Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini
Hər keçən ilin axırıncı ayları və yeni ilin ilk ayları respublikanın paytaxtı istisna olmaqla demək olar ki, əksəriyyət şəhər və rayonlarda qeydiyyatda duran şəkərli diabet xəstələri üçün əzablı günlərə çevrilir. Axı, bu şəhər və rayonların İcra Hakimiyyətinin rəhbər işçiləri və mərkəzi şəhər (rayon) xəstəxanalarının baş həkimləri, böyük şəhərlərin isə səhiyyə idarəsi və şöbə müdirləri yaxşı bilməlidirlər ki, şəkərli diabet xəstələri hər gün mütəmadi olaraq şəkəri salmaq üçün tələb edilən insulin və digər şəkərsalıcı dərmanlarla müalicə almalıdırlar, əks halda onların səhhəti ağırlaşacaq və davam edərsə xəstəliyin fəsadları (ürək-damar, böyrək, göz, ətraf orqanların patologiyası) baş qaldıracaq.
Bütün bu nöqsanların baş verməsinin başlıca səbəbi isə ilin axırına şəhər və rayonların tibb müəssisələrinin hesabında maliyyə vəsaitinin qıtlığı, yeni ilin əvvəlində isə dövlət büdcəsindən ayrılan vəsaitin vaxtında bu müəssisələrin hesabına keçirilməməsidir. Bu sahəyə cavabdeh olan şəxslər nə üçün vəziyyətin bu həddə çatmaması üçün qabaqlayıcı tədbirlər görmürlər.
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanunu (dekabr, 2003 -cü il) və bu qanunun tətbiqi ilə əlaqədar ölkə prezidentinin fərmanı (fevral 2004-cü il) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin şəkərli diabet üzrə Dövlət Proqramı (2006-2009-cü illər üçün) və Tədbirlər Proqramı (2011-2015-ci illər üçün) haqqındakı Qərarları şəkərli diabetlə xəstə insanların həyat keyfiyyətini yaxşılaşdırılması üçün dövlətimizin qəbul etdiyi çox əhəmiyyətli tədbirdir və bu Proqramlarda təsdiq edilmiş tədbirlərin icrası üçün hər il dövlət büdcəsindən ünvanlı olaraq maliyyə vəsaiti ayrılır. Qeyd etməyi lazım bilirəm ki, keçmiş 2010-2012-ci illərdə xəstələrin sayına görə tələb edilən müalicə təminatı adekvat olaraq doğru hesablanmadığı və nəticədə ciddi narazılıqlar yarandığı üçün Azərbaycan Diabet Cəmiyyətinin rəsmi olaraq ölkə başçısına, eləcə də Ombusman Elmira Süleymanovanın səhiyyə nazirinə müraciəti nəzərə alınaraq şəkərli diabet üzrə Tədbirlər Proqramının icrası üçün 2013-cü ilin dövlət büdcəsində 35.4 milyon manat vəsait ayrıldı ki, buda əvvəlki illərdəkindən (2010-2012) 2.8 dəfə artıq idi. Bax ona görə də sual olunur, şəkərli diabetlə xəstələrin dərman təminatına 2013-cü ildə əvvəlki illərdən 2.8 dəfə artıq maliyyə vəsaiti ayrılmışdısa niyə 2013-cü ilin axır aylarında dərmanların alınmasına vəsaitin qalmadığı ortaya çıxır.
Bizim dəfələrlə respublikanın Səhiyyə Nazirliyinin rəsmilərinə etdiyimiz müraciətlərə cavab olaraq onlar bildirirdilər ki, şəkərli diabet üzrə Tədbirlər Proqramının icrasına ayrılan maliyyə vəsaiti bilavasitə respublikanın şəhər və rayonlarının dövlət büdcəsində ayrılmış vəsaitdə oturdulur və ona görə də dərman vasitələrinin alınması və xəstələrin onunla təminatı bu şəhər və rayonların icra hakimiyyəti başçıları və səhiyyə üzrə rəhbərliyin öhdəsinə düşür. Və biz onları həmişə xəbərdarlıq edirik ki, işinizi elə qurun ki, xəstələrə dərman təminatı həm ilin axırı yeni ilin ilk ayları üçün qədərincə olsun.
Bakı şəhər üzrə şəkərli diabetlə xəstələrin dərman təminatı bu Proqramın icrası üçün Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş xərclərində 13 milyon manat ayrılıb. Qeyd edilməlidir ki, paytaxtda şəkərli diabetlə xəstə insanların insulin və digər şəkərsalıcı preparatlarla təminatında vəziyyət nisbətən normaldır.
Burada bir neçə məsələni də qabartmağı lazım bilirəm, çünki onlar haqqında vəziyyətin gərgin olduğunu, daha doğrusu həqiqəti olduğu kimi göstərməsək onda biz şəkərli diabet xəstələri qarşısında onların hüquqlarını qoruyan bir cəmiyyət kimi borclu qalardıq. Söhbət şəkərli diabet xəstəliyinin müalicəsində ən mühüm tədbirlərdən biri olan xəstələrin özünənəzarət vasitələri ilə təmin edilməsindən gedir. Burada ilk növbədə qanda şəkərin miqdarına nəzarətin aparılmasıdır. Bu xüsusilə 1-ci tip və insulin tələbli 2-ci tip xəstələr üçün həyati zəruridir. Qeyd edilməlidir ki, xəstələrin əksəriyyəti qlyukometrlə təmin ediliblər. Ancaq dərd burasındadır ki, bu cihazın əsas elementi olan test-çubuqcuqların təminatında gülünc bir mənzərə yaranır. Ayrılan vəsaitin yuxarıda qeyd etdiyimiz kimi 2,8 dəfə artdığı bir vaxtda nə üçün belə təminat yaranıb. Məsələ bundadır ki, birinci tip xəstə uşaq və yeniyetmələrə 6 ayda iki qutu test-çubuqcuq, böyüklərə isə bir qutu verilir. Bir qutuda isə qlyukometrin markasından asılı olaraq 25 və ya 50 ədəd test-çubuqcuq olur. İndi gəlin hesablayaq, 1-ci tip şəkərli diabetlə xəstə uşaq və yeniyetməyə hər gün ən azı 3 dəfə insulin yeridilir. Hər insulin vurulmamışdan əvvəl isə mütləq qanda şəkərin miqdarı müəyyən edilib ona münasib doza insulin vurulmalıdır, bundan ötrü isə bir ayda 90, 6 ayda isə 540 ədəd test- çubuqcuğun istifadəsi lazımdır. Bu müddətə verilən test-çubuqcuqların sayı isə 50 ədəddir. Bütün şəkərli diabet xəstələrinin ən çox şikayət etdikləri bu test-çubuqcuqların onlara tələb edildiyindən xeyli az sayda verilməsidir. Çünki onlar bu çatmayan test çubuqcuqları məcbur olurlar ki, ailə büdcəsinin hesabına apteklərdən alsınlar. Onların qiyməti isə heç də ucuz deyil, 25 ədədlik bir qutunun qiyməti 12 manatdır.
İkinci məsələ isə təsdiq edilmiş Tədbirlər Proqramında şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə tibb müəssisələrinin qlükozlaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlə təmin edilməsi məsələsidir. Təəssüflə bildirməliyik ki, xəstələr üçün çox mühüm olan bu qan analizi respublikanın heç yerində keçirilmir. Doğrudur, Respublika Endokrinoloji Mərkəzinin Bakı şəhəri filialında uşaq və yeniyetmələr üçün belə analiz aparılır, lakin bu xəstələrin çox cüzi bir hissəsidir.
Baxın, dövlətimiz şəkərli diabetlə xəstə insanların qayğısına qalaraq onların həyat keyfiyyətini qaldırmaq məqsədilə lazım gələn əsas tədbirlərin aparılmasını vacib sayır, lakin səhiyyə sahəsində çalışan məmurların işə səhlənkar yanaşmaları və laqeydliyi səbəbindən bu tədbirlər kağız üzərində qalmaqdadır.
Yaxşı bilirik ki, uşaq və yeniyetmələrin bu yaşlarında belə xroniki ağır xəstəliyə tutulması hamını, xüsusilə onların valideynlərini çox məyus edir. Heç olmasa belə olduqda uşaqların ən yüksək qayğı ilə əhatə olunması çox vacibdir. Məsələ bundadır ki, belə uşaqların müasir, yəni insulin analoqları ilə müalicə aparılması lazımdır. Dünyanın inkişaf etmiş bütün ölkələrində nəinki uşaqlar, hətta yaşlı xəstələr belə insulin analoqları ilə müalicə alırlar. Bizdə isə yalnız Bakı şəhərində qeydiyyatda duran və bəlkə də bir neçə şəhər rayonda uşaqlar belə insulinlərlə müalicə alırlar. Əksəriyyət şəhər və rayonların tibb müəssisələrinin baş həkimləri bu insulinlərin bir qədər baha olduğunu bəhanə edərək onu tenderə salmırlar. Görün bu məmurlar hansı halda vəsaitə qənaət edirlər.
Azərbaycanın dövlət başçısı 2014-cü ilin dövlət büdcəsinin sosial yönümlü büdcə olduğunu bəyan edərək hakimiyyətin bütün sahələrində çalışan məsul şəxslərinə, rəhbər işçilərə tapşırıq verərək onlara sosial tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etdi. Odur ki, səhiyyə sahəsində fəaliyyət göstərən hər bir rəhbər işçi ölkə başçısının şəkərli diabetlə xəstə insanlara göstərdiyi qayğıya cavab olaraq üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşıb bu xroniki xəstəliyə məruz qalmış insanların həyat keyfiyyətinin yaxşılaşmasına ciddi səy göstərməlidir.