
Azərbaycan Mətbuat Şurasında fevralın 2-də 60 yaşı tamam olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun yubileyi münasibətilə tədbir keçirilib.
525.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov öz Feysbuk səhifəsində paylaşım edib:
"Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun həm media sahəsindəki, həm də ictimai sektordakı fəaliyyəti hər kəsə yaxşı məlumdur. Umud bədii ruhlu şairdir, ədəbiyyat sevdalısıdır. Amma onu bizim gözümüzdə yüksək tutan Vətən sevdalısı olmasıdır. 1992-ci ildə yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü ilə Azərbaycan, Qarabağ həqiqətlərini həm beynəlxalq səviyyəli nüfuzlu toplantılarda, həm müxtəlif media qurumları ilə təmaslarında diqqətə çatdırıb, dünyanın bir çox aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinin ölkəmizə çoxsaylı səfərlərini təşkil edib. Özü də onlarla birlikdə ən qaynar nöqtələrdə olub. Bütün bunlara görə də qərara gəldik ki, həmkarımız Umud Rəhimoğlunun əməyini bu kiçik təbrik plaketi ilə ödülləndirək, ona gələcək fəaliyyətində uğurlar arzulayaq.
Qeyd edim ki, Umud Rəhim oğlu Mirzəyev 1961-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1987-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib. 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan «Ədəbiyyat və incəsənət» qəzeti ilə əməkdaşlıq edib. 1989-1993-cü illərdə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir.
Umud, eyni zamanda, 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və «Marşal» Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür. Onun qurucusu və sədri olduğu BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır".



