|
|
|
|

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı dahi Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il "Nizami ili" çərçivəsində növbəti onlayn mühazirə keçirib.
"Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz..."devizli" Nizami mühazirələri"nin dördüncü toplantısı 30 iyunda Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ilə birlikdə onlayn formatda baş tutub.
Onlayn tədbiri Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi və təbliğinin vacibliyindən bəhs edib. Nizami irsində təkcə Şərq ədəbi-mədəni dəyərlərin deyil, eyni zamanda Qərb ədəbi-mədəni dəyərlərin öz kamil sintezini tapmasından, Nizami yaradıcılığının klassik dövrün yeni mərhələsi kimi qiymətləndirilməsindən danışıb. Aran filialının keçirdiyi mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulayıb.
Sonra Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tarix elmləri doktoru, professor Habil Məmmədov "Nizamiyaradıcılığı tarix və etnoqrafiyanın öyrənilməsində mühüm mənbə kimi" mövzusunda mühazirə söyləyərək, şairin əsərlərində əks olunan tarixi faktlardan, toponimlərdən, dövlətçilik ənənələrindən, Sasani və türk hökmdarlarından, "İsgəndərnamə" poemasının önəmindən söz açıb. Eləcə də mühazirəçi, dahi şairin yaradıcılığındakı zəngin etnoqrafik məlumatları dinləyicilərin nəzərinə çatdırıb. Mühazirədə Nizami Gəncəvinin əsərlərində təsərrüfat, ailə məişət, mənəvi və maddi mədəniyyət məsələlərinə dair maraqlı fikirlər xüsusi olaraq vurğulanıb.
Tədbirin digər mühazirəçisi olan AMEA Milli Azərbaycan Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva "Nizami dövrü Azərbaycanda təhsil" mövzusunda mühazirəsində Azərbaycanda orta əsrlərdə islam mədəniyyətinin yayılmasında mühüm rol oynamış təhsil müəssisələri, o cümlədən, mədrəsələr haqqında məlumat verib. N.Əliyeva həmin dövrlərdə Azərbaycanda təsis edilmiş mədrəsələr və oradakı təhsil haqqında da danışıb.
Mühazirəyə Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin üzvləri, rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat və tarix müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar. MəruzəçilərNizami irsi ilə bağlı, dinləyiciləri maraqlandıran sualları cavablandırıblar.



