Hərbi paradlar hər bir ölkənin əlamətdar günlərində təşkil etdiyi öz ordusunun nümayişini təcəssüm etdirir. Bu paradlar müxtəlif ölkələrdə fərqli məqsədlər əsasında qurulur. Hətta, bəzi dövlətlər var ki, onlar ildə 2-3 dəfə hərbi parad təşkil etmək imkanına malikdir. Əsas məqsəd isə ölkənin ordu gücünü həm yerli xalqa, həm də xarici auditoriyaya göstərməkdir. Hazırda dünyada ordularının gücü və sayı fərqli olsa da, müdafiə sənayesi sahəsində bütün ölkələr bir-birilərilə əməkdaşlıq etməyə çalışırlar.
525.az müxtəlif ölkələrdə keçirilən ən fərqli və cəlbedici hərbi paradların bir neçəsini təqdim edir:
Türkiyə Cümhuriyyəti
Hazırda Türkiyə Cümhuriyyəti ordu gücünə görə dünyada 11-ci yerdədir. İlk dəfə XIX əsrdə təşkil olunan türk ordusunun hərbi paradı həmin dövrdə mövcud olan Osmanlı İmperiyasının quru və dəniz qüvvələrinin iştirakı ilə keçirilib. Osmanlı qoşunlarının nümayişi zamanı Qərb ölkələrindən alınan müasir silahların bir neçə növündən də istifadə olunub. Günümüzdə Türkiyə Silahlı Qüvvələri tərəfindən paradlar əlamətdar tarixlərdə keçirilir. Bu tarixlərə daxildir:
23 Aprel – Milli suverenlik, Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulması və Uşaq bayramı,
19 May – Mustafa Kamal Atatürkün doğum günü, Gənclər və İdman Günü,
30 Avqust – Qələbə Günü və 29 Oktyabr – Respublika Günü.
Azərbaycan Respublikası
1918-ci il 26 iyun tarixində yaradılan Azərbaycan Silahlı Qüvvələri öz arsenalı, texnikası, nizamlı və cəsur ordusu ilə indi bütün dünyada fərqlənir. 1 əsrdən çox tarixi olan Ordumuz “Global Fire Power”in hazırladığı hərbi güc üzrə reytinq cədvəlində 138 dövlət arasında 64-cü sıradadır. Hər il 26 iyun Azadlıq meydanında Ordumuzun yaranması münasibətilə hərbi keçid baş tutur.
2018-ci ildə Silahlı Qüvvələrimizin yaranmasının 100 illik yubileyi Türkiyə Cümhuriyyətinin ordusu ilə bərabər, Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə təntənəli sürətdə qeyd olunub. Daha bir əlamətdar hadisə 10 dekabr 2020-ci ildə baş tutub. 44 gün davam edən Vətən müharibəsində ordumuz Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər çalaraq Qarabağı düşmən işğalından azad etdi. 10 dekabr tarixində Azərbaycanda – Azadlıq meydanında Zəfər Paradı keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə Prezidentləri iştirak edib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Zəfər Paradı"nda tribuna önündən keçiblər. Ən yaddaqalan məqamlardan biri də paradda Ermənistanın döyüşlərdə itirdiyi hərbi texnikalarının qənimət kimi nümayiş olunması idi.
Rusiya Federasiyası
Rusiyanın Qələbə Paradının səbəbi dünyaya məlumdur. 1945-ci il 9 may tarixində nasist Almaniyası üzərində qazanılan qələbə ölkədə hər il təntənəli şəkildə qeyd edilir. İkinci Dünya Müharibəsini qələbə ilə başa vuran SSRİ, 1991-ci ildə süqut etməsinə baxmayaraq hər il keçirilən paradda simvolik olaraq Rusiya qoşunları ilə yanaşı SSRİ hərbi formasını geyinmiş hərbçilər də yer alır. Həmçinin tədbirdə döyüşlərdə iştirak etmiş veteranlar çıxış edir.
Dünyanın ikinci ən güclü ordusu hesab olunan rus qoşunları silah istehsalında aparıcı rola malikdir.
Bu ordunun şəxsi heyətində 1 milyondan çox hərbçi var.
Ölkədə sonuncu hərbi parad bu ilin 9 mayında “Qələbə Günü”nün 75 illiyi münasibətilə Moskva meydanında keçirilib. Paradda 13 min piyada qoşunu, 234 müxtəlif növ texnika, 75 hava hücumundan müdafiə qüvvələrinə aid qırıcı və helikopterlər nümayiş olunub.
Çin Xalq Respublikası (ÇXR)
Çin ordusu gücünə görə dünyada 3-cü yerdə olsa da, hərbi heyət sayı baxımından illərdir liderliyini qoruyur. Ölkədə hərbçi sayı rəsmi rəqəmlərlə 2 milyon 183 min nəfərdir.
2019-cu ilin əvvəllərində Müstəqllik günü və Çin Xalq Azadlıq ordusunun yaranmasının 70 illik yubileyi təntənəli paradla qeyd olunub. Ümumilikdə Çində ölkənin müstəqillik günü ilə bağlı hər il hərbi parad keçirilir.
Koreya Xalq Demokratik Respublikası (KXDR)
Şimali Koreya adı ilə siyasi arenada tanınan bu dövlət dünya mətbuatına qapalı olsa da, hərbi parad keçirilən an bütün dünya mediasının diqqəti Koreya yarımadasında olur.
Vurğulamaq lazımdır ki, Şimali Koreya ildə 7 dəfə hərbi parad təşkil edir və bunların hər biri müxtəlif əlamətdar hadisələrə təsadüf edir. Paradlar arasında ən vacib olanları 8 fevral- Silahlı Qüvvələr günü, 15 Avqust – Azadlıq günü və 10 Oktyabr – KXDR-nin əsas partiyası hesab olunan Koreya Xalq İşçı partiyasının əsasının qoyulduğu gündür.
Ölkədə hərbi parad sonuncu dəfə bu ilin oktyabrında partiyanın əsasının qoyulmasının 75 illiyi münasibətilə keçirilib.
Yeganə fərq odur ki, parad yerli vaxtla 00:00-da başlayıb.
Böyük Britaniya
Arsenalına görə 8-ci sırada yer alan, dünyanın ən çox müstəmləkəsinə sahib olan Britaniya ordusu dünyada təsiredici qüvvəyə malikdir. Ölkə ordusunun digər rəsmi adı Əlahəzrətlərinin Silahlı Qüvvələridir. Bundan başqa o, Kral Silahlı Qüvvələri adı ilə də tanınır.
Həmçinin Böyük Britaniya dünyada keçirilən tarixi paradlara görə də fərqlənir.
Belə ki, ölkədə müharibə veteranlarının iştirakı ilə keçirilən parad və XVII əsrdən bəri keçirilən Britaniya süvarilərindən (atlı qoşunlar) ibarət olan hərbi parad mövcuddur. Böyük Britaniya adətən Silahlı Qüvvələr Gününü qeyd etmir.
Ölkədə hərbi parad ordunun baş komandanı Kraliça II Elizabetin doğum günü tarixi olan 21 apreldə keçirilir.
AZAD NURİYEV