"HƏR YER SƏNSƏN"
Qarabağın Zəfər savaşçılarına
Birinci nəğmə
Sən şimşəkdən doğulan
Sehirli göy qurşağı,
Al günəşlə yağmurun
Ən uca Zəfər tağı.
Ağ alnında parlayan
İlahidən bir işıq,
Mübarək şəhadətin
Ər adına yaraşıq.
Səngərlərin divarında
Qızaran al laləsən,
Sən Şuşada Xarıbülbül,
Murovdağda zirvəsən.
Savaşı sevgi kimi
Türk ruhunda daşıyan,
Yeni tarix başlayan
Mübarizsən, Poladsan.
Mehrab, Yüksəl, Cəbrayıl,
Göy üzündə mehtabsan,
"Dumandan xeymə quran"
Nəğməkar Xudayarsan.
Sən ey şanlı Qəhrəman!
Mələklər səcdə qılan,
Yağış yuyan, gün sığayan
Gözlərinə ölürəm.
Sonda "Vətən!" - deyib susan
Ürəyindən öpürəm.
BİR ÜLVİ SEVGİ KİMİ
İkinci nəğmə
Nur kimi süzüldülər,
Sutək hopub getdilər
Qoç igidlər torpağa,
Qaynayıb bir yamacdan
Bulaq kimi axmağa.
Vəfa eyləməsə də,
Ömür murad almağa,
Qayıdarlar bu səfər
Bir ülvi sevgi kimi
Ürəklərə dolmağa.
Gizlənib yad baxışdan
Fürsət gəzər gözəllər,
Daşürəkli dünyada
Gül-çiçəkli daşlara
Sarılıb ağlamağa.
Bir kiçik təsəlliyə
Möhtac qalan analar
Dilək tutar hər cümə;
Oğlu sevən gözəllə
Qəbir üstə tanışmağa.
Ürəklər yanğın yeri,
Söndürməz ulu göylər,
Damla salmaz buludlar,
Nə yaxşı ki, ümid var
O dünyada buluşmağa...
GİLİZ MEDALYON
Üçüncü nəğmə
Ağ atlı ordular keçər
Gəlinlərin yuxusundan,
Keçər Şuşadan, Laçından.
Bir medalyon yollar əri,
Adı çıxar içindən...
Ay-ulduz batar gedər,
Allah yorular, gedər,
Qəlpə dəymiş laylalar
Nənnilərin başında
Sabahacan inildər.
Şəkil kimi atalar
Nağıla, dastana dönər,
Başı sığalsız balalar
Divardakı şəkillərə
Baxa-baxa böyüyər...
2020-ci il, noyabr
KÖHNƏ EV
Müharibədə dağılıb növrağı pozulan ata ocağımıza
Köhnə xatirələr köhnə bir evin
Aramsız mərmitək yağır üstünə,
İti caynağıyla bir qoca bayquş
Qanlı yaraların basır üstünə.
Əlbət, o evin də memarı vardı,
Memarın alagöz bir yarı vardı.
Təzə doğulmuşdu eşq adlı körpə,
Onda xatirələr doğulmamışdı.
Balla dolu pətək dadında yuva,
Bilməm gözə gəldi, ya qarğış aldı.
Sevgi, əmək, hüzur dolu büsatdan
Geriyə göz dağı, dərd, ağrı qaldı.
Qınamağa dəyməz dostu, tanışı,
Allah da gen qaçır o xarabadan.
Təkcə xatirələr sadiq dost kimi
Qovsa da, çəkilmir böyür-başından.
Köhnə xatirələr köhnə bir evin
Aramsız mərmitək yağır üstünə.
İti caynağıyla bir qoca bayquş
Qanlı yaraların basır üstünə...
KİMSƏ YOX UNUTMAĞA
Kamal Abdullaya
Bu sirli şəhərdə insan
Bircə salama dəymir,
Dimdik yeriyir hər kəs,
Kimsə başını əymir.
Sanki şirin nağılmış
Bir xətirə dağ aşmaq,
Bir ərkli "mən ölüm"ə
Ölümün üstə qoşmaq.
Qeybə çıxıb adamlar,
Uyuq basıb şəhəri,
Çapır başsız atlılar,
Gödəndi tək dərdləri.
Uyuqlar ac canavar,
Adamlar dovşan kimi,
Dəvə yağmış şəhərə,
Hər tərəf yovşan kimi.
"Əhh"lə, "ühh"lə danışır
Sözdən səsə dönən şəhər,
Adı keçər tarixdən;-
Öz-özünü yenən şəhər.
Udmuş Robinzonu da
Uzaq, yaşıl adalar.
Seyrəlir gündən-günə
Kino, kitab Adamlar.
Heyy, daşamı döndünüz?
Daşın da qəlbi var, dostlar.
Yalqız qoymayın məni,
Sadiq və qəlbi dostlar.
Gəlin yığışaq hərdən,
Gecəni qataq səhərə,
Çıxaq hava adıyla
"Səs almağa" şəhərə.
Özüm deyib-eşidirəm,
Zənni-güman içində,
"Kimsə yox unutmağa" -
Yoxdu, ümman içində...
5 dekabr 2018
QARA SAZIN İSTİ KÖYNƏYİ
Əziz məktəb yoldaşım Zahid Həbiboğluna
Gülşəndən pay tutub dəstə bağlayır,
Bahar son bahara xələt göndərir.
Əsilli insan da Tanrı payıdır,
Elinə-gününə nemət göndərir.
Əməli xeyirdi, niyyəti xeyir,
Dost gələn yollara könlünü sərir,
Min zahid car çəkib "fanidir" - deyir,
Bir Zahid insanı sevmək öyrədir.
Duyub nəfəsini qışın, ayazın
Dalınca söylənir gedən payızın,
Şeirə, sənətə sarılıb sazın
İsti köynəyini geymək öyrənir.
Yüz il ibadətdən anrıdı fəzli;
Yeddi mərifətli bir irfan əhli,
Aydın bir Vətən oğlu, Oğuz əhli
İtkin ruhumuzu sevmək öyrədir,
Yenidən özünə dönmək öyrədir.
SON NƏFƏSİN ŞƏKLİ
Dəniz çəkmək istəyirəm,
alınmır,
Gəmi çəkmək istəyirəm,
alınmır,
Torda balıq çəkirəm,
alınır.
Səma çəkmək istəyirəm,
alınmır,
Uçaq çəkmək istəyirəm,
alınmır,
Qəfəsdə quş çəkirəm,
alınır.
Yol çəkmək istəyirəm,
alınmır,
Qatar çəkmək istəyirəm,
alınmır,
Yolda qəza çəkirəm,
alınır.
Havadan, qurudan, sudan
Həyata yol çəkirəm,
alınmır,
Ömrə əlvida deyib
son nəfəs çəkirəm,
alınır.
ÇİÇƏKLƏR
Elegiya
Yağış göz yaşıyla yarışa bilmir,
Gülür bu yarışı udan çiçəklər.
Biri Göyün rəhməti,
Biri könül möhnəti -
Bu qoşa yağmurdan
odam çiçəklər.
Odlanır ürəyim, alışa bilmir,
Olub bitənlərlə barışa bilmir,
O çiçək tənlərə qarışa bilmir,
Dəniz gözlü növcavanım,
Anam-atam çiçəklər.
Cürəfəsiz, bapbalaca,
Dərdləri var qoca-qoca.
Bülbül istər könül aça;
Hop götürər,
alar, gedər küləklər.
Altı məzar, üstü bağça,
Hər şey yalan, yalan çiçəklər.
XATİRƏ YAĞMURU
Eynən özümüz kimi
Sevgimiz də yaşlanır,
Ömrümüzün payızı
Xatirəylə başlanır.
Boğazımı göynədir
Qüssə dolu bir qəhər,
Yazdan dolan buluda
Bəhanədi son bahar.
Unudulmayıb hələ
Saf duyğular, diləklər,
Yarımçıq nəğməmizi
Səsləndirir küləklər.
Nəmli xatirə yağır
Xəzəllərin üzünə,
Qırov kimi qonuram
Köhnə ayaq izinə...
SEVGİ PARADI
Yenə yağışlar yağır,
Silir qoşa izləri,
İslaq, yaşıl ümidlər
Neçə bahardan keçir.
Ən soyuq havalarda,
Ən saf, isti duyğular
Sən yaşayan küçədə
Rəsmi paraddan keçir.
Eh, əzizim bu yaz da
Bizi pusur yağışlar,
Dastan qoşur aşıqlar;
İlləri saya-saya
Ömür yarıdan keçir.
ADSIZ
Gecə-gündüz baş yorub
Ad axtarma hər şeyə,
Vara hər söz yaraşır,
Yoxun adı yoxdu, yox!
Rastlaşırıq röyada
Hərdən bivaxt olsa da,
Onda da yuxulardan,
Neylim, çıxmaq şansı yox!
Bu şansdı, nəmənədi,
Düzü, bir bəhanədi.
Hər şey çox şahanədi,
Baxtın özü yoxdu, yox!
GÜL BAZARI
Elə sabaha oyanaq,
Gül qoxa qanun-yasalar,
Bağlana Şərin bazarı,
Gül alalar, gül satalar.
Yaza düymə açan güllər
Arzu, ümid çiçəkləyə,
Başdan başlaya hər şey,
Dünya eşqə yerikləyə.
Göz süzə Əsli eyvandan,
Gülümsəyə güllü yaza,
Ağlı çaşan xan Kərəmin
Boğazında səsi aza.
Məbədləri, minbərləri
Təzə-tər güllər bəzəyə,
Əhli-bəşərə sevgidə
İnsan Allaha bənzəyə.
Elə sabaha oyanaq,
Gül qoxa qanun, yasalar.
İnsan insana sarıla,
Gül alalar, gül satalar.
İNCƏ-İNCƏ
Yenə doluxsunub göylər,
Yumub tökür incə-incə.
Ey can, bulud kimi dolub,
Yağan yağmura qoşulub
Nə ağlarsan incə-incə.
Çöl-çəmənin cazibəsi
Daha sənə qərib gələr,
İndi xətrin hər şeydən çox
Torpağın ətrini çəkər,
Qoxularsan incə-incə.
Qəm yemə, gidi dünyaya
Dönərsən bir özgə donda,
Tanımaz doğma anan da,
Kol dibində bənövşətək
Puçurlarsan incə-incə.
Yenə bir Qurbani* gələr,
Vəsfin sözdən-sazdan gələr,
Hər gələn yazınan gələr,
Yaz ömrünlə yüzü-mini
Qutlayarsan incə-incə.
*Dirili Qurbaninin "Bənövşə" şeirinə işarə
İNCİDƏR
Ürəkdən üşüyən adamı
Meh titrədər, gül incidər,
Dönüb dolansan başına,
Söz yaralar, dil incidər.
Bulannıq sular durulsa,
Dünya duracaq yer olsa,
Ürək sevməkdən yorulsa,
Ömür yorar, yol incidər.
Sevgidə də təqva gərək,
Səcdə gərək, dua gərək,
Qəbul buyurmasa Fələk,
Hər iltifat, hal incidər.
ELİN KÖNLÜNÜ ALIRAM
Tale şeiri olan bu gəraylını Saza qaldıran ulu Borçalının ustad aşığı Şahbaz Göyçəoğluna dərin təşəkkürlə
Mənə yol salğayan adam,
Mən öz yolumu tanıram,
Varıb getmək deyil qəsdim,
Yolun könlünü alıram.
Duz daşıyıb barınmayan,
Şələsindən darılmayan,
Küldə-kömürdə arınan
Qolun könlünü alıram.
Başımda şimşəklər çaxır,
Alovu canımı yaxır,
Üzümə təbəssüm taxır,
Qulun könlünü alıram.
Yarama məlhəm sür, bağla,
Sən də məni oxşa, ağla,
Sinəmdəki çarpaz dağla
Elin könlünü alıram.
BELƏ YAŞAMAQ OLMUR
Nə dinsiz ağrılar var,
Dözüb yaşamaq olmur,
Bu dağdan anrılar var,
Bilib yaşamaq olmur.
Hər bəla sənə gəlir,
Güdür, qəsdinə gəlir,
Yer-göy üstünə gəlir,
Belə yaşamaq olmur.
Dünya məbəd, pir ola,
İnci ola, dürr ola,
Yoxsa onda hürr olan,
Belə yaşamaq olmur.
Sağda ehtiyac pusur,
Solda ehtiyat pusur,
Eşq ölür, nəğmə susur,
Belə yaşamaq olmur.
Ömür puç, nəfəs kirayə,
Haqq yetməsə köməyə,
Elə döz, - deyib ürəyə,
Belə yaşamaq olmur.
YENƏ AYRILIQ QOXUYUR SƏADƏT
Yenə ayrılıq qoxuyur səadət,
Yeni naxış toxuyur qədər.
Çırtlayır çiçəyi hüznün, kədərin,
Çiçəyi burnunda ölür ümidlər.
Ələm yelkən açır açıq dənizə,
Sevinc balıq təki dərinə dalır.
Bir yanğın yerinə bənzəyir ürək,
Geriyə tüstüsü, kösövü qalır.
Bu can bazarına baxıb gözucu,
Meydanı səssizcə tərk edir Allah.
Mənəm üzüyola, mənəm dərdəcər,
Dərd üstə dərd verir, ərk edir Allah.
Bəlkə Füzulinin, bəlkə Hadinin
Yetim dərdləridi əta olunan,
Bəlkə də sahibsiz qalmasın deyə,
Məni ölüm-itimdən dərddi qoruyan...
SÖZÜN XƏLVƏTİNDƏ
Sən ey ürəyimin qara incisi,
Könül sarayının qaçaq prinsi!
Diksinib boylanma hər səs-səmirə,
Bir quru kölgədi səni səsləyən.
Qısılıb içinə, qısılıb çoxdan,
Sözün xəlvətində o yol gözləyən...
Öldürdüm Leylanı illər öncəsi,
Əllərim qanlıdı, uzaq dur məndən,
Gözünü qan örtmüş bu eşq qatili
Öldürər səni də "of" eyləmədən.
Ara-sıra başını sığallasam da,
Dərdi böyütmədim, ürək böyütdüm,
Sardım yarasını ay işığıyla,
Günəşlə, üfüqlə, göylə öyütdüm.
Sən də xatırlayıb üzmə özünü,
Köhnə hekayəni unut da getsin.
Gərəksiz dosyatək tulla səbətə,
Faili-məchultək silinib itsin...
MASAL
Sonsuz xəyalımın mavi göy üzü,
Alnı ağ yazğılı, bir gülşən üzlü.
Qaranquşlar yuva qurar saçında,
Yem daşıyar qarıncalar ovcundan.
Əlsizə əl olar, evsizə dirək,
Nuhun gəmisitək geniş bir ürək.
Tanrı hədiyyəsi lütfü, ərdəmi,
Ədalət aşiqi, könül həmdəmi.
Ala buludlardan gözü nəm çəkər,
Yanlışı üzə şəkməz, gizli qəm çəkər.
Könül aynasında üfüq sökülər,
Üst-başından şeir, nəğmə tökülər.
Bircə təbəssümüylə bitər acılar,
Zimistan könlümdə güllər açılar.
Bayram olar hər günüm, ayım, ilim,
Xoş avazlı, tuti dilli sevdiyim.
Varlığınla elə məsud, sərməstəm,
Sənə ad olunur bu şeirim, bəstəm.
DÜŞMƏN ÜRƏK
Zəqqum tamı verir keçən ömür-gün,
İllərin acısı üzümə çıxır.
Alında qırışlar kəsişir yol tək,
Yolların son ucu ölümə çıxır.
Ümid duman kimi çəkilib gedir,
Dumandan sıyrılan dərd üzə çıxır.
Yenilən ürəyin son vuruşları
Sonuncu busətək güzgüyə çıxır.
Bəlkə də son deyil, sonun əvvəli
Qorxulu yuxutək önümə çıxır.
Əbabil quşları, daş tökün göydən,
Bu düşmən ürəyim sonuma çıxır.