F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi tərəfindən 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə hazırlanan “Beynəlxalq Ana Dili Günü” adlı vəsait mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
525.az xəbər verir ki, əsas məqsəd istifadəçiləri “Dilimizin qorunub, saxlanması”, “Ədəbiyyatımızda ana dilinin mövqeyi”, “Ana dilimizin tarixi yolu”, “Dil haqqında görkəmli şəxsiyyətlərin fikirləri haqqında məlumatlandırmaqdır.
Vəsaitin I hissəsində Azərbaycan dili - milli varlığımızdır” adlı esse, virtual kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilib.
Vəsaitdə nümayiş olunan sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, həmçinin müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar da yer alıb.
Vəsaitin II hissəsində Gülarə Munisin “Ana dilim can dilim” adlı kitabının onlayn icmalı haqqında, Cəlil Məmmədquluzadənin “Ana Dili” felyetonu əsasında hazırlanmış səhnəciyin ssenarisi də verilmişdir.