Təhsil Nazirliyi övladının təhsil almaq istədiyi məktəbin ərazisi üzrə rəsmi qeydiyyatda olmayan valideynlərin uşaqlarının hansı halda həmin məktəbin birinci sinfinə qəbul olunduğunu açıqlayıb.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib ki, müəyyən məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bu halda qəbul üçün üstünlüklər üzrə kvota tətbiq olunur. Bu üstünlüyə uşağın digər bacı və qardaşının həmin məktəbdə oxuması, uşağın valideyninin həmin məktəbdə işləməsi və ərazidə yaşaması daxildir: "Üstünlük meyarlarının tətbiq olunduğu məktəbin birinci sinfinə qəbul müəyyən dövr ərzində ancaq üstünlüklərlə aparılır. Açılmış plan yerləri tam dolmadıqda bu üstünlüklər götürülür və digər ərazilərdən də uşaqların məktəbə qəbulu aparıla bilir". E.Kərimov əlavə edib ki, birinci sinfə qəbulla bağlı vətəndaşlara yardım göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşanlar bu mərkəzə müraciət edə biləcəklər. Onun sözlərinə görə, bu il bütün ölkə üzrə tədris digər dillərdə aparılan siniflərin birinci siniflərinə qəbul üçün müsahibələrin onlayn keçirilməsi planlaşdırılır.
O vurğulayıb ki, birinci sinfə qəbulun aprelin 2-ci yarısından başlanılması nəzərdə tutulur.
E.Kərimovun sözlərinə görə, birinci sinfə qəbul ötən illərdə olduğu kimi, bu il də elektron qaydada aparılacaq: "Tədrisi rus dilində aparılan lisey və gimnaziyalara qəbul iki mərhələli aparılır. Tədris digər dillərdə aparılan siniflərə qəbul üçün müsahibələr təşkil olunur. Müsahibələrin bu il ölkə üzrə onlayn olması planlaşdırılır. Müsahibədə uşağın tədris alacağı dil üzrə şifahi nitq bacarıqları yoxlanılacaq, ikinci mərhələ isə müsabiqə olacaq. İkinci mərhələdə təhsil müəssisələrinə xüsusi istedad tələb edən istiqamətlər üzrə müsahibələrin keçirilməsi təşkil olunacaq".