|
|
|
|
Azərbaycan məktəbliləri ötəb ilin 25 Sentyabr – 25 Oktyabr tarixlərində onlayn şəklində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak ediblər. Olimpiadada 37 ölkədən 278 iştirakçı fərdi və komanda yarışlarında öz bilik və bacarıqlarını sınayıb.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) 525.az-a verilən məlumata görə, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası ilk dəfə 2007-ci ildə Taylandda təşkil olunub. 2020-ci ildə qlobal pandemiyaya görə Beynəlxal Astronomiya və Astrofizika Olimpiadasının əvəzinə Qlobal Astronomiya və Astrofizika e-Yarışması (Global e-Competition on Astronomy and Astrophysics) baş tutub.
Ölkəmiz bu olimpiadaya 2007-ci ildən sonra ilk dəfə qatılıb və iştirakçılar Sirac Yəhyazadə, Ayhan Süleymanzadə, Murad Bəşirov, Hikmət Quliyev və Rəvan Quluzadə komanda yarışlarındakı uğurlarına görə həvəsləndirici diplom və iştirakçı sertifikatları ilə təltif olunublar.
İştirakçılar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Azərkosmos ASC tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Mükafatlandırma mərasimində TN RUGİM-in direktoru Firuzə Sultan-zadə, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətai, Təhsil İnstitutu İstedadlı Uşaqlarla İş şöbəsinin baş mütəxəssisi Qorxmaz Mustafayev, komanda rəhbəri Abdullah Bazarov və Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa iştirak ediblər.