
Hər bir telekanalın proqram formatları içərisində informasiya proqramı xüsusi yer tutur və televiziyanın reytinq göstəricisinin əsas istiqaməti bununla formalaşır.
Təcrübə göstərir ki, müasir informasiya texnologiyasının sürətli, inqilabi inkişafı kütləvi informasiya vasitələrini ciddi rəqabətə cəlb etməkdədir. İnternet aləminin ortaya qoyduğu xəbər portalları, asanlıqla yaranan İnternet TV kanalları ənənəvi mediaya meydan oxumaqdadır. Yerüstü televiziya da ənənəvi media sırasındadır. Lakin etiraf edək ki, yeni informasiya texnologiyasının hər an ortaya çıxardığı yeni informasiya vasitələri ənənəvi media sistemində hələlik yalnız yerüstü telekanallara təsir etmək gücünə malik deyil. Ona görə burada "hələlik" sözünü işlədirik ki, əgər ənənəvi TV kanalları bu gərgin rəqabət prosesində jurnalist peşəkarlığını yüksək səviyyəyə qaldırmasa, yeni texnologiya onların da tamaşaçısını əllərindən ala bilər. Məsələnin bu cəhəti bütün dünyada olduğu kimi, Azərbaycan media sistemində də - indiki halda ənənəvi TV kanallarımızda nəzərə alınmaqdadır. "Real" TV-nin milli telemühitimizə gətirdiyi yeni proqram formatları, AzTV-nin son dövrlərdəki fəaliyyətində özünü göstərən yeni peşəkarlıq yanaşmaları, "ARB-24"ün özünəməxsus peşəkarlıq göstəriciləri bu qənaətə gəlməyə əsas verir. Bu yeniliklər - yeni yanaşmalar sırasında "Space" televiziyasının jurnalist Turan İbrahimovun təqdimatında efirə çıxardığı "Space xəbər" informasiya proqramı barədə bəzi mülahizələr söyləmək olar. Mən bu yerdə yalnız Turanın aparıcılığı ilə efirə çıxan proqramdan bəhs etməyi nəzərdə tutmuşam.
Turan İbrahimovu bir istedad sahibi kimi teletamaşaçı çoxdan tanıyır. Onun bir vaxtlar özünün yaratdığı müxtəlif istiqamətli TV proqramları yəqin ki, çoxlarının yadındadır. Onu demək istəyirəm ki, Turan lap əvvəldən istedadı ilə tamaşaçı rəğbətini qazanmış jurnalistdir. Turan İbrahimov jurnalistikaya təsadüfən düşən adam deyil. Bizim müəllimimz olmuş Cahangir Məmmədlinin sözlərinə görə, Turan İbrahimov hələ Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki tələbəlik illərində özünü xüsusi biliyə, erudisiyaya, müşahidə qabiliyyətinə malik istedadlı tələbə kimi göstərmişdi. Müəllimlərinin hələ o illərdən tanıdığı, gələcək yaradıcılıq yollarını gördüyü Turan bu gün "Space" TV-dəki xəbər aparıcılığı ilə özünü bir daha təsdiq etməkdədir.
Əlbəttə, Azərbaycan teleməkanında xəbər aparıcısı kimi özünü təsdiq etmiş xeyli jurnalist var. Yaşlı və orta nəsil tamaşaçıların yaxşı yadındadır ki, Sovet dövrü televiziyasında xəbər təqdim edən jurnalistə "diktor" deyirdilər. "Diktor" (announser) radio və televiziya xəbərləri oxuyan əməkdaşa deyilirdi. Bugünkü "aparıcı" anlayışından fərqli olaraq, diktor yalnız yaradıcı komanda tərəfindən ona təqdim olunan hazır mətni oxumalı idi. Tarixi mənbələrdən görürük ki, diktor ona təqdim olunan mətndən qətiyyən kənara çıxa bilməzmiş. Dünyanın bir çox demokratik ölkələrinin televiziya və radiosunda "diktor" anlayışı "aparıcı" anlayışı ilə çoxdan əvəz olunsa da, Sovet ideoloji kanonları teleradio rəhbərliyinin senzurasından keçmiş hazır mətndən kənara çıxa biləcək "aparıcı" anlayışını axıradək qəbul etməkdən vaz keçdi. Bəs aparıcının funksiyası "diktordan" nə ilə fərqlənir? Elmi ədəbiyyat dəqiq olaraq göstərir ki, "aparıcı" (host) informasiyanı xəbər verən, yeri gələndə spontan şəkildə hazır mətnə öz əlavəsini etmək iqtidarında olan, proqramın sahibi hesab olunan ("host", əslində, sahibkar deməkdir) ankerman (gəmini batmaqdan xilas edən ümid simvolu) rolunu oynayır.
Etiraf edək ki, Azərbaycanın KİV haqqında qanunlarının jurnalistə verdiyi hər cür azadlığa baxmayaraq, milli teleməkanda xəbər aparıcıları hələ də hazır mətndən yaxşı mənada çıxmağa cəsarət etmirlər. Biz bu cəsarəti Turan İbrahimovun xəbər aparıcılığında aydın şəkildə görməkdəyik. Bu aparıcının xəbər təqdimatına yanaşmasındakı orijinallıq özünü nədə göstərir? İlk növbədə təqdim olunan xəbərin məzmununa səriştəli izahlarında.
Biz demək olar ki, bütün telekanalların xəbər proqramlarında elə ruscadan olan "podvodka" - mətnin əsas məzmununu lid şəklində təqdim edən giriş cümlələrinin şahidiyik. Turan İbrahimov çox yayılmış bu tip təqdimatdan imtina etdir və xəbərin videosujetindən əvvəl həmin hadisənin əsas mahiyyətini açan ayrıca bir izahla başlayır. Həm də bu izahın, bu şifahi mətnin heç bir cümləsinə bir əvvəlcədən hazırlanmış xəbər süjetində rast gəlmirik. Bu məqamın özü də telexəbərin təqdimatında nəzəriyyənin tələb etdiyi bir formatdır. Digər tərəfdən, Turan İbrahimov hər xəbərin təqdimatında informasiyanın məzmununa uyğun aparıcı jestini, mimikasını - bədii dilini hadisəyə uyğunlaşdırır ki, bu da tamaşaçının bəyəndiyi peşəkarlıq məqamlarından biridir.
Turan İbrahimov hazır süjetin əvvəlinə lid keçidinə başlayanda onun mimikasındakı anlar maraq doğurur: əgər aparıcı xəbərdəki problemə özünün tənqidi qeydlərini əlavə edəcəksə, həmin tənqid obyektinə zarafata bənzər, amma həm də ironik bir təbəssüm nümayiş etdirir. Sanki "inciməyin, bu qeydləri deyə bilmərəm" kimi jest işlədir. Fevralın 24-də Azərbaycanı, o cümlədən, Bakını bürüyən qar-çovğuna aidiyyəti qurumların hazır olmamasına aparıcının tənqidi qeydləri anı məhz bu mənzərə ilə müşayiət edildi. Və elə o tənqidi süjetdən sonra təqdim olunan xəbər Bakı şəhər rəhbərliyinin imkansızlara yaratdığı şərait-sığınacaqlar və bu sığınacaqlara pənah gətirmişlərə göstərilən qayğı ilə bağlı aparıcının lid şərhi xəbəri daha da anlaşıqlı və maraqlı etdi.
Turan İbrahimov jurnalistin təqdim etdiyi süjetin üslubundan fərqli olaraq, öz nitqini daha çox danışıq dili, şifahi nitq üslubunda qurur. Bəlkə elə bu səbəbdəndir ki, digər aparıcılardan fərqli olaraq Turan İbrahimov studiyadakı telekameranın "suflyor" dediyimiz tamaşaçıdan "gizli" manitoruna qətiyyən baxmır. O, ancaq qarşısındakı vərəqdə bu anda hansı süjetin təqdim olunacağına baxıb da, əvvəlcədən yaddaşında hazırladığı öz fikrini təqdim edir. Turan İbrahimovun xəbər aparıcılığı üslubunda olan səmimiyyət çox bəyənilən və qəbul ediləndir. Bizə elə gəlir ki, ötənlərdən xeyli zəifləmiş "Space" televiziyasının "Space xəbər" informasiya proqramı öz yeni aparıcısı ilə qurumun reytinqinin yüksəlməsinə xidmət etməkdədir.
Günel MEHDİZADƏ



