
Televiziya ekranları qarşısında az vaxt keçirmirəm. Xüsusən Vətən müharibəsi başlayandan əlimdə pult tez-tez kanalları dəyişir, xəbərlərin, ya analitik verilişlərin daha münasibini tapanadək bir də baxıram ki, yanımdakılar mətbəxdəki televizorun qarşısında yerlərini rahatlayıblar.
Olur ki, jurnalist həmkarlarıma, dostlarıma zəng vurub fikirlərimi də bölüşürəm. Nəzərə alınanı daha çox olur, sağ olsunlar! Ancaq heç vaxt durub köhnə sandıq içi eşələmirəm, iynə ilə gor qazmıram ki, hər hansı iradı son zamanlar jurnalistikada, efirlərdə dəb halını almış prokuror, müstəntiq kimi ittiham formasında bildirəm. Əlbəttə, jurnalistləri ittihamçı qismində qınamaqla hüquq-mühafizə orqanlarının işinə kölgə salmaq fikrim yoxdur. Ciddi bir güc strukturunda uzun müddət çalışmış jurnalist təhsilli birisi kimi tam əminəm ki, heç bir hüquqi sənəd, xüsusən də ittihamedici rəy sübutsuz, faktsız və ciddi əsaslar olmadan tərtib edilə bilməz. Əks halda bu sənəd hüquqi müstəvidə bumeranqa çevrilib elə həmin naşı tərtibçinin başında çatlayar.
Bu mənada, bəzi saytlar tərəfindən Azərbaycan Telviziyasına, onun sədri Rövşən Məmmədova qarşı yönəlmiş tənqidi fikirləri başa düşmək çətindir. Son zamanlar AzTV-nin fəaliyyəti barədə rəylərimi sosial şəbəkələrdə, Feysbuk statusumda çox paylaşmışam. Onu da vurğulamaq istəyirəm ki, hazırda "Döyüşən mətbuatımız" adlı publisistik məqaləmi tamamlamaq üzrəyəm və hansısa sayt rəhbərinin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, müharibə dövründə birbaşa qızğın döyüşlərdən, qaynar hadisə yerlərindən, bu gün Şuşadan, Kəlbəcərdən, Ağdamdan, Zəngilandan... isti-isti xəbərlər çatdıran, müsahiblərlə eyni vaxtda bir neçə dildə söhbət aparmağı bacaran analitik, gənclik və uşaq proqramları ilə seyrçini cəlb etməyə nail olan Azərbaycan Televiziyasının adını birincilər sırasında dəyərləndirmişəm. Əlbəttə, iddia edə bilmərəm ki, bu və ya digər verilişlərinin bir neçəsini maraqla izlədiyim kanalın bütöv fəaliyyətindən razıyam. Yaxud iddia edə bilmərəm ki, nahaq yerə kimsə hansısa kanaldan narazılıq edir. Zövqlər müxtəlifdir və KİV, xüsusilə evimizin çağırılmamış qonağı olan televiziyalar bu zövqlərin daha ali prinsiplər, daha yüksək ideyalar üstündə kökləməyi, daha düşündürücü, intellektual verilişlərlə fikir və duyğularımızı formalaşdırmağı bacarmalıdırlar. Bədii həll, ədəbi yozum tərzi primitiv, mənasız, bayağı, düşük emosiyaların qurbanına çevrilməməlidir. O cümlədən, respublikanın ən qocaman televiziyasına, peşəkar kollektivinə qarşı yönəlmiş tənqid!
Tənqid obyektiv olmalıdır, kim tərəfindən, nə məqsədə yazılmasına baxmayaraq! Gənc həmkarımız Rövşən Məmmədovun rəhbərliyi dövründə bu televizyanın siması doğrudan da yaxşıya doğru dəyişib. Yorucu olmasın deyə, bu haqda çox bəhs etməyi lazım bilmirəm. Şübhəsi olan buyursun baxsın, əvvəlki dövrlə müqayisə aparsın, nəyi, necə görmək istədiyi barədə (əlbəttə, buna istedadı və peşəkar səviyyəsi imkan verirsə) təklif və rəylərini aşkar şəkildə bildirsin. Ən azı bəzi qərəzli yanaşmadan fərqli olaraq, seyrçi fikri formalaşdırmağa xidmət edər, hər halda müəyyən maraqlı dairələr tərəfindən lazımi ölçü götürülə, mümkün dəyişikliklər həyata keçirilə bilər. Obyektiv və sübutlu olsun deyə, tənqidçi saytların bir neçə "böyük iradını" oxucuların diqqətinə çatdırmaq istəyirəm. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində prezidentlərin debatı zamanı birbaşa tərcümənin olmamasını və şəhərin adının ekranda fərqli yazılmasını tənqidçilər kanal tərəfindən az qala, dövlət çevrilişinə cəhd səviyyəsində qabardırlar. Nəzərə alaq ki, debatı AzTV hazırlamamışdı və bu debata kimin nə cür yanaşması nə dövlətçiliyə, nə də ölkə rəhbərliyinə münasibət kimi dəyərləndirilə bilər. Əksinə, birbaşa yayımın incəlikləri daha dərin təhlil tələb edir və bu mənada, debatın ilk gündə canlı olaraq ingilis dilində seyrçiyə çatdırılmasında elə bir qəbahət axtarmaq lazım deyil. Şəhərin adının bir hərf fərqilə yazılması da məncə, daha çox müxtəlif dillərdə yazılış forması ilə bağlı olmalıdır ki, buna tənqid müəllifləri anlaşıqlı yanaşmalıdırlar.
Yeri gəlmişkən, Münxen Təhlükəsizlik Konfransı ilə bağlı ən dolğun, ən operativ xəbərləri məhz rəsmi saytlar və Azərbaycan Televiziyası verdi. Daha çox qabardılan, digər televiziyaların ekranlarında iki liderin onsuz da təxmini nə ilə sonuclanacağı məlum olan debatı Azərbaycan Respublikası Prezidentinin Almaniyada keçirmiş çoxsaylı görüşlərinin yalnız bir hissəsi idi. AzTV sədrinin kadr dəyişikliyinin müxtəlif mətbu orqanlarda gah mənfi, gah da müsbət çözülməsi məntiqəuyğundur. Lakin əgər Rövşən Məmmədovun təyinatına qədər şirkətin fəaliyyəti, kadr siyasəti bu qədər narazılıqla qarşılanırdısa, elə həmin məntiqə görə də aparılan kadr dəyişikliyinə neqativ hisslərimizi tökməklə münasibət bildirməməliydik, ən azı, gözləmə mövqeyində durmalıydıq. Ötən müddət ərzində bu təyinata qarşı yazılanlarda aşkar nəzəri cəlb edən qərəz, detalların cılızlığı isə ona dəlalət edir ki, tənqid həvəskarlarının marağı heç də televiziyanın işini yaxşılaşdırmaq deyil, işdən çıxarılan, iş yeri dəyişdirilən və ya struktur islahatlarında yer alan bir sıra kadrlarla bağlıdır.
Kiminləsə, nə vaxtsa iş münasibətində hansı tədbirdəsə bir yerdə olması, asılı qurumun, birbaşa rəhbər şəxsin göstəriş və tapşırıqlarını yerinə yetirməsi nə Rövşən Məmmədovun, nə də bu gün mətbuatda kifayət qədər möhkəm mövqe tutan başqalarının günahı sayıla bilər. Televiziya ekranlarında şoumenlik edib ölüdirildən, bağışlanmaz səhvləri, geyimi, oturuşu, duruşu, yerişi utanc doğuran aparıcılar hələ də əsəblərimizlə oynayırlarsa, səylərimizi onlara qarşı yönəltmək daha doğru olmazmı?!
İnternet şəbəkədən asanlıqla əldə oluna biləcək məlumatlarla oxucunu yormadan pedaqoji fəaliyyətini, elmi və yaradıcılıq axtarışlarının nəticələrini, sözsüz ki, teleməkanda apardığı verilişlərin ciddiliyini və bu ciddiliyə peşəkar münasibətini nəzərə alsaq, Rövşən Məmmədovun əleyhinə kampaniya aparmağın ümumi işin xeyrinə olmadığı aydın görünər. Gənclərə daha çox ümid bəslənildiyi bir dövrdə gəncliyimizin qarşısını kəsməyək. Birliyimiz, milli-mənəvi vəhdətimiz sayəsində zəfər çalıb torpaqlarımızı işğaldan azad etdiyimiz bir vaxtda bu xalqa daxili münaqişələr gərəkli deyil və çalışaq ki, heç bir zaman da gərək olmasın.
Mahir CAVADLI
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü



