıran, üçüncü halda mənasız olan “yaxa sancağı” üçün qəm yeməyə dəyərmi?! Amma bir zamanlar millət yenidən KİTABA dönəndə anlayacaq ki, Sara Oğuz adlı yazıçını dönə-dönə oxumağa dəyər...